1 oktyabr 2021-ci il tarixində keçiriləcək Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun növbəti spikeri Norsvest Universitetinin fəxri professoru, tədqiqatçı, yazıçı və bestseller müəllifi Filip Kotleri təqdim edirik.
Cənab Kotler dünyanın ən qabaqcıl marketinq mütəfəkkirlərindən biri hesab edilir. Dünya şöhrətli professor ilk dəfə olaraq Azərbaycan auditoriyası qarşısında “Təhsilin inkişafında əsas məqamlar” adlı təqdimatla çıxış edəcək.
O, 50 ildən çox müddətdə Norsvest Universitetinin Kellogg Menecment fakültəsində dərs deyib. Professorun “Marketinqin idarə olunması” kitabı dünyada ən çox istifadə edilən marketinq dərsliyidir. Cənab Kotler 1956-cı ildə Çikaqo Universitetində magistiratura, Masaçusets Texnologiya İnstitutunda doktorantura təhsili alıb. Dünyanın 22-dən çox universitetinin fəxri adlarına layiq görülüb. 80 kitabın, o cümlədən, 150-dən çox elmi məqalənin müəllifidir. “Ford”, “IBM”, “General Electric”, “AT&T”, “Bank of America”, “Merck”, “Motorola” və digər şirkətlərdə məsləhətçi olub.
Xatırladaq ki, forumda iştirak ödənişsizdir. Çıxışlar Azərbaycan dilinə tərcümə olunacaq. Arzu edən iştirakçılara beynəlxalq sertifikat veriləcək. Qeydiyyatdan keçmək üçün müvafiq linkə keçid edə bilərsiniz: https://payment.tnetwork.az/
Forumda iştirak üçün qeydiyyat 20 sentyabra qədər davam edəcək.
Qeyd edək ki, beynəlxalq forum ARTİ və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə onlayn təşkil edilir.
“Təşəbbüsdən tətbiqə” başlığı altında baş tutacaq forum virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, 21-ci əsrin bacarıqları və davamlı inkişaf mövzularını əhatə edir.