Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ilə Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərlikləri arasında görüş keçirilib.
ARTİ-də baş tutan görüşdə Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev, prorektor Sübhan Namazov, Keyfiyyətin idarə olunması şöbəsinin müdiri Təhminə Yaqubova, ARTİ tərəfdən direktor Rüfət Əzizov, direktor müavini Nəcibə Mustafayeva, Təhsildə innovasiyalar şöbəsinin müdiri Abutab Abbasova və Təhsildə strateji tədqiqatlar proqramının rəhbəri Könül Abaslı iştirak ediblər.
ARTİ ilə AzTU arasında əməkdaşlıq yollarının genişləndirilməsi məqsədilə və təcrübə mübadiləsi imkanlarının yaradılması üçün birgə tədqiqat işlərinin aparılması, AzTU-nun tələbə və məzunlarının elmi tədqiqat işlərinin və innovasiyalarının tətbiqini genişləndirməsi, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli xidmətlər göstərməsi üçün ARTİ ilə birgə tədbirlərin həyata keçirilməsi müzakirə olunub.
Bundan əlavə, innovasiya fəaliyyətini stimullaşdıran elmi tədqiqat təsisatlarının yaradılması istiqamətində tədbirlərin görülməsi, ixtiraların nümunəvi istehsalının aparılması üçün elmi-istehsalat birliklərinin yaradılmasının stimullaşdırılması, AzTU-da tədrisin keyfiyyətinə nəzarət üzrə qiymətləndirmə və monitorinq sisteminin qurulması imkanları, tədqiqat işlərinin aparılması və keyfiyyətinin artırılması imkanları (Universitet-Sənaye İş Birliyi kontekstində) və tədqiqatla bağlı tədrisin pillələri arasında əlaqələrin qurulması imkanları müzakirə edilib.
Görüşün sonunda sənaye ilə AzTU əməkdaşlığının gücləndirilməsi məqsədilə birgə 3 tədqiqat işinin aparılması, texnologiya transferi şöbəsinin fəaliyyətinə, sahibkarlıq mühitinin formalaşdırılmasına və tədqiqat menecerlərinin yetişdirilməsinə dəstək, həmçinin ARTİ tərəfindən icra olunan “STEAM Azərbaycan” layihəsi çərçivəsində tələbələrə təlimlər, layihələrin idarəolunması, mühəndislik kurikulumlarının təkmilləşdirilməsi, SABAH Magistratura Proqramının tətbiqinin davamlı monitorinqinin aparılması çərçivəsində əməkdaşlıq haqqında razılıq əldə olunub.