10 avqust tarixində ARTİ-nin “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinin birinci seçim mərhələsinin imtahanı keçirilib.
ARTİ-nin Metodik Dəstək Mərkəzi tərəfindən 14-31 iyul tarixlərində layihədə iştirak üçün qeydiyyatdan keçən namizədlərin CV-ləri araşdırılıb və uyğun gələn namizədlər imtahana dəvət olunub. Namizədlər metodika, pedaqogika və uşaq psixologiyası mövzuları üzrə hazırlanmış 60 sualı 100 dəqiqə vaxt müddətində cavablandırıblar.
Qeyd edək ki, imtahanda istifadə edilən test tapşırıqlarının əhatə etdiyi mövzular proqram şəklinə salınaraq iştirak hüququ əldə edən namizədlərə elektron poçt vasitəsilə öncədən göndərilib. İmtahandan uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsinin tarixi və yeri haqqında iştirakçılara elektron poçt vasitəsilə məlumat veriləcək.
Nəzərinizə çatdıraq ki, “Səriştəli metodist” layihəsində müsahibə mərhələsinə keçid balını iştirakçıların göstərdikləri imtahan nəticələri müəyyənləşdirəcək. Birinci mərhələnin imtahanlarının nəticələri ilə bağlı cavablar bu həftə ərzində bəlli olacaq.
31 iyul-15 avqust tarixlərində müraciət edən namizədlərə məlumatlar elektron poçt vasitəsilə göndəriləcək.