“Məktəbəqədər təhsil müasir tədqiqatlar çərçivəsində” adlı vebinar keçirilib

Tarix: 18.06.2021
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 90 illik yubileyi ilə əlaqədar olaraq 2021-ci ilin aprel ayından etibarən “Təhsil İnstitutu – 90” adlı vebinarlar silsiləsinə start verib. Vebinarlar silsiləsinin növbəti tədbiri 17 iyun 2021-ci il tarixində “Məktəbəqədər təhsil müasir tədqiqatlar çərçivəsində” mövzusunda keçirilib.

Vebinarda spiker qismində ARTİ-nin Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Laləzər Cəfərova və ARTİ tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinin rəhbəri İlahə Rəsulova çıxış ediblər.

Laləzər Cəfərova çıxışında məktəbəqədər təhsilin mövcud vəziyyəti və quruluşu ilə bağlı aparılan tədqiqatlar haqqında məlumat verib. Məktəbəqədər təhsilin ölkəmizdə əhəmiyyəti və qarşıda duran vəzifələr barədə danışarkən məktəbəqədər təhsil sisteminin inkişafının dövlət siyasətinin mühüm istiqaməti olması vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasında məktəbəqədər təhsil sisteminin konsepsiyası erkən uşaqlıq təhsilinin nəzəri əsaslarını təklif edir, onun funksiyaları, strategiyası, məqsədi, prinsipləri, inkişaf hədəflərini və məktəbəqədər təhsildə istifadə olunan təlim texnologiyalarının xüsusiyyətlərini müəyyənləşdirir. L.Cəfərova bildirib ki, ARTİ tərəfindən məktəbəqədər təhsil ilə bağlı bir sıra tədqiqatlar aparılıb. Aparılan tədqiqatlar “Ailədən və məktəbəqədər təhsil müəssisələrindən gələn uşaqların hazırlıq səviyyələrinin müəyyənləşdirilməsi”, “Beşyaşlıların məktəb təliminə hazırlanması üzrə işin vəziyyəti və yaxşılaşdırılması istiqaməti”, “Məktəbəhazırlığın 1-ci siniflərdə şagird nailiyyətinə təsiri”, “İcma əsaslı məktəbəqədər təhsil” və digər mövzuları əhatə edib.

Daha sonra çıxış edən İlahə Rəsulova 0-5 yaş aralığında məktəbəqədər təhsilin vacibliyi haqqında danışıb. O qeyd edib ki, bu yaş dövründə beynin zehni, fiziki, sosial-emosional baxımdan sürətlə inkişaf etməsi, müsbət davranış, diqqət, sevgi və sağlam mühitin uşağın daha pozitiv inkişafına təsiri, beynəlxalq qiymətləndirmələrin nəticələrinə əsasən məktəbəqədər təhsillə şagird nailiyyəti arasında müsbət əlaqənin mövcudluğu diqqət yetirilməli vacib məqamlardır.

4-cü sinif şagirdləri arasında keçirilən PIRLS – Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqa­tın nəticələrinə əsasən məlum olur ki, şagirdlərin oxuyub anlama qabiliyyətinə bir sıra faktorlar təsir göstərir. İ.Rəsulova bildirib ki, bunlardan biri də məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlb olunmasıdır. ARTİ tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi haqqında məlumat verən spiker icma əsaslı təhsil mərkəzlərinin uşaq bağçalarının iqtisadi baxımdan effektiv modeli olduğunu diqqətə çatdırıb. Uşaq bağçalarının kiçik modelini təqdim edən layihənin əsas məqsədi məktəbəqədər təhsilə cəlb olunanların sayını artırmaq və valideynlərin uşaqların həyatında rolunu təşviq etmək, valideyn ilə məktəb arasında əlaqələri yaxşılaşdırmaqdır. Hal-hazırda 500 icma əsaslı məktəbəqədər təhsil mərkəzləri fəaliyyət göstərir.

Tədbirin sonunda spikerlər vebinar iştirakçılarının suallarını cavablandırıblar.

Tədbirdə 150-ə yaxın ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçı, doktorant və dissertant, magistr, məktəb rəhbəri və digər pedaqoji sahələrdə çalışan şəxs iştirak edib.