“Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Tarix: 22.11.2021
Paylaş:

26-27 noyabr tarixlərində Naxçıvan şəhərində Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti, ARTİ-nin tərəfdaşlığı və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans (əyani və videobağlantı formatlarında) keçiriləcək. 

Elmi konfransın keçirilməsində məqsəd pedaqoji sahədə əldə edilmiş yenilikləri təbliğ etmək, tətbiqini genişləndirmək, gələcək hədəfləri pedaqoji ictimaiyyətin nümayəndələri ilə birlikdə müzakirə etmək və təkliflər formalaşdırmaqdır.

Elmi konfransın ikinci günü panel iclasında təhsilin idarə olunması üzrə türkiyəli mütəxəssis Erhan Angın “Təhsil memarlığı” mövzusunda məruzə edəcək.

Erhan Angın Hasan Kalyoncu Universitetində Təhsilin idarə olunması ixtisası üzrə magistratura təhsili alıb. Təhsilin idarə olunması üzrə geniş təcrübəyə malik Erhan Angın müxtəlif illərdə Türkiyədə müəllim, məktəb direktoru vəzifələrində işləyib. Həmçinin Türkiyənin Milli Təhsil Nazirliyində nazir müşaviri vəzifəsində çalışıb. O, təhsillə bağlı müxtəlif layihələrin təşəbbüskarı və rəhbəri olub.