“İbtidai siniflərin I və II sinifləri üçün yeni “nəsil” Riyaziyyat dərslik komplekti: innovativ quruluş, məzmun və təlim metodikası” adlı vebinar keçirilib

Tarix: 16.09.2021
Paylaş:

ARTİ 15 sentyabr tarixində “İbtidai siniflərin I və II sinifləri üçün yeni “nəsil” Riyaziyyat dərslik komplekti: innovativ quruluş, məzmun və təlim metodikası” adlı vebinar təşkil edib.

Vebinarın moderatoru ARTİ-nin Tədris resursları şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rasim Abdurazaqov, spikerlər yeni “nəsil” I və II siniflər üçün Riyaziyyat dərslik komplektinin müəlliflər qrupunun rəhbəri, riyaziyyat üzrə fəlsəfə doktoru Zaur İsayev və dərslik komplektinin həmmüəllifi, Bakı şəhəri Zəngi liseyinin ibtidai sinif müəllimi İlahə Rüstəmova olub.

Açılış nitqi ilə çıxış edən Rasim Abdurazaqov bildirib ki, “Riyaziyyat” dərslik komplektinin hazırlanmasında əsas məqsəd yeni məzmun, yanaşma metodikası və müxtəlif həyati situasiya xarakterli ölçü alətləri ilə zənginləşdirilmiş iş dəftərləri vasitəsilə şagirdlərdə riyazi savadlılıq səriştəsinin formalaşdırılmasına nail olmaqdır.

Spikerlərdən Zaur İsayev çıxışında beynəlxalq qiymətləndirmədə şagirdlərimizin tapşırıqlara cavablarında nə kimi problemlərin yarandığı, riyaziyyat fənni üzrə məzmun standartlarının müqayisəsi zamanı hansı fərqlərin aşkar edil­diyi barədə danışıb. Həmçinin, o, riyaziyyat fənni üzrə dərslik konsepsiyasında dərsliyin quruluş və məzmu­nunda hansı fərqli elmi-metodik həyati situasiya yanaşmalarının olduğunu da qeyd edib.

İlahə Rüstəmova isə həm müəllif, həm də təcrübəli müəllimi kimi bu dərslik əsasında təlimin təşkilində hansı çətinliklərin yarandığı və onları aradan qaldırmaq üçün müəllimlərə nə kimi tövsiyələr edildiyi haqqında danışıb. O, şagirdlərin dərslikdə verilən həyati məzmunlu məsələlərin həllində aktivlik göstərdiyini deyib.

Qeyd edək ki, ARTİ hazırlanmış bu dərslik komplektinin respublika üzrə 270-dən çox sinfində iki il pilot sınağını təşkil edib.

Canlı yayımı izləyə bilməyənlər üçün vebinarın videosu ARTİ-nin “Facebook” səhifəsində təqdim olunub. Videoya keçid etmək üçün: https://bit.ly/39bO5JG