ARTİ Sinqapurun Alston Nəşriyyat Evi ilə əməkdaşlığın yeni mərhələsinə start verib

Tarix: 04.11.2021
Paylaş:

ARTİ 2020-ci ildən etibarən Sinqapurun Alston Nəşriyyat Evi ilə təbiət elmləri üzrə təhsil proqramlarının təkmilləşdirilməsi və dərslik komplektlərinin yenilənməsinə başlayıb. Bu əməkdaşlıq və təcrübə mübadiləsinin ilkin mərhələsi çərçivəsində yerli mütəxəssislərin hazırladığı V sinif “Təbiət” dərslik komplekti artıq respublikanın 132 məktəbində sınaq məqsədilə şagirdlərə tədris olunur.

Alston Nəşriyyat Evi ilə əməkdaşlığın uğurlu gedişatını nəzərə alaraq bu il layihənin növbəti mərhələsinə başlanılıb. Belə ki, önümüzdəki aylarda ümumi təhsilin bütün mərhələlərində təbiət elmləri üzrə fənn kurikulumlarının təkmilləşdirilməsi üçün yerli mütəxəssislərə təlimlər və konsultasiyalar keçiriləcək. Nəticədə isə “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” və 21-ci əsrin kompetensiyaları rəhbər tutularaq I-IV sinif “Həyat bilgisi”, V-VI sinif “Təbiət”, VII-XI sinif fizika, kimya və biologiya üzrə fənn kurikulumları daha mükəmməl hala gətiriləcək.

ARTİ-nin müəllif heyəti və Sinqapurlu konsultantlar ilə ilkin görüş 2 noyabr tarixində keçirilib, layihənin gedişatı müzakirə olunub, iş bölgüsü aparılaraq ilkin tapşırıqlar verilib.