“E-ticarət və tələb etdiyi bilik-bacarıqlar” adlı vebinar keçiriləcək

Tarix: 15.09.2021
Paylaş:

ARTİ Sizi, 22 sentyabr 2021-ci il, saat 19:00-da “E-ticarət və tələb etdiyi bilik-bacarıqlar” adlı vebinarda iştirak etməyə dəvət edir. Tədbir “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi çərçivəsində baş tutacaq.

Tədbirin spikeri Amazon şirkətinin Avropa Birliyi üzrə mərkəzində biznes analitik vəzifəsində çalışan Yaşar Əhmədov olacaq. Yaşar Əhmədov 2007-2011-ci illərdə Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTÜ) “Sənaye mühəndisliyi” ixtisası, 2013-2015-ci illərdə Finlandiyanın Vaasa Universitetində “Sənayenin idarə edilməsi” ixtisası, 2020-2021-ci illərdə isə Massaçusetts Texnologiya İnstitutunda “Təchizat zəncirlərinin idarə edilməsi” ixtisası üzrə təhsil alıb. O, dünyanın ən böyük kimya istehsalçısı BASF şirkətinin Sumqayıtdakı zavodunda anbardar, «Karbamid  zavodu» layihəsində məsləhətçi (konsultant), Nestle şirkətində azsaylı yerli mühəndislərdən biri kimi çalışıb. Daha sonra BASF şirkətinin Sumqayıt şəhəri üzrə istehsalat müdiri və Dubay şəhərində istehsalın planlaşdırılması üzrə mütəxəssis kimi də işləyib.

Vebinar təhsil idarəçiləri, işçilər, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. Azərbaycan dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək üçün 20 sentyabr 2021-ci il tarixinədək bu linkdə qeydiyyatdan keçməyiniz xahiş olunur: https://forms.office.com/r/Dpba0HE4md