“İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi üzrə təlimlərin icrasına başlanılıb

Tarix: 02.09.2021
Paylaş:

ARTİ, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi üzrə təlimlərin icrasına başlayıb.

İlk təlimlər 23-25 avqust 2021-ci il tarixlərində inklüziv təhsil tətbiq olunacaq şəhər və bölgələrin psixoloji-tibbi-pedaqoji komissiyalarına keçirilib. 37 nəfər komissiya üzvünün iştirak etdiyi 3 günlük təlimlərdə inklüziv təhsil, əlillik, əlilliyi olan uşaqların funksionallığına dair Beynəlxalq Təsnifat, o cümlədən inklüziv siniflərdə təlim-tədris prosesinin təşkili qaydaları müzakirə edilib.

Bununla yanaşı, təlimlər zamanı iştirakçılara layihə haqqında məlumat verilib və layihəyə cəlb olunacaq mütəxəssislərin vəzifələri, layihədə rolu, həmçinin əlilliyi olan uşaqların valideynləri ilə iş kimi mövzular əhatə edilib.

Sözügedən təlimlərin əlilliyə tibbi yanaşmanın aradan qaldırılmasını və sosial modelin tətbiqinə xidmət etməklə daha çox uşağın inklüziv təhsilə cəlb olunmasını təmin edəcəyi gözlənilir.

Bundan əlavə, “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda keçirilmiş 36 akademik saatlıq təlimdə ümumilikdə 63 nəfər məktəb heyəti iştirak edib. 26-31 avqust 2021-ci il tarixlərində keçirilmiş 6 günlük təlimlərdə inklüzivlik və inklüziv təhsilin əsasları, əlillik və əlilliyə tibbi və sosial yanaşma, uşaqyönlü pedaqogika, universal öyrənmə dizaynı, inklüziv dərslərin planlaması kimi mövzular müzakirə olunub.

Çoxsaylı interaktiv oyunların keçirildiyi bu təlimlərdə, həmçinin əsas sinif strategiyaları, diferensiallaşdırma və inklüziv siniflərdə qiymətləndirmə mövzuları da əhatə edilib və inklüziv təhsilin həyata keçirilməsində müəllim, valideyn, icma və digər tərəfdaşlar arasında əməkdaşlığın əhəmiyyətinin olduqca vacib olduğu vurğulanıb.