Müasir dövr bir çox sahələrdə olduğu kimi, təhsilin məzmununda da dəyişiklikləri zəruri etmişdir. Ənənəvi təlimdən fəal, interaktiv təlimə keçid kortəbii yaddaşı birbaşa tənqidi, yaradıcı, məntiqi təfəkkürlə əvəz etdi. Təbii ki, bu şagirdin şəxsiyyət olaraq inkişaf etdirilməsi, cəmiyyətin ehtiyac və tələbatlarına uyğun kadr kimi yetişdirilməsinə xidmət edir. Təhsil İslahatı Proqramından irəli gələn vəzifələrin həlli istiqamətində “Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları” sənədi hazırlanmış, təhsil tarixində ilk dəfə olaraq 2006-cı ildə “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsepsiyası (Milli Kurikulum)” yaradılmışdır. Artıq altı ilə yaxın bir müddətdə tətbiq olunan bu təhsil proqramında “hər bir fənn üzrə məzmun, texnologiyalar və şagirdlərin qiymətləndirmə mexanizmləri” əhatə olunur.
Tədris fənləri içərisində Azərbaycan dili fənni əsas funksiya daşıyır. “Müxtəlif nitq vahidləri, tip və formaları, nitq inkişafının əsasını təşkil edən linqvistik bilik, bacarıq və vərdişlər bu fənn vasitəsilə qazanılır. Azərbaycan dili fənninin məzmun xətləri üzrə təlim nəticələri dinləyib anlama və danışma, oxu, yazı və dil qaydalarını əhatə edir. Ana dili kimi, bu fənnin tədrisi xüsusi diqqət, səriştə tələb edir və onu tədris edən müəllimin üzərinə ikiqat çətinlik düşür. Ümumi proqram materialı və dərsə hazırlıqla yanaşı, müəllim yeni təlim üsullarından məqsədyönlü istifadə etməli, şagirdlərdə müstəqil düşüncə və yaradıcılıq vərdişləri yaradılmalıdır.
Bildiyimiz kimi, “təlim metodu təlimdə müəyyən məqsədə nail olmaq üçün müəllim və şagirdlərin nizama salınmış fəaliyyətidir”. Müasir təlim metodlarının tətbiq olunduğu müasir dərs “… içəridən çıxarmaq, daxilini tanımaq, üzə çıxarmaq, özünə tanıtdırmaq və şərait yaradıb inkişaf etdirmək, daxildən öyrənmək” deməkdir. Tədris şagirdin imkan və bacarıqlarının aşkara çıxarılmasına yönəldilməli, ona elə bir şərait yaradılmalıdır ki, hər hansı bir nəticənin dərkedilmə prosesini özü keçsin, özü də bunu qrupun və özünün təcrübəsinə əsaslanaraq desin.
Müasir təlim metodlarından istifadə müəllimin yaradıcılıq işi olmaqla yanaşı, şagirdin qavrama potensialını, imkanlarını üzə çıxarır, onda tədqiqatçılıq- axtarıcılıq bacarıqlarını inkişaf etdirir. Quru informasiyalarla ötürülən bilik şagirdin marağını soyutduğu halda, yaradıcılıq işi kimi yanaşılan dərsin təəssüratı unudulmaz olur. Nə cür metod olursa olsun, ondan biləvasitə şagirdin fikri fəallığını, mühakimə yürütmək, tədqiqatçılıq vərdişlərinə yiyələnmək qabiliyyətini gücləndirmək istiqamətində istifadə edilməlidir. Şagirddə tədqiqatçılıq vərdişləri yaratmaq isə zehni əməyinin nəticəsindən duyduğu yüksək estetik zövqlə tamamlanmalıdır. Müəllimin şagirdin qarşısına qoyduğu problem nə qədər mürəkkəb, düşündürücü və məntiqlidirsə, problemin həllindən alınan təəssürat bir o qədər yüksək və sevincgətirən olur. Deməli, müəllim şagirdin gözü qarşısında onun iştirakı ilə özünün də xəbəri olmadan bir sənət əsəri yaratmış olur və şagird də bu əsərin bir detalında öz əməyini hiss etdikdə tamam başqa hiss yaşayır. Dərs bilik verməklə yanaşı, yaradıcı və tətbiqi xarakter daşımalıdır.
Təcrübə göstərir ki, Azərbaycan dili dərslərində alqoritmlərdən və müxtəlif modellərdən istifadə şagirdlərdə tənqidi təfəkkürü gücləndirir. Alqoritm sözü IX əsr özbək riyaziyyatçısı Xarəzmin latınlaşdırılmış adından götürülmüş termindir. Alqoritm – müəyyən sərhəd daxilində dəyişilən və ilk verilənlərdən başlayaraq axtarılan nəticəyədək davam edən hesablama prosesini müəyyənləşdirən dəqiq sərəncamdır. Alqoritm prosesi “determine” olunmuşdur, yəni prosesin hər mərhələsi özündən sonrakını birqiymətli təyin edir.
Təfəkkür priyomlarının, əqli əməliyyatların bir-birilə əlaqələnmiş, ardıcıl sistemi olan alqoritmlərdən Azərbaycan dili dərslərində yaxın mövzuların tədrisində istifadə etmək faydalı olur.
Müəllim müəyyən sistemli suallarla şagirdləri birgə axtarışa yönəldir, problemin həllində fikrən müxtəlif cavablardan ümumi nəticə çıxarır. Alqoritm şagirdlərdə öyrənilmiş qaydalardan praktik istifadə vərdişləri yaradır. Bu zaman müəllim müəyyən problemin həlli baxımından ardıcıl suallar, konkret tapşırıqlarla sinfə müraciət etməli, bir sualdan digərinə, bir cavabdan başqasına keçməlidir. Bu sual-cavablar nəticəsində şagirdlər ümumi nəticəyə gəlirlər. Tutaq ki, müəllim şagirdlərə milli və alınma sözlərin bir-birindən fərqləndirilməsi yollarını mənimsətmək istəyir. Qaydaların birbaşa əzbərlədilməsi istənilən nəticəni vermir. Ona görə də aşağıdakı alqoritmlərdən istifadə olunur.
Cavabları dinləyən müəllim şagirdləri asanlıqla belə bir nəticəyə gətirir ki, milli sözləri alınma sözlərdən fərqləndirən əlamətlər sırasına sözlərdə qoşa saitin, qoşa samitin (saylar istisna olmaqla), uzun saitin işlənməsi halları daxildir.
Çox vaxt şagirdlər adlıq halla qeyri-müəyyən təsirlik halı formal oxşarlığına görə fərqləndirməkdə çətinlik çəkirlər. Müəllim cümlədə qeyri-müəyyən təsirlik halı adlıq halla qarışdırmamaq üçün belə bir alqoritm qura bilər:
Suallara cavablar dinlənildikdən sonra şagirdlərə aydın olur ki, qeyri-müəyyən təsirlik halda olan söz adlıq hallı sözdən fərqli olaraq cümlədə yerini dəyişə bilmir, onu feldən ayırmaq olmur, işarə əvəzliyi artırdıqda müəyyən halın şəkilçisini qəbul edir və s.
Təbii ki, alqoritmlərdən istifadə zamanı qoyulan suallar sadə olmalı, hər bir sualda problemin qoyuluşu ilə yanaşı, açar söz də olmalıdır ki, şagirdi nəyi isə xatırlamağa, həll etməyə məcbur etsin. Eyni zamanda, suallar arasında məntiqi əlaqə gözlənilməli, onların sayı həddindən çox olmamalıdır.
Alqoritmlər şagirdlərə çətin sualların cavabını tapmağa, problemin həllinə müxtəlif yöndən yanaşmağa şərait yaradır.
Dil dərslərindətez-tez tətbiq olunan müasir metodlardan biri də rollu oyunlardır. Rollu oyunlardan istifadə şagirdlərdə yaradıcı təxəyyülün inkişafına səbəb olur, ən passiv şagirdi belə bu oyunda iştirak etməyə həvəsləndirir. Y.Komenski insan həyatını oda bənzədərəkdeyirdi ki, külək olmadan od yanmadığı kimi, oyun olmadan da uşaq böyüyüb inkişaf edə bilməz. Məhz oyunda uşaq yaradıcılıq qabiliyyətlərini nümayiş etdirə bilir. Oyun çox böyük işıqlı pəncərədir və həmin pəncərədən uşağın mənəvi aləminə ətraf aləm haqqında təsəvvürlərin, anlayışların həyatverici axını daxil olur. Oyunda hər şeylə maraqlanmaq, biliyə, öyrənməyə səy göstərmək odu yandıran qığılcımdır. Oyun uşaqlarda şən əhvali-ruhiyyə, sevinc, fantaziya və xəyal yaradır. İnteraktiv maraqlar sırasına daxil olan rollu oyunlar ilkin formalaşmış metodlardan biri kimi, həmçinin qrupda işləmək bacarığını inkişaf etdirir, müəllim-şagird münasibətlərinin düzgün formalaşmasına şərait yaradır. Lakin hər hansı bir mövzunun tədrisində məqsəddən uzaqlaşıb oyunun əyləncəyə çevrilməsinə yol verilməməlidir. Prof. Ə. Əlizadənin dediyi kimi, “… məktəbi yaddaş məktəbindən ağıl və hiss məktəbinə çevirmək lazımdır.”
Ümumiyyətlə, dil dərslərini müasir tələblər səviyyəsində, müasir metodlardan istifadə yolu ilə quran müəllimlərin təcrübəsi göstərir ki, istənilən interaktiv təlim üsulu şagirdlərdə təhlil-tərkib vərdişlərini inkişaf etdirir, bir əməliyyatdan digərinə keçid onların əqli qabiliyyətində çeviklik yaradır, daha diqqətli olmağa, məntiqi düşüncəyə və yaradıcılığa sövq edir.
Xaqani İbrahimov,
Kəlbəcər rayon metodik kabinetin əməkdaşı
İstifadə edilmiş ədəbiyyat:
1. Azərbaycan dili və ədəbiyyat tədrisi, N 1,2. Bakı:1978,112s,114s.
2. Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Bakı: Çaşıoğlu,2002,507s.
3. Abdulzadə N.Ə. Milli kurikulum. Azərbaycan dili linqvistik təhlildə. Bakı: Müəllim, 2014, 178s.
4. Ümumi təhsilin fənn standartları (I-IX siniflər). Bakı:Mütərcim,201,400s.
5. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı: 2007,368s.