I. Bədii yaradıcılığın funksiyası
Azərbaycan dili fənninin kurikuLum çərçivəsindən məlumdur ki, rabitəli nitqin formalaşdırılması ümumi nitq təliminin əsas istiqamətlərindən biridir. Nitqin formalaşdırılması üçün təlimin təşkilinin əsas vəzifələri bunlardır:
Rabitəli nitqi inkişaf etdirməyin asan və səmərəli yolu nəqletmə və hekayə qurmaqdır. Nəqletmə zamanı şagird hazır nitq nümunəsinə əsaslanır:
Şagirdin vəzifəsi – hazır tərtibatı pozmadan mətni yadda saxlamaq və nəql etməkdir.
Müstəqil hekayə qurma isə nitqin ali növüdür. Şagird öz fikirlərini rabitəli şəkildə ifadə edərkən:
Rabitəli nitqin hər iki növü paralel inkişaf edir. Mətni danışma bacarığı dioloji nitqin çatdırılması və təhkiyənin nəql edilməsi əsasında inkişaf edir. Müstəqil yaradıcılıq bacarığı isə – şagirdin şəxsi təcrübələrinə aid olan hadisələri danışması sayəsində qazanılır. Uşaqlarda fərdi monoloji nitqin formalaşması üçün onlar mütəmadi olaraq danışığa sövq edilməlidir. İstər müəllim, istər valideyn tərəfindən uşaqların monoliji nitqinin inkişafı daim diqqət mərkəzində saxlanmalıdır. Monoloji nitqi qurmaq bacarığı müsahibə aparmaq, yəni dialoq qurmaq vasitəsilə mənimsədilə bilər. Bunun üçün şagirdlərlə daha çox ünsiyyətdə olmağa çalışın. Onları müxtəlif mövzularda danışmağa cəlb edin. Bu zaman danışmaq imkanını daha çox onlara verin. Kiçik müsahibinizi diqqətlə dinləyin, onların problem və maraq dairələrinin sizin üçün əhəmiyyətli olduğunu hiss etdirin. Siz uşağı onu dinləmək istədiyiniz zaman danışdıra bilərsiniz. Beləliklə də, uşaqlar öz hekayələrini böyüklərlə paylaşmağa maraq göstərər.
Hekayə üzrə yazı fəaliyyətinin qarşısında duran əsas vəzifələr bunlardır:
1. Şagirdə hekayəni düzgün qurmağı öyrətmək: təhkiyəni məntiqi ardıcıllıqla yürütmək şərti ilə sözə girişdən başlamaq bacarığını formalaşdırmaq;
2. Hekayənin hissələrini zaman ardıcıllığıyla əlaqələndirməyi öyrətmək;
3. Hadisələrə öz münasibətini hiss etdirərək canlı, ifadəli danışmağı öyərtmək;
4. Obrazlı nitqi inişaf etdirmək;
5. Predmet, hərəkət və əlamətəri adlandırmaq üçün dəqiq sözlərdən istifadə etmək vərdişini qazandırmaq;
6. Cümləni düzgün qurmaq bacarığını formalaşdırmaq.
Dərsdə kiçik bir hekayə yazdırmaqla şagirdə böyük bacarıqlar qazandırmaq olar.
İbtiai siniflərdə süjetli rəsmlər əsasında hekayə qurmaq üçün əsas addımlar
Şagirdə hekayənin zaman və məntiqi ardıcıllığını öyrətmək üçün süjetli illüstrasiyalardan, yəni komikslərdən istifadə etmək səmərəlidir.
Bu zaman şagirdə təklif olunur ki, şəkillərə əsaslanaraq hekayə qursun. Rəsmlər hekayənin planı rolunda çıxış edir. Əvvəldən sona qədər hadisələrin ardıcıllıqla təsvir olunmasını təmin edir. Süjetə daxil olan hər bir rəsm əsasında şagird bir və ya iki cümlə qurur. Bu cümlələr rabitəli mətni təşkil edir. Şagird ardıcıllıqla verilmiş rəsmlər əsasında hekayəni qurmağı öyrəndikdən sonra ona başqa bir fəaliyyt təklif oluna bilər. Rəsmlərin ardıcıllığını özü müəyyən etsin. Sonra onların əsasında həkayəsini qursun.
Hekayənin süjeti aydın və uşağın anlaya biləcəyi mövzuda olmalıdır. Personajlar ya uşaq obrazları, yaxud da uşaqlların sevimli qəhrəmanlarından ola bilər. Uşaqları rəsmlər əsasında hekayə qurmağa alışdırmaq üçün fəaliyyət alqoritminə nəzər salaq:
1. Əgər rəsmdə ilin fəsli aydın təsvir olunubsa, onun əlamətlərini söyləmək lazımdır. Məsələn, “Şaxtalı, soyuq qış gəldi. Qar yağdı. Ağaclar ağappaq kürklərinə bürünmüşdür. Gün işıldayır, lakin isitmir.“ Hətta rəsmdə bu əlamətlər dəqiq verilməsə də, onları təsvir etmək tövsiyə olunur.
2. Rəsmdə təsvir olunan situasiyaya giriş etmək üçün “bir dəfə, bir bazar günü, bir günəşli gündə, altıncı gün… “ və s. bu kimi dəqiq fadələrindən istifadə etmək tövsiyə olunur.
3. Bütün personajara adın verilməsi önəmlidir. Personajları qız, oğlan, pişik və s. adlandırmaq uyğun deyil. Persionajlar danışır və onların hər birini dialoqda danışdırmaq vacibdir. Söhbətin intonasiyasını da müəyyənləşdirmək tövsiyə olunur. Bu, hekayəyə emosional rəng verir.
5. Bütün qəhrəmanları hərəkətdə təsvir etmək uyğundur. Hərəkət bildirən fərqli feillərdən istifadə etmək lazımdır.
6. Rəsmin məzmunundan kənara çıxmaq da səmərəlidir. Şagirdlə bərabər “Sonra nə baş verdi?”, “Qəhrəmanların başına nə gəldi?”, “Rəssam çəkməyi unudub, amma biz düşünə bilərikmi?” kimi suallara cavab tapmaq şagirdin təxəyyülünü genişləndirər. Bu təsəvvürləri mətnə əlavə etmək mətni şagirdin yaradıcı hekayəsinə çevirər. Mətnin bu əlavəsi üç-dörd cümlədən ibarət olsa da, belə fəaliyyət çox önəmlidir.
7. Bütün bunlardan sonra rəsmə ad verilir. Məsələn, “Mən öz hekayəmi “Soyuq günəş” adlandırıram”, “Mənim hekayəm “Qarlı qış” adlanır” və s..
8. Hətta rəsmdə təsvir olunmuş situasiyaya qədər baş vermiş hadisələri xəyal etmək və danışmaq olar.
9. İbtidai sinifdə hekayəni 10-12 cümlədən ibarət qurmaq qənaətbəxşdir.
Şagirdlərə hazır şəkilli süjetlər əsasında hekayə qurmaq vərdişi qazandırdıqdan sonra müstəqil rəsm yaradıcılığı vasitəsilə hekayə yazmaq fəaliyyətini həyata keçirmək olar.
Uşaqlar nağıl və yaxud nağıl qəhrəmanları uydurmağı sevirlər. Sevimli qəhrəmanları ilə bağlı yeni seriyalar düşünməkdən zövq alırlar. Valideynləri də bu əyləncəyə cəlb edərək hər hansı bir qəhrəmanın yeni macəralarını yaratmağı tövsiyə edin. Uşaqla birgə rəsmli hekayə hazırlamağı təşkil edin. Məsələn, hekayənin süjeti qurulur, vaideyn onu yazır, uşaq isə süjetə uyğun rəsmlər çəkə bilər və yaxud əksinə.
Bütün bunlar şagirdin rabitəli nitqini inkişaf etdirmək üçün səmərəli fəaliyyətlərdir. Mətn qurmağa marağı olmayan şagirdləri işə cəlb etmək üçün müxtəlif əyləncəli üsullar düşünə bilərsiniz.
Şagirdləri hekayə yazmağa stimullaşdırmaq üçün bu tövsiyələr də sizin üçün səmərəli ola bilər:
1. Şagirdlərə ailə üzvlərini, dostlarını təəccübləndirmək, sevindirmək üçün hekayə qurmağı təklif edin.
2. Müsabiqə təşkil edin: kim daha yaxşı hekayə düşünə biləcək?
3. Şagirdlərə hekayə mövzusunu seçməkdə kömək edin.
4. Hekayənin müxtəlif variantlarını yaratmağı təklif edin. Onları bərabər müzakirə və müqayisə edin.
5. Hekayədə vasitəsiz nitqdən istifadə etməyi öyrədin.
6. Şagirdi düşündüyü nağıl, hekayə, əhvalata görə təqdir edin.
Mətnin digər bir tipi təsvir olduğu üçün şagirdlərə təsviri bədii mətn tərtib etməyi öyrətmək də fənnimizin qarşısında duran vəzifələrdən biridir. Hekayə mətnində, adətən, təsvirə yol verildiyi kimi, ayrıca olaraq təsviri hekayə də yazmaq olar.
Təsviri hekayə nədir? Bu, müəyyən bir predmet haqqında, onun əlamətləri, əhəmiyyəti, harada və necə istifadə ediləcəyi haqqında hekayədir. Təsviri hekayə yazdıqda təsvir edilən əlamətləri ardıcıllıqla sadalamq üçün şagirdin əsaslanacağı sxem olmalıdır.
Şagird predmeti öyrənmək üçün ona toxunmaqla, əyani nəzərdən keçirməklə, qoxulamaqla, mümkün olduğu şəraitdə dadına baxmaqla müşahidə etməlidir. Hər hansı predmetin təsvirini yaratmadan öncə şagird mümkün lamisə orqanları vasitəsilə predmeti öyrənməlidir. Yalnız o zaman şagirdin mətni gerçəkliyi əks etdirər, predmetin hərtərəfli təsvirini ifadə edə bilər.
İbtidai siniflərdə hekayə və ya nağıl yazma üsulları
Bəzən belə suallar eşidirsiniz? Üzməyi öyrənmək üçün nə etmək lazımdır? Və yaxud, velosiped sürmək üçün nə lazımdır?
Bu sualların qeyri-adi cavabını gözlədiyiniz anda, adətən, şablon cavablar alırsınız. Üzməyi öyrənmək üçün üzmək lazımdır, həmçinin velosiped sürməyi öyrənmək üçün velosiped sürmək lazımdır.
Bəs şagirdin hekayə yaza bilməsi üçün nə lazımdır? Təbii ki, yazmaq deyəcəksiniz. Amma yalnız əlinə qələm götürüb yazmaq kifayət edirmi? Əlbəttə ki, üzməyi bilməyən adamı hovuza atıb “üz” deyə bilmədiyimiz kimi, şagirdə də eyni cür davrana bilmərik. Bu məqamda istər üzmək olsun, istər yazmaq, öyrətmək üçün bizə onun texnikası ilə işləmək lazım gəlir.
Şagirdlərə hekayə yazmağı öyrətmək üçün nələr etməliyik?
Bədii mətnin yazdırılması müəyyən mərhələlərlə aparılır:
Uşaqların nağıl yazma bacarıqlarını formalaşdırmağın əsas üsullarından biri müəllim tərəfindən təklif edilən istənlən bir mövzuda yazmaq və ya müəllimin söylədiyi hekayənin sonunu davam etdirməkdir.
Hekayə yazmaq fəaliyyətinin hazırlıq mərhələsində şagirdlərə nağıl yazdırmaq üçün uşaqların bildikləri nağıllar əsasında oyunların keçirilməsi məqsədəuyğundur. Məsələn, “Göyçək Fatma” və s. nağılların qəhrəmanlarını təsvir etmək və yaxud, məzmunca yaxın nağılların süjetini müqayisə etmək təklif oluna bilər.
Bunlardan başqa, modelləşdirmə əsasında oyunlar təşkil etmək olar. Məsələn, uşaqlar nağıl qəhrəmanlarının abstrakt fiqurlarını yaradırlar. Həmçinin müxtəlif predmetlər seçərək situasiyalar düşünürlər. Ümumiləşdirmə üzrə oyuna isə belə bir fəaliyyət nümunə ola bilər: uşaqlar sehirli əşyaların təhlili əsasında yeni predmetlər düşünürlər.
Nağıl yazmağı öyrətmək üçün səmərəli üsullardan biri də dinlənilən bir hadisənin sonunun davam etdirilməsidir. Bu üsulu tətbiq edərkən müəllimlər əsas süjet kimi müxtəlif tapmacalar, atalar sözü, məsəllərdən istifadə edə bilərlər. Atalar sözləri və məsəllər məzmunca çox qısa süjet forması kimi düşünülə bilər. Bu üsul şagirdlərin öz həyat təcrübələrindən hekayə yazmaları üçün səmərəli hesab edilir. Məsələn, “Balıq tutmaq istəyən quyruğunu suya sallamalı”. Müəllim şagirdlərə nağılın başlığını oxuyur və ardını davam etdirməyi təklif edir. Şagirdləri atalar sözünün ideyasını öz həyat hekayələri ilə uyğunlaşdırıb süjet qurmağa istiqamətləndirmək lazımdır.
Nağılların giriş formulları və qaravəllilər də uşaqların oyununda səmərəlidir. Uşaqlar tanış sayaçı sözlər vasitəsilə hadisəni asanlıqla davam etdirə bilirlər.
Tapmacaları taparkən uşaqların diqqətini obrazlı ifadələrə yönəltmək lazımdır. Bu zaman müəllim şagrdlərə onları analiz etməkdə kömək etməlidir. Sonra onlara süjet qurmağı təklif etməlidir. Məsələn, hamının bildiyi məşhur “Hamını bəzər, özü lüt gəzər” tapmacası vasitəsilə nağılın girişi təklif edilə bilər: “Biri var idi, biri yox idi. Məmləkətdə məşhur bir dərzi var idi. Hamıya gözəl paltarlar tiksə də, öz əynində heç vaxt təzə paltar olmazdı”. Beləliklə, şagirdlər öz təxəyyüllərini inkişaf etdirirlər.
Hekayə yaradıcılığında zəncir adlanan üsul da çox maraqlıdır. Bu üsuldan, əsasən, kollektiv olaraq hekayə mətni qurmaq üçün istifadə edilir. Üsul belə tətbiq edilir: uşaqlardan biri istənilən bir söz səsləndirir. Digəri başqa bir söz söyləyərək həmin sözləri əlaqələndirməklə hekayənin bir cümləsini qurur. Məsələn, sözlərdən biri “pişik”, digəri “ayıdır”, nəticədə cümlə belə qurulur: “Bir dəfə pişik yolda ayıya rast gəlir”. Üçüncü uşaq “meşə” sözünü deyir və cümləni qurur: “Onlar birlikdə meşəyə getməyə qərar verirlər”. Sinifdəki bütün uşaqlar oyunda iştirak etməklə zənciri davam etdirərərək nağılı yekunlaşdırırlar.
Başqa bir üsula baxaq. Öncə iki təsadüfi söz seçilir, onlar məntiqi əlaqə baxımından bir-birindən tamamilə ayrı sözlərdir. Sonra bu sözlərə qrammatik şəkilçilər və yaxud qoşma artırmaqla onların mümkün bütün variantlarda söz birləşmələri düşünülür. Bu ifadələrdən qeyri-adi olanı seçilir. Bu metod nəinki hekayənin qurulmasında, həmçinin şagirdin söz bazasının artırılmasında səmərəidir. Alınan qeyri-adi söz birləşməsi nağılın mövzusu yerində çıxış edə bilər. Məsələn, “pişik” və “balqabaq” sözlərini seçmək olar. Beləliklə, müxtəlif söz birləşmələri alınır:
“Sehirli üçbucaq” üsulu vasitəsilə isə şagirdlər konflikt xarakterli süjetə malik hekayələr qurmaq bacarığına yiyələnirlər. Bu zaman şagirdlər nağıllarda hər zaman xeyirin qalib gəldiyini öyrənirlər. Xeyir və şərin konfliktində isə üçüncü tərəfin – sehrli qüvvənin iştirak etməsini müşahidə edirlər. Bu kolliziyaları üçbucaq şəklində təsvir etmək olar. Üçbucağın bucaqlarında xeyir, şər və sehirli qüvvə qəhrəmanları təsvir olunur. Üçbucağın içində isə bu personajları birləşdirən situasiyanın təsviri yerlşdirilir.
Yuxarı sinif şagirdləri üçün süjetli yazı fəaliyyətləri
Yaradıcı yazı yuxarı sinif şagirdləri üçün həm inanılmaz dərəcədə əyləncəli, həm də inanılmaz dərəcədə qorxuducu görünə bilər. Bu, onlar üçün ona görə əyləncəlidir ki, formal inşa yazmaq kimi fəaliyyətə fasilə verirlər.
Şagirdlər yazı, yaradıcılıq və təsəvvür etmə bacarıqlarından əmin olmadıqda isə bu, onlar üçün çox qorxulu görünə bilər. Yaradıcı fikirlərin yaranması və prosesin qorxulu görünməməsinə kömək etmək üçün orta məktəb şagirdləri üçün də səmərəli üsullardan istifadə etmək tövsiyə olunur.
Üsullarla tanış olaq:
Sadə poeziya: Hayku – 17 hecalı yapon şeir formasında yazılır.
Klassik hayku janrında əsas yeri insan həyatı ilə birbaşa və ya dolayısı ilə əlaqəli təbiət obrazı tutur. Bu mətnin əsas xüsusiyyəti odur ki, ilin fəslinə işarə olunur. Bunun üçün fəsli səciyyələndirən sözlərdən istifadə edilir.
Hayku janrında yalnız indiki zaman feillərindən istifadə edilir. Müəllif gördüyü və ya eşitdikləri haqqında birbaşa öz təəssüratını bölüşür.
Hayku yaradıcılığı – üç sətirdə anın təsviri deməkdir. Kiçik şeirdə hər bir kəlmə xüsusi siqlətə malikdir. Az söylə, söz söylə – haykunun əsas prinsipidir.
Nümunələrə baxaq:
Yaz yağışı…
Açıram…
Bağlayıram çətirimi.
(Feliks Tommi)
Şam ağacı bazarı..
Uşaq əlcəyini çıxarıb
İynələri oxşayır..
(Svetlana Bobkova)
Mətnlərdən göründüyü kimi, sadə ifadələrlə və az sözlə böyük təsvir yaradılır. Hayku bu xüsusiyyəti ilə şagirdin situasiya yaratmaq və sürətlə süjet qurmaq bacarığını formalaşdıracaqdır.
Xəbərlər əsasında hekayə hazırlayın.
Şagirdlərdən xəbərlərdə onları maraqlandıracaq hekayə mövzusu tapmağa cəlb edin. Bunun üçün şagirdə qəzetdən oxuduğu xəbəri kəsməyi, internetdən çap edib götürməyi və ya televiziya xəbərinin xülasəsini yazmağı təklif edə bilərsiniz.
Şagirdlər mövzu üçün ipucunu tapdıqları xəbərlərdən kiçik hekayə qurmalıdırlar. Bunun üçün şagirdləri hekayələrinə istədikləri kimi əlavələr etməyə və situasiyanı dəyişməyə, şəxsi təxəyyüllərini əks etdirən mətn yaratmağa təşviq edin.
Tramplin kimi başqa bir hekayədən istifadə edin.
Şagirdlərə bir hekayə və ya romandan bir parça mətni sinifdə oxumağı və ya ev tapşırığı olaraq təklif edin. Sonra onları oxuduqları hekayənin mövzu və ya üslubundan istifadə etməklə öz hekayələrini yazmağa dəvət edin. Bu cür tapşırıq şagirdlər detektiv və ya fantastika kimi janrları oxuduqda xüsusilə işə yarayır.
Dramaturgiya
Dramaturgiya – şagirdlər üçün həm nitq, həm də görüntü ilə işləmək üçün səmərəli üsuldur. Şagirdlərə lüğətdən təsadüfi bir sözü seçməklə, yaxud sözləri qeyri-ənənəvi şəkildə istifadə etməklə pyes yazmağı təklif edin. 10 dəqiqəlik bir tamaşa ssenarisi hazırlamaq xarakterləri inkişaf etdirməyi öyrətmək üçün mükəmməl üsuldur. Şagirdləri özlərini və dostlarını fərdiləşdirən xüsusiyyət barədə düşünməyə, onları öz pyeslərində istifadə etməyə təşviq edin. Bununla da şagirdlər hekayələri üçün xarakterləri yaratmaq vərdişlərini qazanacaqlar.
Hazırladı: Könül Aydın Nəhmətova
ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin müdiri
İstifadə olunmuş ədəbiyyat: