ARTİ Tədqiqat Mentorluq Proqramının mentorları

Tarix: 05.07.2021
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən icra olunan ARTİ Tədqiqat Mentorluq Proqramına seçilən mentorların bir qismi haqqında ətraflı məlumatı diqqətinizə çatdırırıq. Nəzərinizə çatdıraq ki, davamlı olaraq həyata keçirilməsi planlaşdırılan proqramda iştirak üçün 21 nəfər mentor seçilib. Proqramda iştirak edən mentorlar ümumi təhsil, peşə təhsili və ali təhsilin müxtəlif istiqamətləri üzrə tədqiqat işlərinə rəhbərlik edəcəklər.

Fariz Hüseynov

Memfis Universitetindən maliyyə üzrə doktorantura və Ball State Universitetindən MBA magistr dərəcəsi alıb.

Şimali Dakota Dövlət Universitetinin Biznes fakültəsinin maliyyə üzrə professorudur. Korporativ maliyyə, investisiyaların idarə edilməsi və beynəlxalq maliyyə üzrə bakalavr və magistr dərsləri deyir. Empirik korporativ maliyyə, korporativ idarəetmə və beynəlxalq maliyyə sahələrində elmi araşdırmalar aparır. Elmi məqalələri “Journal of Corporate Finance”, “Review of Corporate Finance Studies”, “Financial Management” və “The International Review of Economics and Finance” kimi tanınmış maliyyə jurnallarında dərc olunub. Eyni zamanda, Şimali Dakota Dövlət Universitetinin “Challey” Qlobal İnnovasiya və Artım İnstitutunun post-konflikt dövründə maliyyə-iqtisadi inkişaf mövzuları üzrə araşdırmaçısıdır. Universitetin Biznes fakültəsinin tədris, araşdırma və ictimai işlər üzrə mükafatlarını alıb. Universitetdə müxtəlif məsul komissiyalarda, eyni zamanda universitetin tələbə investisiya portfelinin idarə olunması üzrə məsləhətçisi kimi fəaliyyət göstərib.

Hazırda şirkətlərin maliyyə strukturu, korporativ vergi və maliyyə bazarlarının informativliyi mövzuları üzrə məqalələr işləyir.

Rima Məmmədova

Bakalavr dərəcəsini Azərbaycan Dillər Universiteti və magistr dərəcəsini Azərbaycan Dövlət İqtisad Universitetində qazanıb. Portuqaliyanın Minyo Universitetində doktorantura təhsili alıb. 2018-ci ildə Macarıstanın Peç Universitetinə daxil olub və hal-hazırda həmin universitetdə doktorantura təhsilini davam etdirir.

Xəzər Universitetində layihə meneceri, həmçinin Xəzər Universitetində fəaliyyət göstərən Əlilliyi olan Tələbələr üçün Mərkəzin koordinatoru vəzifəsində çalışıb. Hal-hazırda Macarıstanda fəaliyyət göstərən Azərbaycan Peç Cəmiyyətinin vitse prezidenti və Peç Universitetində fəaliyyət göstərən “Yaçay” tədqiqat qrupunun koordinatorudur. Macarıstan Fəlsəfə Doktoru namizədlərinin Assosiasiyasında Azərbaycanı təmsil edən səfirdir. Müxtəlif yerli və xarici tədbirlərdə (görüşlər, təlimlər, seminarlar, konfranslar) həm iştirakçı, həm də məruzəçi kimi iştirak edib və sertifikatlar alıb.

Tural Məmmədov

Bakalavr dərəcəsini Qafqaz Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində, magistratura dərəcəsini isə Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda Beynəlxalq İqtisadi Münasibətlər üzrə qazanıb. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda Ekonometrika sahəsi üzrə doktorantura təhsili alıb.

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Baş mütəxəssis, Dövlət İmtahan Mərkəzinin Magistratura proqramıda Statistika, Mikroiqtisadiyyat və Makroiqtisadiyyat fənləri üzrə ekspert, Qafqaz Universitetində Ehtimal Nəzəriyyəsi və Riyazi Statistika və İqtisadiyyat fənləri üzrə tədrisçi, Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Fakültəsi və MBA proqramında Statistika fənni üzrə tədrisçi, Azərbaycan Universitetinin BBA və MBA proqramında Ehtimal Nəzəriyyəsi və Riyazi Statistika, İqtisadiyyat və Biznes Statistikası  fənləri üzrə tədrisçi, Xəzər Universitetində Statistika fənni üzrə tədrisçi, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda Böyük elmi işçi, Dünya Bankında Statistik təhlil üzrə təlimçi, Xəzər Universiteti və UNICEF-in “Potensial Məktəb Direktorları” layihəsində Statistik təhlil üzrə təlimçi, Dövlət Gömrük Komitəsinin Akademiyasında Statistika və Ekonometrika fənləri üzrə tədrisçi, “Azerlex Group”, “Data City” və INNAB şirkətlərində təlimçi olaraq çalışıb.

Sovqat Əzimova

Azərbaycan Dillər  Universitetinin Tərcümə fakültəsinin İtalyan dili (tərcüməçi) ixtisasına qəbul olub, bu müddət ərzində İtaliya dövlət təqaüdünə layiq görülərək Perucia Universitetində “İtalyan dili və mədəniyyəti” ixtisası üzrə təhsil alıb. “2007-2015 Dövlət Proqramı” məzunudur. Magistratura təhsilini İngiltərənin Bristol universitetində “Xüsusi və inklüziv təhsil” ixtisası üzrə bitirib.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində layihə mütəxəssisi olaraq çalışır.

2019-cu ildə ADA Universitetində keçirilən 4-cü Beynəlxalq Təhsil Konfransında “İnklüziv məktəbəqədər təhsil” mövzusunda apardığı tədqiqat işini təqdim edib. İnklüziv təhsil, icma əsaslı məktəbəqədər təhsilin inkişafı, müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması kimi mövzular maraq dairəsindədir.

Zaur Əfəndiyev

Bakalavr və magistr təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Psixologiya fakültəsində alıb.

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsində 3 il pedoqoji fəaliyyət göstərib. Hal-hazırda Sosial Tədqiqatlar Mərkəzinin İctimai rəyin öyrənilməsi departamentində  aparıcı məsləhətçi kimi çalışır. Bir neçə beynəlxalq tədqiqat araşdırmalarında iştirak edib.  Müxtəlif mövzularda beynəlxalq elmi konfranslarda çıxışları olub. 20-ə yaxın elmi nəşrin müəllifidir.