ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən 20 oktyabr tarixində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün növbəti “Refleksiv müəllim” seminarı keçirilib. Seminarda 43 nəfər fənn müəlliminin iştirakı ilə VI sinif Azərbaycan dili dərsliyində yer alan “Ağdam çörək muzeyi” mətni üzrə dərs icmalı müzakirə olunub.
Seminar zamanı qeyd olunan mövzuda dərs icmalı təqdim edilib və iştirakçılar dərslə bağlı təklif, irad və qeydlərini bildiriblər. Daha sonra “Mən olsaydım, bu dərsi daha yaxşı necə tədris edərdim?” sualı əsasında mövzu ətrafında fikir mübadiləsi aparılıb və müəllimlər öz təcrübələrini həmkarları ilə bölüşüblər.
Qeyd edək ki, seminarların keçirilməsində əsas məqsəd birlikdə hazırlanmış uğurlu dərs icmallarından yararlanma təcrübəsini müəllimlər arasında təbliğ etmək, müəllimlərdə keçdikləri dərsə müxtəlif rakurslardan baxmaq bacarığını formalaşdırmaq, konstruktiv dərs müzakirələrinin modelini təqdim etmək, istənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz, “ideal dərs” anlayışının isə nisbi olduğunu nümayiş etdirməkdir.