Bu gün müasir yanaşmalar hər bir dərsin qarşısında mühüm tələblər qoyur. Bu tələblərdən ən başlıcası tədris prosesində yeni təlim metodlarından geniş istifadə etmək olsa da, müəllimin şəxsi düşüncə tərzi, yaradıcılıq qabiliyyəti də çox böyük önəm daşıyır.
Müasir metodların tətbiqi tədrisdə şagirdlərin həm bir-biri ilə, həm müəllimlə müzakirələr aparmasına, müqayisələr etməsinə şərait yaradır ki, bu da onların nitq qabiliyyətinin və özünüifadə imkanlarının inkişafına səbəb olur. İnteraktiv təlimin əsas məqsədi də şagirdin hər hansı mövzu haqqında sərbəst düşünməsi, müqayisələr aparması və fikirlərini ifadə edə bilməsidir.
Müasir metodlar bütün fənlərin tədrisində müəllimlərin qarşısında yeni yollar açdığı kimi Azərbaycan dili fənninin tədrisinə də maraqlı üsulların gətirilməsinə imkan yaradır. Dil qaydalarının mənimsədilməsi üçün müxtəlif vəsaitlər, müxtəlif səpkidə qiymətləndirmə nümunələri, əyani vasitələrin olması şagirdlərin və müəllimlərin işini asanlaşdırsa da, şagird ən çox öz müəllimindən yeni nə isə gözləyir. Əgər müəllim öz işinə yaradıcı yanaşmağı bacararsa, məqsədinə çatmaqda heç bir çətinliyinin olmayacağı mütləqdir. Çünki şagirdlər canlı obrazlarla zəngin ədəbiyyat fənnini tədris edən müəllimdən hər zaman fərqli nəsə gözləyir. Dil qaydaları nə qədər standart görünsə də, müəllim öz yaradıcı qabiliyyəti ilə onu şablondan xilas edə bilər.
İbtidai sinifdən yeni ayrılmış V siniflər üçün bu daha vacibdir. Fonetika bölməsində sait və samitlərin fərqləndirilməsində müəllim maraqlı müqayisələr apara bilər. Məsələn, samitləri qum, saitləri sementlə müqayisə etməklə saitlərin hecaların formalaşmasında rolunu şagirdlər daha rahatlıqla mənimsəyə bilirlər. Başqa bir nümunə: müəllim lövhədə üç yol şəkli çəkərək bu yollardan birində heç bir maneənin olmadığını və yolun hamar olduğunu qeyd edir. Digər yolda isə bir yerdə radar qurulduğunu göstərir. Müəllim üçüncü yolda iki radarın olduğunu şagirdlərə bildirir. Sonda isə sait və samitlərin hansının hansı yolla gedə biləcəyini şagirdlərdən müəyyən etməsini istəyir. Daha sonra söz sonunda cingiltili samitlərin karlaşmasını, saitdən sonra kar samitin işlənmə səbəbini də bu müqayisəyə əsaslanaraq izah etmək mümkün ola bilər.
Başqa bir maraqlı müqayisəni nitq hissələri ilə bağlı bilikləri mənimsədərkən tətbiq etmək mümkündür (təbii ki, şagird ibtidai sinifdə nitq hissələri barədə məlumatlıdır). Müəllim lövhədən bir ailə tablosu asır. Şəkildə ana, ananın əlindən tutmuş qız, qızın əlindən tutmuş oğlan, ata və atanın əlindən tutmuş oğlan təsvir olunur. Onların arxasınca isə əlində və çiynində altı çanta olan bir uşaq görünür.
Lövhədə əsas nitq hissələrinin adları qeyd olunur və müəllim şagirdlərdən bu şəkildəkilərin hər birinin bir əsas nitq hissəsi olduğunu qeyd edir və bunu tapmalarını istəyir. Bu üsul da şagirdlər tərəfindən çox maraqla qarşılanır və uzun müddət bu müqayisəni unutmurlar. Çünki burada əsas nitq hissələrinin daşıdığı vəzifələr də müəyyən olunur. Müəyyən edilir ki, ana isim, ata feildir.
Ananın əlindən tutan qız sifət, qızın əlindən tutan oğlan isə saydır. Atanın əlindən tutan oğlan isə zərfdir. Arxada qalan ağır yüklü uşaq isə əvəzlikdir ki, digər əsas nitq hissələri ilə birgə öz yükünü də daşıyır. Bu müqayisə şagirdlərin daha çox marağına səbəb olur. Xüsusilə, əvəzliyin “çəkdiyi əziyyəti” maraqla qarşılayırlar.
Bu cür “valideyn-övlad” münasibətləri ismin sifətləşməsi və sifətin isimləşməsi mövzularında da faydalı ola bilər.
Ana – isim qızını – sifəti “çox sevir, gedib ev işlərində ona kömək edir”, yəni sifətləşir, amma “oğlunun” – sayın ev işlərinə “kömək edə bilmir”, yəni saylaşa bilmir. Ancaq hər iki “övladı” ismin xüsusiyyətlərini daşıya bilir.
Nitq hissələrinin tədrisi zamanı istifadə olunan “ailə üzvləri” bir qədər fərqli “imiclə” cümlə üzvlərinin tədrisində də istifadə oluna bilər. Bu zaman mübtəda – “ana”, xəbər – “ata”, tamamlıq və zərflik – “bir-birindən uzaq düşmüş qardaşlar”, təyin isə “valideynlərini və qardaşlarını çox sevən mehriban bacı” kimi təqdim oluna bilər. Bu müqayisə şagirdlərin sintaktik əlaqələri daha yaxşı mənimsədilməsinə kömək edə bilər.
Təcrübələr göstərir ki, şagirdlər dil qaydalarını bu cür müqayisəli şəkildə mənimsədikdə uzun illər unutmurlar.
Dilimizin praktik sahələrindən olan nitq mədəniyyəti və üslubiyyatı da şagirdlərə daha maraqlı, təbii üsullarla çatdırmaq mümkündür. Xüsusilə, region şagirdləri üçün bu üsul çox maraqlı ola bilər.
Ümumilikdə isə qeyd edilən nümunələr ibtidai, V-VII siniflər üçün daha praktik hesab edilə bilər.
Xalq danışıq dilini zəmidəki biçilməmiş sünbüllər kimi, taxılı biçən, təmizləyən qurğuları ədəbi dilimizin normaları (təbii ki, o “qurğuların” funksiyaları da müqayisəli şəkildə izah olunur), dəyirmandan çıxan unu isə ədəbi dil kimi təqdim etmək olar. Həmin “undan” hazırlanan “məhsullar ” isə funksional üslublarımızdır. Bu üslubların hər birinə uyğun bənzətmələrin seçilməsi şagirdlər üçün həm əyləncəli, həm də maraqlı gəlir. Müəllimin bu bənzətmələri seçərkən şagirdlərin fikirlərinə əsaslanması zəruridir.
Məsələn, poetik ifadələrlə zəngin bədii üslub – tort, aydın, anlaşıqlı publisistik üslub – kökə, gündəlik ünsiyyət formamız olan məişət üslubu – çörək, standart formalarda olan rəsmi-işgüzar üslub – suxarı, terminlərlə zəngin elmi üslub isə dadsız peçenye ilə müqayisə oluna bilər. Təbii ki, müqayisə olunan qida məhsulları şagirdlərin seçim və əsaslandırmasından asılı olaraq dəyişə bilər.
Yuxarıda qeyd olunan şəkildə müqayisələr dil qaydalarının hər birinə uyğun olaraq müəllimin yaradıcı təxəyyülü və sinfin səviyyəsinə görə yarana bilər. Dəqiq olan bir məqam var ki, şagirdlər bu cür bənzətmələri çox sevir və bu onları fəallaşdırır. Xüsusən də, dərsin ilk mərhələsində bu tip müqayisələr növbəti mərhələləri uğurla keçməyə zəmin yaradır.
Belə nümunələri çox göstərmək olar. Ancaq hər bir müəllimin fərqli üsullarının olmasını nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, yol, üsul nisbidir, əsas olan nəticədir. Necə ki böyük şairimiz B.Vahabzadənin “Yaxşı adam” hekayəsinin müəllim qəhrəmanı sonda onu fərqli üsullarla dərs keçməkdə qınayan opponentlərinə üzünü tutub soruşur: “Sizə alma lazımdır, yoxsa onun saplağı?”
Hazırladı:
Həsən Məmmədov
Əməkdar müəllim, Beyləqan Rayon Təhsil Şöbəsinin metodik kabinetinin müdiri