“İKT bacarıqlarından səmərəli istifadə (Microsoft Word)” mövzusunda vebinar keçirilib

Tarix: 29.07.2021
Paylaş:

ARTİ-nin Metodik Dəstək Mərkəzi (MDM) 29 iyul 2021-ci il tarixində metodik kabinet əməkdaşları üçün növbəti vebinarını keçirib. Hansı mövzularda vebinarların keçirilməsinə ehtiyac olduğunu öyrənmək məqsədilə metodistlərlə öncədən sorğu keçirilib və bu sorğunun nəticələrinə uyğun olaraq “İKT bacarıqlarından səmərəli istifadə (Microsoft Word)” mövzusu səs çoxluğu ilə üstünlük təşkil edib.

Təşkil olunan vebinarda metodistlərə informasiya, ötürülmə tarixi və yolları, informasiya texnologiyaları və məqsədləri, internet və əsas xidmətləri, internet-müasir dövrün informasiya texnologiyası, dünyanın ən populyar mətn redaktor proqramı, Microsoft Office proqramı və əsas üstünlükləri haqqında geniş izahatlar verilib. 

Vebinarda Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Qobustan, Hacıqabul, İmişli, Cəlilabad, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Şamaxı, Şirvan, Sumqayıt, Yardımlı, Ağsu, Ağdam, Bərdə, Füzuli, Qubadlı, Cəbrayıl, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Şuşa, Tərtər və Zəngilan rayon və şəhərləri üzrə metodistlər iştirak ediblər.  

150-ə yaxın metodistin qoşulduğu vebinarda spiker qismində MDM-in Əlaqələndirmə şöbəsinin aparıcı mütəxəssisi Fidan Abasova çıxış edib.

Nəzərinizə çatdırmaq istəyirik ki, iştirakçı sayının çoxluğu nəzərə alınaraq vebinarın iki növbədə təşkili nəzərdə tutulub. Növbəti vebinarın 30 iyul tarixində keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, metodik kabinetlərin iş fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması məqsədilə MDM tərəfindən davamlı seminarların keçirilməsi nəzərdə tutulub.