Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu keçirilib

Tarix: 03.10.2021
Paylaş:

1 oktyabr tarixində ARTİ və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu təşkil olunub. 

Forumda açılış nitqi ilə çıxış edən təhsil naziri Emin Əmrullayev forumun əhəmiyyətini yüksək qiymətləndirdiyini qeyd edərək təşkilatçılara və spikerlərə təşəkkür edib, forumda müzakirə ediləcək məsələlərin Azərbaycan təhsilinə böyük töhfə olacağını dilə gətirib. Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimlərə təbrikini çatdıran təhsil naziri fərqli ideyaların paylaşılmasının vacibliyinə toxunub. 

Azərbaycanda təhsil prosesinin yeni reallıqlarla üzləşdiyini qeyd edən Emin Əmrullayev post-konflikt dövründə yeni imkanların yarandığını, indiki nəslin yaxşı təhsillə təmin olunması üçün imkanların genişləndiyini qeyd edib. Nazir, eyni zamanda, COVID-19 pandemiyasının təhsil prosesinə təsirlərindən də söz açıb. Yeni texnologiyalardan istifadəni müsbət hal kimi qiymətləndirib.  

Nazir çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.  

Daha sonra T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının koordinatoru Cəfər Mənsimi beynəlxalq forumun məqsədi və vəzifələri barədə məlumat verib. Bildirilib ki, Beynəlxalq Müəllimlər Gününə həsr olunan forum Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə qəbul olunmuş “Azərbaycan 2030:  Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i və sənədin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini rəhbər tutur. 

Beynəlxalq forumda PISA-nın (Program for International Student Assessment – Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) direktoru Andreas Şleyxer, məşhur professor, yazıçı, tədqiqatçı və bestsellər müəllifi Philip Kotler, Toronto Universitetinin fəxri professoru, “Dərin öyrənmə” nəzəriyyəsinin yardıcısı Maykl Fullan,  dünyada məşhur “edX” platformasının qurucusu, MIT-in professoru Anant Agarval, psixoloq, yazıçı, Türkiyədə və İtaliyada bestsellər müəllifi Azra Kohen, qlobal səviyyədə tanınan “Khan Academy”-nin qurucusu Sal Xan təqdimatlarla çıxış edərək öz təcrübələrini bölüşüblər. 

“Təşəbbüsdən tətbiqə” başlığı altında baş tutan beynəlxalq forum virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, 21-ci əsrin bacarıqları və davamlı inkişaf mövzularını əhatə edib. 

Qeyd edək ki, forumun informasiya tərəfdaşı “Azərbaycan müəllimi” qəzeti və “Azərbaycan məktəbi” jurnalıdır. 

Forumu aşağıdakı keçiddən izləyə bilərsiniz: