“Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransının keçirilməsinə hazırlıq işləri davam edir

Tarix: 19.11.2021
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı, ADA Universitetinin və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə baş tutacaq “Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransının keçirilməsinə hazırlıq işləri davam edir.

Sözügedən konfransın gündəliyində “Distant təhsildə keyfiyyət təminatı” adlı panel müzakirəsi də yer alacaq. Panel müzakirəsi zamanı distant təhsildə ali və orta ixtisas təhsil müəssisələri tərəfindən daxili və xarici keyfiyyət təminatının təşkili mövzusunda təqdimat ediləcək və müzakirələr aparılacaq.

Panel müzakirəsinin spikerləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov və Bakı Mühəndislik Universitetinin Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Cəmil Məmmədov olacaq.

Xatırlatmaq istəyirik ki, sözügedən konfrans 29 noyabr 2021-ci il tarixində onlayn formatda Zoom platforması vasitəsilə baş tutacaq. 

Konfransın əsas məqsədi son illərdə Azərbaycanın distant təhsil təcrübəsini, bu istiqamətdə görülən işləri, uğurlu dünya təcrübəsinin ölkəmizdə tətbiq perspektivlərini müzakirə etmək və gələcək hədəfləri müəyyənləşdirməkdir. Konfransda Təhsil Nazirliyi və ona tabe qurumların nümayəndələrinin, ali və orta-ixtisas təhsili müəssisələrinin rəhbərliyinin, pedaqoji və inzibati heyətin və maraqlanan digər şəxslərin iştirakı nəzərdə tutulub.

Konfransda iştirak etmək üçün aşağıdakı keçiddən qeydiyyatdan keçməyiniz xahiş olunur: https://forms.office.com/r/GhdeCfPBYa

Qeydiyyat üçün son tarix 25 noyabrdır. Qeydiyyatdan keçənlərə növbəti həftə ərzində konfransın detalları və Zoom keçid linkləri elektron poçt vasitəsilə göndəriləcək.