ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən 3 noyabr tarixində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün növbəti “Refleksiv müəllim” seminarı keçirilib. Seminarda Səbail rayonu 51 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Muradovanın təqdimatı əsasında X sinif Azərbaycan dili dərsliyində olan “Çinarın şikayəti” şeiri üzrə dərs icmalı müzakirə olunub. 63 nəfər müəllimin fəal iştirakı ilə mövzu ətrafında müxtəlif praktik tapşırıqlar yerinə yetirilib, fikir mübadiləsi aparılıb və müəllimlər öz təcrübələrini həmkarları ilə bölüşüblər.
Qeyd edək ki, seminarların keçirilməsində əsas məqsəd birlikdə hazırlanmış uğurlu dərs icmallarından yararlanma təcrübəsini müəllimlər arasında təbliğ etmək, müəllimlərdə tədris etdikləri dərsə müxtəlif rakurslardan baxmaq bacarığını formalaşdırmaq, konstruktiv dərs müzakirələrinin modelini təqdim etmək, istənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz, “ideal dərs” anlayışının isə nisbi olduğunu nümayiş etdirməkdir.