Hörmətli müəllimlər və müəllimliyə namizədlər!
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) davamlı olaraq müəllimlərin MİQ imtahanlarına hazırlaşması üçün bir sıra işlər həyata keçirir. MİQ müsabiqəsindən öncə bir daha mövcud imkanları təqdim etmək istərdik.
Bu il ARTİ tərəfindən ümumi təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən müəllimlər üçün müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi hazırlanıb. Çərçivə sənədi 20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə edən məlumat kitabçasından ibarətdir. Daha ətraflı bu keçiddə tanış ola bilərsiniz https://bit.ly/3ooQlnx . Bununla yanaşı, 20 fənn, metodika ve pedaqogika üzrə müəllimlərin işə qəbulu və sertifikasiyası imtahanlarının məzmununu şərh edən, sual nümunələrini təqdim edən, eyni zamanda həmin suallar vasitəsilə qiymətləndirmə çərçivəsində namizədlərə qoyulan tələblərin necə ölçüləcəyi haqqında məlumat verən video çarxlar da ictimaiyyətə təqdim olunub. Daha ətraflı bu keçiddə tanış ola bilərsiniz https://bit.ly/3vMdWRM
Müəllimlərin və müəllimliyə namizədlərin çoxsaylı müraciətlərini nəzərə alaraq MİQ və Sertifikasiya ilə bağlı sınaq imtahanlarının təşkil olunmasına və il ərzində davam etdirilməsinə qərar verilib. Sınaq imtahanlarında iştirak könüllü və ödənişlidir. İmtahanda iştirakınız sizin MİQ və ya Sertifikasiya göstəricilərinizə təsir etməyəcək. Sınaq imtahanlarının keçirilməsində əsas məqsəd müəllimlərin işə qəbulu müsabiqəsinə və sertifikasiya imtahanına hazırlaşan namizədlərə dəstək göstərilməsi, həmçinin imtahan suallarının təhlili və aprobasiyasıdır. Sınaq imtahan suallarının tərtib olunmasına və nəticələrin təhlilinə yerli və xarici ekspertlər cəlb edilib, onlayn sınağın keçirilməsi üçün elektron sistemlər xidməti quraşdırılıb, sualların yazılması ödənişli əsaslarla həyata keçirilib, həm metodik, həm də texniki dəstək üçün çağrı mərkəzi yaradılıb və 30 nəfər əməkdaş bu işə cəlb olunub. Bütün qeyd olunan məqamları nəzərə alaraq sınaqların ödənişli əsaslarla həyata keçirilməsinə qərar verilib.
Nəzərinizə çatdıraq ki, onlayn MİQ sınaq imtahanları ilk dəfə olaraq həyata keçirilir. Bu səbəbdən müəyyən texniki məsələlər, digər fənlər, imtahanda iştirak haqqı və s. kimi məqamlara növbəti imtahanlar zamanı yenidən baxılacaq və rəyləriniz nəzərə alınacaq. Bundan əlavə, hal-hazırda sınaq imtahanları yalnız İbtidai təhsil, riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, ingilis dili, tarix, fizika, biologiya, coğrafiya, informatika və kimya fənləri üzrə keçirilsə də, yaxın gələcəkdə digər fənlər üzrə də sualların hazırlanması və sınaq imtahanlarının təşkil olunması planlaşdırılır.
Hər birinizə gələcək MİQ və Sertifikasiya imtahanlarında uğurlar arzu edirik.