“Elektrik mühəndisliyinin gələcək perspektivləri” mövzusunda vebinar keçirilib

Tarix: 22.06.2021
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu, Bakı Mühəndislik Universiteti və “2019-2023 Dövlət Proqramı”nın birgə təşkilatçılığı ilə ölkədə mühəndislik ixtisaslarının təbliği məqsədilə vebinarlara start verilib. 21 iyun 2021-ci il tarixində “Elektrik mühəndisliyinin gələcək perspektivləri” mövzusunda ilk vebinar keçirilib.

Vebinarda spiker qismində Fuad Soltanov çıxış edib. O, bakalavr təhsilini Türkiyənin Dokuz Eylül Universitetinin Elektrik və elektronika mühəndisliyi fakültəsində, magistr dərəcəsini isə İngiltərənin Bath Universitetində alıb. Onun neft-qaz sənayesində dəniz qurğuları və quru qurğularındakı elektrik sistemləri və avadanlıqları üzrə mühəndis elektrik kimi 11 il, əməliyyat risklərinin auditoru vəzifəsində isə 4 il təcrübəsi var.

Spiker çıxışı zamanı neft-qaz sənayesində dəniz qurğuları və quru qurğularından, energetiklərin perspektivlərindən bəhs edib. İnformasiya texnologiyaları sahəsində inkişaf, qlobal istiləşmə proqnozları və karbon qazı tullantılarının azaldılması öhdəlikləri barədə çıxış edən Fuad Soltanov, həmçinin elektrik enerjisindən qənaətlə istifadədən də danışıb. Azərbaycanda energetika sahəsində hansı mütəxəssislərə daha çox ehtiyac olduğunu vurğulayan spiker mühəndis elektrikdən gözlənilən göstəriciləri qeyd edib. Vebinar zamanı bərpa olunan enerjidən elektrik enerjisi əldə olunması və bu sahədə texnologiyanın inkişafı, ənənəvi avtomobillərin elektrik mühərrikli avtomobillərlə sürətlə əvəzlənməsi, batareya sistemləri, elektrik şəbəkəsində stabilliyin artırılması və elektrik enerjisinin daha sonra istifadə üçün saxlanılması kimi mövzulara toxunulub. İkinci Qarabağ müharibəsində qazanılan qələbə və işğaldan azad olunan ərazilərlə bağlı planlar, modul tipli kiçik elektrik enerjisi istehsalı stansiyaları və digər mühüm məqamlar qeyd olunub.

Daha sonra tədbirdə BMU-INHA İkili Diplom Proqramının rəhbəri Humay Cəfərli və Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər köməkçisi Könül Bədəlova çıxış ediblər. Humay Cəfərli çıxışında Azərbaycanda ali təhsil müəssisələrində ikili diplomların təsis olunmasından, eyni zamanda Bakı Mühəndislik Universitetinə qəbul şərtlərindən danışıb. Vebinarın moderatoru Könül Bədəlova “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə aid olan “Təmiz ətraf mühit” və “Yaşıl artım” ölkəsi haqqında məlumat verib.

Vebinarın sonunda spiker tədbir iştirakçılarının suallarını cavablandırıb.

Vebinarın videoqeydiyyatını izləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz.