“Səriştəli metodist” adlı vebinar keçirilib

Tarix: 13.08.2021
Paylaş:

ARTİ-nin Metodik Dəstək Mərkəzi (MDM) 13 avqust 2021-ci il tarixində metodik kabinet əməkdaşları üçün növbəti vebinarı təşkil edib.

Daha öncə metodik kabinet müdirləri və metodistlər üçün vebinarların mövzularının müəyyən olunması məqsədilə metodik kabinet əməkdaşları arasında sorğu keçirilib. 429 nəfər metodik kabinet əməkdaşı arasında keçirilən sorğuya əsasən müəyyən olunan mövzulara uyğun olaraq “Səriştəli metodist” adlı vebinar keçirilib.

200-dən artıq metodistin qoşulduğu vebinarda spiker qismində MDM-in Əlaqələndirmə şöbəsinin baş mütəxəssisi Aygün İsgəndərova çıxış edib.

İştirakçıları salamlayan A.İsgəndərova vebinara “Səriştəli metodist hansı biliklərə sahib olmalıdır?” adlı sorğu ilə start verib. Vebinar iştirakçılarının fikirləri dinlənildikdən sonra spiker səriştəli metodist üçün tələb olunan vacib biliklər haqqında danışıb. O qeyd edib ki, ixtisas savadlılığ, hüquqi savadlılıq, İKT bilik və bacarıqları metodistin peşəkar fəaliyyətinin təmin olunması üçün mühüm amillərdir. Bundan əlavə, ünsiyyət, tənqidi düşüncə, komanda ilə işləmək və liderlik bacarıqları səriştəli metodistin əsas bacarıqlarından olmalıdır. Spiker çıxışında səriştəli metodistin peşəkarlığı ilə yanaşı, mentalitet, dözümlülük, səmimiyyət, multikulturalizm, humanizm, dürüstlük və düzgünlük kimi milli və mənəvi dəyərlərə də sahib olmasının mühümlüyünü vurğulayıb. Qeyd olunub ki, işinin peşəkarı olan və daim öz üzərində çalışan metodist fəaliyyəti ilə şagird nailiyyətlərini və cəmiyyət arasında metodistin nüfuzunu artırır.

Vebinarda Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Qobustan, Hacıqabul, İmişli, Cəlilabad, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Şamaxı, Şirvan, Sumqayıt, Yardımlı, Ağsu, Ağdam, Bərdə, Füzuli, Qubadlı, Cəbrayıl, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Şuşa, Tərtər, Zəngilan, Ağdaş, Balakən, Qəbələ, Qax, Göyçay, Quba, Qusar, İsmayıllı, Xaçmaz, Xızı, Mingəçevir, Naftalan, Oğuz, Şabran, Şəki, Siyəzən, Ucar, Yevlax, Zaqatala, Zərdab, Gəncə, Ağstafa, Gədəbəy, Qazax, Goranboy, Göygöl, Şəmkir, Samux, Tovuz, Daşkəsən şəhər və rayonları üzrə metodik kabinet əməkdaşları iştirak ediblər.  

Qeyd edək ki, metodik kabinetlərin iş fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması məqsədilə MDM tərəfindən davamlı seminarların keçirilməsi nəzərdə tutulub.