29 sentyabr tarixində “Baku Marriott Hotel Boulevard” otelində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və UNICEF Azərbaycan tərəfindən maliyyələşdirilməsinin yekunlarına dair tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbirdə açılış nitqi ilə ARTİ-nin direktoru Rüfət Əzizov çıxış edib. R.Əzizov çıxışında tədbir iştirakçılarını salamlayıb və hər kəsi yeni tədris ilinin başlaması münasibətilə təbrik edib. O, qeyd edib ki, uzun fasilədən sonra ənənəvi qaydada start götürən tədris ilinə qalib ölkənin vətəndaşları olaraq qoşulmağımız xüsusilə qürur hissi doğurur. “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin təhsil sahəsində rolu və gələcək perspektivləri haqqında danışan R.Əzizov erkən uşaq təhsilində əsas hədəfin əlçatanlıq və uşaqların təhsilə cəlb edilməsi olduğunu vurğulayıb. Layihənin erkən təhsil pilləsində mühüm əhəmiyyət kəsb etdiyi bildirilib və qeyd olunub ki, bu layihə çərçivəsində yalnız uşaqlar deyil, onların valideynləri də təhsil prosesində iştirak edirlər. Qeyd olunub ki, erkən təhsilə cəlb olunan uşaqların ümumtəhsil pilləsində daha uğurlu olduqları əsaslı şəkildə hiss olunur. R.Əzizov çıxışının sonunda layihənin partnyorları olan Heydər Əliyev Fonduna, Avropa İttifaqına, UNICEF-ə, rayon təhsil şöbələrinə və rayon məktəblərinin rəhbərlərinə təşəkkür edib.
Daha sonra çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov əyani tədrisin bərpa olunması münasibətilə tədbir iştirakçılarına təbrikini çatdırıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində ölkəmizin misilsiz qələbə qazanmasında əvəzsiz rol oynayan şəhidlərimizin əziz xatirəsi yad edilib. F.Qurbanov qeyd edib ki, torpaqlarımızın işğal altında olduğu dövrdə təbii resurslarımıza, milli sərvətimizə, maddi-mənəvi abidələrimizə, həmçinin təhsil sahəsinə də böyük zərbə vurulub. Belə ki, 993 təhsil müəssisəsi dağıdılıb və onların arasında 259-a yaxın məktəbəqədər təhsil müəssisələri də olub. Qeyd edilib ki, COVID-19 pandemiyası dövründə Azərbaycan təhsili sahəsində verilən operativ qərarlar və vəziyyətə uyğun yanaşmalar öz müsbət nəticələrini göstərib. Gələcəyin tələblərinə uyğun məzunların yetişdirilməsi üçün görülən işlər və istedadlı gəncləri müəyyənləşdirmək məqsədilə həyata keçirilən tədqiqatların əhəmiyyəti xüsusilə qeyd olunub. “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin uğurlu nəticələri və fəaliyyətinin genişləndirilməsinin əhəmiyyəti haqqında danışan Firudin Qurbanov layihənin icrasında iştirak edən və layihəni dəstəkləyən bütün tərəfdaşlara öz təşəkürünü bildirib.
“İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rəhbəri İlahə Rəsulova layihənin icmalı, nəticələri, ötən tədris illəri ilə müqayisə, valideynlər arasında keçirilən sorğu, 3-4 yaşlı uşaqlarda inkişaf dinamikası, “İlk 5 il” mobil tətbiqi və veb portalı və layihənin sosial təsirləri barədə ətraflı məlumat verib.
UNICEF-in Azərbaycandakı səfirinin müavini Min Yuan çıxış edərək layihənin uşaqların təhsil sahəsindəki inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Layihənin təşkilatçılarına və partnyorlara təşəkkür edən Min Yuan bu sahədə fəaliyyətlərin gələcəkdə də dəstəklənəcəyini qeyd edib.
Tədbirdə Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil nazirinin müşaviri Simuzər Feyzullayeva, ARTİ-nin direktoru Rüfət Əzizov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Fərid Osmanov, Təhsil Nazirliyinin şöbə müdirləri, ARTİ-nin direktor müavinləri və əməkdaşları, Təhsil Nazirliyi yanında İctimai Şuranın nümayəndələri, UNICEF-in Azərbaycandakı səfirinin müavini Min Yuan və nümayəndələri və digərləri iştirak ediblər.
Qeyd edək ki, layihə 2018-ci ildə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və UNICEF Azərbaycanın maliyyəsi ilə ölkənin 10 şəhər və rayonunda 50 ümumtəhsil məktəktəblərinin nəzdində fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qrupu olaraq fəaliyyətə başlayıb. Layihənin uğurlu nəticələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə daha da genişlənib və hal-hazırda 55 şəhər və rayonda fəaliyyət göstərən 850 icma əsaslı məktəbəqədər təhsil qrupu sayına çatıb.