Yay məktəbində STEAM dərsləri tədris olunur

Tarix: 23.06.2021
Paylaş:

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində təşkil olunan “Yay məktəbi” davam edir.

“Yay məktəbi”nin proqramına Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən başladılan və Təhsil İnstitutu tərəfindən icra olunan “STEAM Azerbaijan” layihəsinin tədris mövzuları da daxil edilib. Sözügedən mövzulara STEAM metodologiyaları, proqramlaşdırma modulu: mikrobit platforması, rəqəmsal incəsənət modulu: 3D modelləşdirmə və 3D çap/3D qələm, mühəndislik modulu: elektrik mühəndisliyi, layihələrin hazırlanması: mühəndislik dizayn prosesi daxildir.

Qeyd edək ki, STEAM dərsləri ölkə üzrə ümumi təhsil müəssisələrinin  VI-X sinif şagirdləri üçün nəzərdə tutulub.

Nəzərinizə çatdıraq ki, “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilir. “Yay məktəbi” iyunun 16-dan 30-dək davam edəcək.