Elektron məzmunun yaradılması istiqamətində təlimlərin sertifikatları təqdim olunub

Tarix: 18.08.2021
Paylaş:

“Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün təhsil informasiya sisteminin yaradılması” texniki yardım layihəsi çərçivəsində təhsil işçiləri üçün təşkil olunan təlimlərin beynəlxalq sertifikatları təqdim olunub. 

Qeyd olunan proqramda iştirak edən müdavimlər üçün sertifikatların təqdim olunması mərasimi Koreyalı mütəxəssislərin iştirakı ilə ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzində keçirilib. 

Qeyd edək ki, Azərbaycan və Koreya hökumətləri arasında həyata keçirilən təlim proqramına 35 nəfər iştirak hüququ qazanıb. Təlim proqramının məqsədi effektiv onlayn təhsilin təmin edilməsi üçün elektron məzmunun yaradılması istiqamətində Koreya təcrübəsindən faydalanmaqdır.

İştirakçılar təlimdə onlayn təhsil üçün tədris strategiyası və  təlim proqramlarının yazılması, hekayə lövhəsinin hazırlanması və dizaynı, video dərslərin çəkilişi və montaj olunması kimi nəzəri və praktik biliklərə yiyələniblər. Təlim proqramını uğurla bitirən və beynəlxalq sertifikat əldə edən təhsil işçiləri təlimdə qazanılan biliklər əsasında elektron məzmunların yaradılmasında iştirak edəcəklər. 

Təlimlər Azərbaycanda ARTİ və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin birgə dəstəyi ilə keçirilib.