Məktəbdə qısnama (bullying) ilə mübarizə aparmağın yolları

Tarix: 12.08.2021
Paylaş:

Qısnama (bullying) məktəb yaşlı uşaqlarda geniş yayılan davranış pozuntusudur. Ölkəmizdə bu mövzu yetərincə araşdırılmadığından müəllim, valideyn və şagirdlərin əksəriyyəti prosesin içində olsalar da, bunun fərqində olmurlar. Çünki çox vaxt valideyn və müəllimlər uşaqlar arasındakı bu cür münasibətləri adi konflikt olaraq görür, zamanla özlərinin həll edəcəklərini düşünürlər. Təəssüf ki, bəzən  adi konflikt kimi görünən münaqişələr zamanla qısnamaya çevrilir. Qısnama adi konfliktlərin  davamlı  təkrarlanması və alışqanlığa çevrilməsi ilə müşahidə olunur.

ABŞ-da 12-18 yaşlı gənclər (yeniyetmələr)  arasında aparılmış sorğuya əsasən, onların 30%-i qısnama ilə üzləşmişdir. 20%-i isə yüngül və ya ağır olmaqla qısnama törətdiyini etiraf etmişdir. Maraqlı cəhət burasındadır ki, qısnamanı törədən şagirdlər bunu etiraf etməyə olduqca istəkli görünmüşlər. UNESCO Statistika İnstitutuna görə dünya gəncliyinin 1/3-i qısnamaya məruz qalır. Dünya ölkələrinin sıralamasında ən az Tacikistanda (7%), ən çox isə Samoada (74%) müşahidə olunur. İnkişaf etmiş ölkələrdə sosial-iqtisadi status qısnamanın əsas səbəbidir. Bu ölkələrdə yerli əhali ilə müqayisədə qaçqın ailələrindəki uşaqlar qısnamaya daha çox məruz qalırlar.

Qeyd edək ki, qısnama ilə təkcə məktəbdə deyil, universitet, ailə, iş və sosial həyatda da rastlaşa bilərik. Bizim mövzumuz məktəblərdə üzləşdiyimiz qısnama, onun yaranmasının səbəbləri və mübarizə yolları haqqındadır.