Böyük siniflərin idarə edilməsi yolları

Tarix: 31.08.2021
Paylaş:

Böyük siniflərdə (şagird sayı çox olan) tədrislə bağlı problemlər fiziki, psixoloji və texniki ola bilər. Belə siniflərdə müəllimlər fiziki yorğunluq hiss edə bilərlər. Bunlara bilmədən yüksək səslə danışmaq, kiçik siniflərdə olduğundan daha tez-tez və ya daha uzun məsafədə hərəkət etmələri aid ola bilər. Psixoloji olaraq bəzi müəllimlər, xüsusilə şagirdlərini öncədən tanımayan və şagirdlərinin onlardan nə gözlədiyini bilməyən müəllimlər şagirdlərlə qarşılaşmaqdan çəkinirlər. Texniki cəhətdən müəllimlər şagirdlərin eşitməyi və aydın görməyi üçün avadanlıqlardan düzgün istifadə etməyi bilməlidir. Bu cür sinif avadanlıqlarından qeyri-kafi istifadə şagirdlərin dərsdən qalmasına və ya dərsə maraqlarının azalmasına səbəb olur. Böyük siniflərdə şagirdlərin monitorinqi və tapşırıqların yoxlanması kimi məsələlərdə müəllimləri daim narahat edir.

Bütün bunları nəzərə alaraq böyük siniflərdə tədris problemini aşağıdakı kimi ümumiləşdirə bilərik:

· Narahatlıq – siniflərdə kifayət qədər yer olmadığı üçün şagirdlərin qarşılıqlı fəaliyyətə təşviq edilə bilinməməsi və çoxsaylı fiziki məhdudiyyətlərin tətbiq edilməsi;

· Nəzarət – böyük siniflərdə baş verənlərin idarə edilməsində yaranan çətinliklər, şagirdlərin nizam-intizama riayət etməməyi və siniflərin çox səs-küylü olması;

· Fərdi diqqət – fərdi olaraq şagirdlərin ehtiyaclarına laqeyd yanaşılması;

· Qiymətləndirmə – şagirdlərin ev tapşırıqlarının, yazı işlərinin, qiymətləndirmə testlərinin yoxlanmasının uzun vaxt aparması və burada yaranan çətinliklər;

· Öyrənmə effektivliyi – bütün şagirdlərin məzmunu mənimsəməsinin tam təmin edə bilinməməsi, kimin nə öyrəndiyini müəyyənləşdirməyin çətin olması.

Böyük siniflərin effektiv idarəçiliyi şüurluluq, səbr, vaxtdan düzgün istifadə, məhdudiyyət təyin edə bilmək və instinkt tələb edir. Diqqəti asanlıqla yayınan, müxtəlif bacarıqlara və xarakterlərə malik şagirdlərdən ibarət olan bir qrupa liderlik edə bilmək üçün tədris zamanı effektiv sinif idarəçiliyini təmin edən aşağıdakı texnikalardan istifadə oluna bilər:

1. Şagirdlərinizlə maraqlana bilmək üçün əvvəlcə özünüzə qayğı göstərin.

Effektiv öyrənmə üçün şagirdlərinizin əvvəlcə sizin sağlam olmağınıza ehtiyacı var. Çoxsaylı araşdırmalar göstərir ki, özünə qayğı göstərmək enerjinizi azaldacaq və qərarlarınıza mənfi təsir edəcək stresi azaldır. Özünüzə qayğı göstərməyiniz sinif idarəetmə strategiyasıdan çox öz sağlamlığınız üçün tətbiq etdiyiniz bir vərdiş olsa da, faydaları arasında özünü idarəetmə bacarığı, yüksək empati bacarığı, daha çox rahatlılıq və davamlılıq var. Bütün bu keyfiyyətlər sinifdə qarşılaşa biləcəyiniz çətin situasiyalarda daha yaxşı qərarlar verməyinizi təmin edir.

2. Şagirdlərdə onların hamısını tanıdığınıza əminlik yaradın.

Şagirdlərin adlarını sürətli öyrənib onlarla danışarkən və ya sual ünvanlayarkən adları ilə müraciət edin. Hər bir şagirdin individual (fərdi) olaraq bəzi şəxsi məlumatlarını (ailəsi, maraqları, və s) qeyd edin və daha sonra söhbət zamanı bu haqda suallar verin. Şagirdlərinizin sizin onların hər birini tanıdığınıza heç bir şübhələrinin olmaması çox vacibdir.

3. Materialların effektiv idarə edilməsi sistemini yaradın.

Sinfinizdə şagird sayı nə qədər çoxdursa, materialların problemə çevrilmə ehtimalı da o qədər yüksəkdir. Əgər paylama materiallarından istifadə edirsinizsə, çox sayda hazırlamalısınız. Onları otaq daxilində şagirdlərə paylamaq böyük bir əməliyyat kimi görünə bilər.


Ev tapşırıqlarının, testlərin və yazıların toplanması və çeşidlənməsi çox çətin ola bilər. Şagirdlər sizi qələm, kağız, silgi və s. üçün dəftərxana ləvazimatı tədarükçüsü olaraq görərlərsə, bütün dərsi onların ehtiyaclarını həll etməklə keçirəcəksiniz. Materialları idarə etmək üçün güclü sistemlər qurmağa çalışın. Buna nümunə olaraq, məsuliyyət rollarından istifadə edə və ya şagirdlərə xüsusi tapşırıqları müntəzəm olaraq yerinə yetirməyi öyrədə bilərsiniz (məsələn, materialları hər zaman arxa cərgəyə paylaylayaraq, birini götürmək və qalanını öz sıralarından irəli ötürmək). Kitabların və materialların saxlanılması üçün aydın şəkildə işarələnmiş sahələr qurun ki, şagirdlər orda əşyalarını toplaya bilsinlər. Eynilə şagirdlərin tapşırıqlarını təhvil vermələri üçün sahələr yaradın.



 

4. Otağa diqqətlə göz gəzdirin.

Sinif otağının darıxdırıcı görünməməsi üçün müxtəlif yollar düşünün. Bununla bağlı özünüzə suallar verə bilərsiniz. Məsələn, daha az izdihamlı hiss olunmsı üçün partaların düzülüşünü necə dəyişdirə bilərəm? Necə edə bilərəm ki, otaqda görüşmək, hərəkət etmək, yerdə oturmaq kimi fəaliyyətlər üçün açıq yer yaratmaq mümkün olsun? Eşitmək və ya görməkdə çətinlik çəkən şagirdlərin problem yaşamamaları üçün uyğun yerdə yerləşdirildiyindən əmin olun. Zəif şagirdlərə kömək etmək üçün asanlıqla onlara çata biləcəyiniz formada qruplaşdırmağı düşünün. Şagirdləri otağı yaxşılaşdırmaq üçün öz fikirlərini təklif etməyə dəvət edin.

5. Şagirdlərə sistemli olmağı öyrədin.

Şagirdləri daha mütəşəkkil olmağa, öyrənməyi öyrənməyə, onlara daha müstəqil olmağın yollarını göstərməyə və hər şeyi izah edən müəllimdən daha az asılı olmağa vərdiş etdirin. Bu mövzuda şagirdlərlə fərdi söhbətlər aparın.

6. Qaydaları, məhdudiyyətləri və gözləntiləri müəyyən edin.

Şagirdlər xaotik mühitdə uğurlu ola bilməzlər. Onların özlərini təhlükəsiz hiss etmələri, dərsə fokuslanmaları üçün nizam-intizama və stabilliyə ehtiyacı var. İlk ildən davranış qaydalarını müəyyən edin və hər kəsin, müəllim də daxil olmaqla, o qaydalara əməl etməyə səy göstərməyindən əmin olun.



 

Söz verdiyiniz mükafatları və nəticələri həyata keçirin. Bir şey deyirsinizsə, bu mövzuda həqiqətən ciddi olun. Sinifdəki ab-havanı siz müəyyən edirsiniz. Müəllim kimi münasibətiniz sinifdəki əhval-ruhiyyəni və mühiti müəyyən edir. Sakit və məhsuldar bir sinif istəyirsinizsə, bunu şagirdlərinizə əks etdirən sizsiniz. Qaydaları tutarlı bir şəkildə qəbul etdirmək son dərəcə önəmlidir, lakin bütün sinif içində etməməyiniz daha vacibdir. Belə məqamlarda “Səninlə bunu daha sonra danışarıq” – ifadələrindən istifadə edin. Bu yolla şagirdinizin yanlışına diqqət çəkmiş, ancaq nüfuzunu zədələməmiş olarsınız.

7. Güc əsaslı bir yanaşma tətbiq edin.

Ən çətin şagirdinizi ən sevdiyiniz şagird halına gətirmə yollarını araşdırın. Onlarla əlaqə qura bildiyinizdə hər şey daha asan hala gəlir. Əlbəttə, bunu etmək sadə deyil. Problemin mənbəyini tapın. Uğur qazanmaq istəməyən şagird yoxdur. Əgər pis davranırlarsa, bunu bir körpənin ağlamağına bənzətmək olar və bu onların dünyalarında nəyinsə tərs getməsi deməkdir. Diqqət çəkmək üçün pis davranırlarsa, nəyə görə diqqətə ehtiyac duyduqlarını və ehtiyaclarını qarşılamağın bir yolunu tapın.



 

Bağlarınızı gücləndirməyə davam etməyi unutmayın, vəziyyətin fərqində olun və dildən düşüncəli bir şəkildə istifadə edin. Çətinlik çəkən şagirdlərin uğurlarına təəccüblənməyin. “Vauu! İnana bilmirəm!” – demək əvəzinə – “Səninlə qürur duyuram, amma təəccüblənmədim. Edə biləcəyini hər zaman bilirdim” – demək daha yaxşıdır.

Mədəni fərqliliklər bir şagirdin uğurlu olub – olmayacağı mövzusunda gözləntilərimizə şüursuz olaraq təsir edə bilər. Buna görə ağlınıza gələ biləcək hər hansı bir stereotip və qərəz üzərində düşünməyiniz çox önəmlidir. Heç bir şagirdinizə çatışmazlığı olduğu üçün “rəhbərliyə” ehtiyacları var kimi baxmayın. Mədəni fərqliliklər, mədəni əskikliklər demək deyildir.

8. Bütün vaxtınızı intizam məsələlərinə bağlamayın.

Bəzən böyük bir sinifdə o qədər çox şey olur ki, müəllim bütün vaxtını intizam problemlərinin həll olunmasına sərf etmək məcburiyyətində olur. Bu kimi məsələlər üçün vaxt itkisini minimuma endirən sadə bir həll tapın.

9. Şagirdlərə “fərdi söhbət” vaxtı təyin edin.

Böyük bir sinifdə şagirdlər müəllimlə fərdi söhbət etmək şansının olmadığını hiss edə bilərlər. Hər bir şagirdin sizinlə danışa biləcəyi vaxtları təklif edin. Bu, həftədə bir dəfə dərsdən yarım saat sonra və ya hətta dərs saatı ərzində ola bilər. Bu zaman həftə ərzində sizinlə danışmaq istəyən hər şagirdə beş dəqiqəlik vaxt ayıra bilərsiniz.



 

10. Valideynləri öyrənmə prosesinə daxil edin.

Hər bir şagirdin kiminsə uşağı olduğunu unutmayın. Valideynlər uşaqlarının yaxşı tərəflərini görə bildiyinizi eşitmək istəyirlər. Evə göndərdiyiniz hesabatda həm müsbət, həm də mənfi davranışlardan bəhs edin. Xüsusilə, müsbət davranışları bildirmək çox önəmlidir. Valideynlərə gələcək hadisələr və şagird inkişafı ilə bağlı məlumatları bildirmək üçün elektron poçt, mesaj və ya zəng vasitəsilə əlaqə qura bilərsiniz. Şagirdlərin müsbət davranışlarını gördükdə valideynlərinə bildirin. Valideynlərlə əlaqə qurmağın faydaları sinifdə də öz əksini tapır. Valideynlərin öyrənmə prosesinə daxil olması və sinifdə baş verənləri bilmələri böyük önəm kəsb edir. Beləcə, valideynlər evdə uşaqlarının ehtiyac duyduğu mövzuda dəstək ola bilərlər.

Ayşə İsmayılova

Metodik Dəstək Mərkəzi

Azərbaycan Respublikasının Təhsil İnstitutu

Ədəbiyyat:

1. Jim Scrivener, “Classroom management techniques”, 2012.

2. https://www.edutopia.org/article/5-principles-outstanding-classroom-management

3. B. Larson, T. Keiper, “Instructional strategies for middle and secondary social studies: methods, assessment and classroom management”, 2011