ARTİ tərəfindən “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsinin icrasına başlanılıb

Tarix: 21.08.2021
Paylaş:

Layihə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Layihənin məqsədi inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsini genişləndirərək Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək olmaq və inklüziv təhsil sahəsində məktəblərdə kadr potensialını artırmaqdır. Bu məqsədlə 7 regionda 8 ümumtəhsil məktəb müəyyənləşdirilib. Sözügedən məktəblər Bakı, Sumqayıt, Gəncə, Şəki, Şirvan şəhərləri və Quba, Qazax rayonlarında yerləşir.

Layihə boyunca bütün benefisiarların (psixoloji-tibbi-pedaqoji komissiyaların üzvləri, məktəb heyəti, şagirdlər, valideynlər və s.) inklüziv təhsil sahəsində maarifləndirilməsi nəzərdə tutulub. Məktəblərdə xüsusi təhsil üzrə mütəxəssislərin mövcudluğu əlilliyi olan şagirdlərlə bağlı düzgün fəaliyyət istiqamətinin seçilməsinə və çətinliklərin aradan qaldırılmasına, müəllimlər arasındakı əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.

Qeyd edək ki, məktəblərdə mentorluq fəaliyyətinin təşkili layihənin uğuruna müsbət təsir göstərəcək.