23 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “COVID-19 dövründə Avropa İttifaqında məktəblər e-öyrənməni necə gücləndirir?” mövzusunda TAIEX (Avropa İttifaqının texniki yardım və informasiya mübadiləsi aləti) təlimləri start götürüb.
Təlimlərin keçirilməsində əsas məqsəd Azərbaycanda distant təhsil zamanı effektiv təlim strategiyaları, akademik nailiyyətləri zəifləyən şagirdləri dəstəkləmə yolları, o cümlədən qiymətləndirmənin şagirdə yönəlmiş və obyektiv yollarının öyrənilməsi və qarşılıqlı fikir mübadiləsidir.
Təlimlərə ekspert qismində Finlandiya Milli Təhsil Agentliyinin təhsil müşaviri Pirjo Annikki Koivula və Litvanın Milli Təhsil Agentliyinin direktor müavini Dr. Asta Ranonyte dəvət olunub. Ekspertlər effektiv təlim strategiyalarından istifadə edərək şagirdlərlə necə ünsiyyət qurmaq və onlar üçün cəlbedici onlayn öyrənmə mühitini yaratmaq haqqında fikirlərini bölüşüblər.
Təlimlərin ilk günündə ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov açılış nitqi ilə çıxış edib. Təlim iştirakçılarını və ekspertləri salamlayan M.Məhərrəmov COVID-19 pandemiyası zamanı həm təhsilalanların, həm də təhsilverənlərin qarşılaşdığı çətinliklər barədə danışıb. Pandemiya səbəbilə bütün sahələrdə, o cümlədən təhsildə qarşıya çıxan problemlərə çevik cavab verən, operativ qərarlar verən ölkələrdən birinin də Azərbaycan olduğu vurğulanıb. Qeyd olunub ki, verilən qərarlar həm insanların sağlamlığının qorunması, həm də təhsilin keyfiyyətinin təmin olunması baxımından effektiv olub. Bu istiqamətdə görülən işlər eyni vəziyyətdə olan qabaqcıl ölkələrin və beynəlxalq təhsil sisteminin təcrübəsi nəzərə alınaraq həyata keçirilib. COVID-19 pandemiyası zamanı beynəlxalq təcrübədə distant təhsilin təşkili və gücləndirilməsi ilə bağlı metodların öyrənilməsi üçün TAIEX təlimlərinin təşkil edildiyi bildirilib. Təlimlərin mövzuları seçilərkən təhsil işçilərinin pandemiya zamanı qarşılaşdıqları çətinliklərlə bağlı fikirləri öyrənilib, sorğular keçirilib və əldə olunan rəylərə əsasən qərar verilib. Eyni zamanda, şagirdlərin qiymətləndirilməsi zamanı həm texniki baxımdan təşkilati məsələlər, həm də obyektivliyin qorunmasının təmin edilməsi ilə bağlı ortaya çıxan problemlərin həlli diqqət mərkəzində saxlanılır. O, sözügedən məsələlərlə bağlı beynəlxalq təcrübəni bölüşdükləri üçün ekspertlərə təşəkkür edib və təlim iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra çıxış edən Pirjo Annikki Koivula qlobal olaraq məktəblərin bağlanması ilə bağlı statistik məlumatları təqdim edib. Ekspert Finlandiyada bununla bağlı dövlət tərəfindən verilən qərarları səsləndirib. Təhsil müəssisələri tərəfindən pandemiya zamanı təhsildə müstəsna tənzimləmələrə dair təlimatların hazırlanmasının əhəmiyyəti qeyd edilib. Tədrisin təşkili zamanı avadanlıqların, məlumat vasitələrinin və materialların mövcudluğu və əlçatanlığı, müxtəlif vəziyyətlərdə məktəb yeməklərinin təşkili üçün planların hazırlığı, qurumların tələbə rifah qrupları, tələbə rifahı xidmətlərinin (məktəb səhiyyəsi, məktəb psixoloqunun və məktəbin sosial işçisinin xidmətləri) necə təşkil ediləcəyi və böhran idarəetmə planlarının müasir tələblərə uyğunluğu, məktəblərin distant təhsil rejimində olduğu təqdirdə təlimə necə dəstək veriləcəyi barədə planları, bu istiqamətdə təhsil qurumlarına verilən tövsiyələr diqqətə çatdırılıb.
Dr. Asta Ranonyte isə təhsil sisteminin COVID-19 pandemiyasının kritik vəziyyətinə reaksiyası, distant öyrənməyə keçidin xüsusiyyətləri, məktəblərə, müəllimlərə, şagirdlərə, valideynlərə göstərilən dəstək xidmətləri, məktəblərin yenidən açılması ilə bağlı çıxış edib. COVID-19-un təsirləri barədə danışan ekspert beynəlxalq təcrübədə onlayn təhsilə mərkəzləşdirilmiş yanaşma, balanslaşdırılmış proqram təminatı, aralıq qiymətləndirmə və COVID-19 sonrası təhsil prosesinə təsir ilə bağlı hazırlanmış yardımçı xidmətlərdən bəhs edib. O, distant təhsildə rəqəmsal proseslərin şaxələndirilməsi, qapanmanın yaratdığı imkanlar, virtual təlim mühiti üçün lisenziyalar, rəqəmsal məzmun, uğurlu distant öyrənmə meyarları, distant öyrənmə prosesinin məhdudiyyətləri haqqında ətraflı məlumat verib. Hibrid təhsil barədə danışarkən 2021–2027-ci illər üçün Avropa Komissiyasının Rəqəmsal Təhsil Planında təhsilin keyfiyyəti və əlçatanlığı amilinin mühümlüyü qeyd olunub.
Tədbirə ARTİ-nin əməkdaşları və məktəb müəllimləri olmaqla ümumilikdə 100-ə yaxın iştirakçı qatılıb. Təlimlər 24 iyun tarixinə qədər davam edəcək.