2021-2022-ci tədris ilində yeni seçilmiş 8 ümumtəhsil müəssisəsində təşkil olunan inklüziv siniflərdə 16 uşaq təhsilə cəlb edilib. Sözügedən müəssisələr Bakı şəhəri 246 nömrəli məktəb-lisey, Quba şəhəri 2 nömrəli məktəb-lisey, Gəncə şəhəri 39 nömrəli tam orta məktəb, Sumqayıt şəhəri 4 nömrəli tam orta məktəb, Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəb, Şirvan şəhəri 10 nömrəli tam orta məktəb, Qazax şəhəri 2 nömrəli tam orta məktəb və Şəki şəhəri 12 nömrəli tam orta məktəbdir.
22 sentyabr 2021-ci il tarixində bu uşaqlar üçün ilk zəng çalınıb. Onlar məktəb həyatına başlayaraq cəmiyyətə inteqrasiyaya və təhsildə tam potensiallarını reallaşdırmağa doğru bir addım daha atmış olacaqlar. Qeyd etmək vacibdir ki, inklüziv təhsil yalnız əllilliyi olan uşaqlar üçün yox, bütün şagirdlər üçün keyfiyyətli təhsil deməkdir.
Nəzərinizə çatdıraq ki, təhsil müəssisələrində inklüziv siniflər ARTİ-nin Azərbaycan Respublikasının Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” adlı layihə çərçivəsində təşkil edilib. Layihənin məqsədi inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsini genişləndirərək Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək olmaq və inklüziv təhsil sahəsində məktəblərdə kadr potensialını artırmaqdır.