“Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransının baş tutmasına sayılı günlər qalıb

Tarix: 24.11.2021
Paylaş:

ARTİ-nin təşkilatçılığı, ADA Universitetinin və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə baş tutacaq “Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransına sayılı günlər qalıb.

Xatırlatmaq istəyirik ki, sözügedən konfrans 29 noyabr 2021-ci il tarixində onlayn formatda Zoom platforması vasitəsilə baş tutacaq. 

Konfrans zamanı ARTİ tərəfindən hazırlanmış “Ali və orta ixtisas təhsili müəssisələrinin pedaqoji heyəti üçün distant təhsilin təşkili ilə bağlı metodik vəsait”in təqdimatı baş tutacaq. Təqdimat zamanı ARTİ-nin Təhsildə innovasiyalar şöbəsinin baş mütəxəssisi Həsən Əlili və aparıcı mütəxəssisi Əli Tağıyev sözügedən metodik vəsaitin məzmunu, əsas komponentləri və tətbiqinə dair tövsiyələr haqqında çıxış edəcək və mövcud sualları cavablandıracaqlar.

Xatırladaq ki, konfransın əsas məqsədi son illərdə Azərbaycanın distant təhsil təcrübəsini, bu istiqamətdə görülən işləri, uğurlu dünya təcrübəsinin ölkəmizdə tətbiq perspektivlərini müzakirə etmək və gələcək hədəfləri müəyyən etməkdir. Onlayn baş tutacaq konfransda Təhsil Nazirliyi və ona tabe qurumların nümayəndələrinin, ali və orta-ixtisas təhsili müəssisələrinin rəhbərliyi, pedaqoji və inzibati heyətinin, tələbələr və maraqlanan digər şəxslərin iştirakı nəzərdə tutulub.   

Konfransda iştirak etmək üçün aşağıdakı keçiddən qeydiyyatdan keçməyiniz xahiş olunur:       

https://forms.office.com/r/GhdeCfPBYa

Qeydiyyat üçün son tarix 25 noyabrdır. Qeydiyyatdan keçənlərə növbəti həftə ərzində konfransın detalları və Zoom keçid linkləri elektron poçt vasitəsilə göndəriləcək.