Heydər Əliyev Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Turizm Agentliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Futuroloqlar Cəmiyyətinin – Minillik Layihəsinin Azərbaycan Respublikasındakı bölməsi və Bakı Media Mərkəzinin tərəfdaşlığı ilə “Nizami Gəncəvi ilinə həsr olunmuş “Post COVID-19 və 4-cü Sənaye İnqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfrans keçirilib.
Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilən tədbirdə dünyanın 20-dən çox ölkəsindən beynəlxalq və yerli ekspertlər də onlayn formatda təmsil olunublar.
Dünyanın və Azərbaycanın aparıcı universitetlərinin, araşdırma mərkəzlərinin mütəxəssisləri və peşəkarlarının da təmsil olunduğu beynəlxalq konfrans rəqəmsal transformasiyanın təhsil, aqrar sahə, kommunikasiya və texnologiyalar, əmək bazarına təsiri mövzularını əhatə edib.
Konfransın “Rəqəmsal transformasiya və onun təhsil ekosisteminə təsiri” paneli ARTİ-nin təşkilatçılığı ilə baş tutub. Panelin moderatoru ARTİ-nin direktor müavini Nəcibə Mustafayeva olub. Paneldə “4-cü Sənaye İnqilabı zamanı tendensiya və model necə uyğunlaşdırılmalıdır?”, “Süni intellekt və əxlaqi etik məsələlərin aktuallaşması”, “Pandemiya dövründə təhsilin rəqəmsallaşdırılması”, “Məktəblərdə öyrədilən gələcək”, “Problem həll etmə təhsilindən həssas və vahid gələcək yaradıcılığı təhsilinə qədər” kimi mövzular müzakirə olunub.
Qeyd edək ki, beynəlxalq konfransın məqsədi 4-cü Sənaye İnqilabının təsirləri və çağırışları ilə yaranacaq yeni formatlı təhsillə əlaqədar iqtisadiyyatın müxtəlif sahələrində baş verən dəyişikliklərə uyğun olaraq bilik və bacarıqların formalaşdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini cəmiyyətə çatdırmaqdır.