“ARTİ Tədqiqat Mentorluq Proqramı” çərçivəsində təlimlər yekunlaşıb

Tarix: 22.10.2021
Paylaş:

14 sentyabr-21 oktyabr tarixlərində “ARTİ Tədqiqat Mentorluq Proqramı” çərçivəsində 12 fərqli mövzunu əhatə edən təlimlər keçirilib. Təlimlərin keçirilməsində əsas məqsəd mentilərin tədqiqat bacarıqlarının və proqramın effektivliyinin artırılması olub.

Layihə çərçivəsində təlimçi İnqilab Şahbazov tərəfindən “Tədqiqata giriş və dizaynlar”, “Tədqiqat etikası”, “Kəmiyyət tədqiqatlarına giriş”, “Sorğunun hazırlanması və keçirilməsi”, “Keyfiyyət tədqiqatlarına giriş”, “Keyfiyyət metodları (Müsahibə)”, “Keyfiyyət metodları (Fokus qrup və qarışıq metodlardan istifadə)”, “Keyfiyyət tədqiqatlarının analizi və vizuallaşdırılması”, “Seçmə metodları və kəmiyyət tədqiqatlarının analizi və vizuallaşdırılması”, “Seçmə metodları və kəmiyyət tədqiqatlarının analizi və vizuallaşdırılması”, “Akademik yazı (Ədəbiyyat seçimi, Ədəbiyyat icmalı, xülasə, metodologiya, müzakirə, nəticə)”, “Akademik nəşr olunma” mövzularında təlimlər təşkil olunub.

Təlimləri müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikat təqdim olunacaq.

Qeyd edək ki, İnqilab Şahbazov Böyük Britaniyanın Şeffild Universitetində sosiologiya üzrə bakalavr, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində isə ədliyyə sistemi üzrə magistratura təhsili alıb. Sosial tədqiqatlar sahəsində dünyanın ən nüfuzlu “Market Research Society Advanced Certificate in Market and Social Research Practice” sertifikatına sahib olan İnqilab Şahbazov “Sosioloji nəzəriyyələr” və “Tədqiqat metodları” kitablarının müəllifidir. Onun impakt faktorlu jurnallarda 8 məqaləsi nəşrə qəbul edilib və ya nəşr edilib.   

Nəzərinizə çatdıraq ki, “ARTİ Tədqiqat Mentorluq Proqramı” çərçivəsində mentorluq üçün 379 və mentilik üçün 243 nəfər olmaqla ümumilikdə 622 nəfər namizədin müraciəti qeydə alınıb. Müsahibələrin qiymətləndirilməsi zamanı proqramda iştirak üçün 21 nəfər mentor və 47 nəfər menti seçilib.