Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) əməkdaşları regionlarda metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə bölgələrə səfərlərini davam etdirir.
Növbəti görüşlər 5 iyul 2021-ci il tarixində start götürüb. 9 iyul tarixinə qədər davam edəcək görüşlər Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Daşkəsən və Samux rayonları üzrə metodik kabinetlərin əməkdaşları ilə keçirilir.
MDM-in əməkdaşları adıçəkilən rayonlar üzrə 80-ə yaxın metodik kabinet əməkdaşı ilə fərdi şəkildə görüşüb, elektron təqdimatlarla tanış olublar. Görüşlər zamanı metodistlərin müxtəlif məzmunda sualları cavablandırılıb, təklif və ehtiyaclar qeyd edilib.
MDM tərəfindən bu formatda görüşlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulub.