“Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransına sayılı günlər qalıb

Tarix: 23.11.2021
Paylaş:

ARTİ-nin təşkilatçılığı, ADA Universitetinin və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə baş tutacaq “Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransına sayılı günlər qalıb.

Xatırlatmaq istəyirik ki, sözügedən konfrans 29 noyabr 2021-ci il tarixində onlayn formatda Zoom platforması vasitəsilə baş tutacaq. 

Sözügedən konfransın gündəliyində “Elektron öyrənmə platformalarının bazarda artan rolu” adlı panel müzakirəsi yer alacaq. Panel müzakirəsi zamanı spikerlər elektron öyrənmə platformalarının distant təhsildə rolu, əldə olunan nailiyyətlər, onlayn təhsilə müxtəlif yanaşma strategiyaları, ali və orta ixtisas təhsili müəssisələri ilə mövcud əməkdaşlıq imkanları, elektron öyrənmə platformalarının cəmiyyətdə yaratdığı pozitiv dəyişiklik, beynəlxalq əməkdaşlıq imkanları kimi məqamlara toxunacaq və mövcud sualları cavablandıracaqlar.

Panel müzakirəsinin spikerləri ARTİ-nin Təhsildə innovasiyalar şöbəsinin müdiri Abutab Abbasova, “Safavy.org” onlayn təhsil platformasının həmtəsisçisi və direktoru Könül Quliyeva, “Khan Academy Azərbaycanca”nın rəhbəri Leyla Qasımova və “Microsoft Azerbaijan”nın təhsil həlləri üzrə mütəxəssisi Emin Axundov olacaq.

Konfransın əsas məqsədi son illərdə Azərbaycanın distant təhsil təcrübəsini, bu istiqamətdə görülən işləri, uğurlu dünya təcrübəsinin ölkəmizdə tətbiq perspektivlərini müzakirə etmək və gələcək hədəfləri müəyyənləşdirməkdir. Konfransda Təhsil Nazirliyi və ona tabe qurumların nümayəndələrinin, ali və orta-ixtisas təhsili müəssisələrinin rəhbərliyinin, pedaqoji və inzibati heyətin və maraqlanan digər şəxslərin iştirakı nəzərdə tutulub.

Konfransda iştirak etmək üçün aşağıdakı keçiddən qeydiyyatdan keçməyiniz xahiş olunur: https://forms.office.com/r/GhdeCfPBYa

Qeydiyyat üçün son tarix 25 noyabrdır. Qeydiyyatdan keçənlərə növbəti həftə ərzində konfransın detalları və Zoom keçid linkləri elektron poçt vasitəsilə göndəriləcək.