Azərbaycan Respublikasının Təhsil İnstitutu “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi” adlı layihə çərçivəsində keçirilən sorğunun növbəti nəticələrini təqdim edir. Qeyd etmək lazımdır ki, Tİİ fəaliyyətlərinin vəziyyətinin monitorinqi və qiymətləndirilməsi məqsədilə keçirilən sorğuda 20 ali təhsil müəssisəsi (13-ü Təhsil Nazirliyinə, 6-sı digər nazirliklərə tabe, 1-i özəl olmaqla) iştirak edib.
Ali təhsil müəssisələri-Dövlət əməkdaşlığını araşdırmaq məqsədilə həyata keçirilən sorğunun nəticələri ilə aşağıdakı infoqrafikalarda tanış ola bilərsiniz.
Araşdırmalar göstərir ki, sorğuda iştirak edən 19 universitetin 35-40%-i qanunvericilik aktlarının, yeni hüquqi aktların və yeni milli strategiyaların hazırlanmasında və ya məsləhətləşməsində iştirak etmir.
Ali təhsil müəssisələrinin dövlət strukturları ilə daha sıx əməkdaşlığının təmin olunması, qanunvericiliyə dair müvafiq sənədlərin və strategiyaların hazırlanması proseslərinə daha yaxından cəlb olunması aidiyyəti sahə üzrə fəaliyyətləri daha effektiv edə bilər.
Nəzərinizə çatdıraq ki, Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi layihə 2018-ci ilin oktyabr ayı ilə 2020-ci ilin may ayı arasında olan dövrü əhatə edib. Layihənin həyata keçirilməsində əsas məqsəd ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların strategiyası və idarəedilməsinin gücləndirilməsi olub.