“Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)” adlı layihə start götürür

Tarix: 20.10.2021
Paylaş:

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasındakı mövcud əməkdaşlıq çərçivəsində ARTİ tərəfindən “Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)” adlı layihənin icrasına başlanılıb.

Layihənin əsas məqsədi COVID-19 pandemiyasının təhsilə mənfi təsirini azaltmaq məqsədilə şagirdlərin öyrənmə ehtiyaclarını yerlərdə müəyyən etmək, bu ehtiyacları aradan qaldırmaq və məktəbdə həm pandemiya dövründə, həm də pandemiyadan sonra təhsilin düzgün təşkilinə təkan vermək üçün ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin peşəkar inkişafını təmin etməkdir.

İlkin mərhələdə ARTİ-nin 2020/2021-ci tədris ili ərzində həyata keçirdiyi milli qiymətləndirmə tədqiqatlarının nəticələrinə əsasən 6 bölgənin (Gəncə, Qobustan, Ağsu, Hacıqabul, Goranboy və Beyləqan) ümumilikdə aşağı təlim nəticələri olan 18 məktəbinin təxminən 1300 şagirdinə öyrənmə ehtiyaclarına uyğun dəstək veriləcək. Eyni zamanda, adıçəkilən 6 rayonun diaqnostik qiymətləndirmədən aşağı bal toplamış 30-55 yaşlı, peşəkar inkişaflarının təkmilləşdirilməsinə ehtiyac duyulan 75 müəlliminə fərdi məsləhət xidməti göstəriləcək.

Layihə cari ilin sentyabr ayında başlayıb və 2022-ci ilin may ayının sonunadək davam edəcək.