Mətn üzrə işin təşkili: Abzas – məna vahidi kimi. Mətndə fakt və mülahizənin müəyyən edilməsi

Tarix: 24.11.2021
Paylaş:

Abzas – Məna vahidi kimi

Abzas mətndə bir əsas fikri ifadə edən cümlələr məcmusu və ya bütöv fikri ifadə edən bir cümlədir. Mətndə bir hissənin abzas olmasını cümlələrin sayı və quruluşu müəyyənləşdirmir. Məsələn, bəzi yazı üslublarında, xüsusilə publisistik üslubda  abzas bir cümlədən də ibarət ola bilər.

Abzasda nəyi ifadə edəcəyimizi necə müəyyənləşdirməliyik?

Abzasın təşkili üçün fikir, arqument və dəlillərinizi seçməlisiniz. Siz oxucuya hansı əsas fikri çatdırmaq istəyirsiniz? Abzasda informasiyalar əsas fikrinizlə bağlı olmalıdır. Başqa sözlə,  oxucu hiss etməlidir ki, hər bir abzasda tezis, yəni əsas fikir və informasiyalar arasında qırılmaz əlaqə var.  Tezis  mətni  yaradan toxuma bənzəyir. Bir toxumdan mükəmməl bir orqanizm yarandığı kimi, fikirlər sistemi də əsas ideyadan qaynaqlanır və  bütöv mətni əhatə edir.

Abzasların yazılması və əlaqələndirilməsi göydələnin tikilməsinə bənzəyir. Tikinti üçün mütləq sağlam bir fundament qoyulmalıdır. İstənilən kənar fikir  mətndə məntiqi əlaqənin pozulmasına səbəb ola bilər.

Abzasın yazılmasında bir sıra prinsiplər nəzərə alınmalıdır:

Vahidlik.

abzasda bütün cümlələr aparıcı fikir ilə, yəni abzasın tematik cümləsi ilə əlaqəli olmalıdır.  Abzaslardakı tematik cümlələr də, öz növbəsində, əsas ideya və ya mətnin tezisi ilə əlaqəli olur.

Rabitəlilik.

Cümlələr məntiqi ardıcıllıqla verilir, fikirlər mətnin planı əsasında inkişaf etdirilir.

Fikrin inkişaf etdirilməsi.

Aabzaslarda verilən hər bir fikir izah edilir, sübut və dəlillərlə dəstəklənərək bütövlükdə mətnin əsas ideyasının açılmasına xidmət edir. 

Bəs mətndəki dialoqlarda abzası necə müəyyənləşdirmək olar?

Abzas həm tipoqrafiya terminidir, həm də mətnşünaslıq. Tipoqrafiya termini olaraq abzas mətndə yeni sətri bildirir, mətnşünaslıq anlayışı kimi – məna vahidini. Yəni dialoqda bitkin bir nitq parçası abzas hesab olunur.

Əgər dialoq müəllif təhkiyəsindən kənarda bitkin bir hissə ola bilirsə, ayrıca bir abzas hesab etmək olar. Amma müəllif təhkiyəsindən kənarda məna vahidi ola bilməyən dialoqu abzas kimi fərqləndirmək olmaz. Bu zaman  dialoqun həmin hissəsini müəllif sözü ilə bərabər bir abzas kimi seçmək lazımdır.

Nümunəyə baxaq:

V sinif Ədəbiyyat dərsliyindən “Ana maral” əfsanəsinin bəzi hissələrini nəzərdən keçirək.

Əsərin qəhrəmanı Nurəli kişi ov zamanı başına gələn əhvalatı həyat yoldaşı Fatiməyə danışır. Nitqinin sonunda deyir: “Bundan sonra acından ölsəm də, ovçuluq etmərəm, nahaq qan tökmərəm”. Bundan sonra mətndə dialoji nitq verilir.

“Fatimə ərinə təsəlli verdi:

 – Ay kişi, sən ki ən böyük xeyirxahlıq eləmisən, day niyə qəm dəryasına batırsan?

 – Bəs indiyə kimi?..”

Bu qısa dialoqu abzas adlandıra biərikmi? Yoxsa özündən əvvəlki və yaxud sonrakı abzasın tərkibinə daxil etməliyik?

Bu dialoq özündən əvvəlki məna vahidindən yeni bir fikrə keçid təşkil etdiyi üçün və həmin dialoji hissədən sonra tamamilə yeni bir situasiya nəql olunduğu üçün müstəqil abzas kimi dəyərləndirilir. Həmin qısa, lakin dərin məzmunlu dialoqdan mətnlərdə hətta epiqraf kimi istifadə etmək olar.

Növbəti hissəyə baxaq:

“Aradan bir az keçəndən sonra Nurəli kişi fikirdən xəstəliyə düşdü. Nə qədər dava-dərman elədilər, nə qədər çiçəklərdən məlhəm düzəltdilər, xeyri olmadı, kişi şəfa tapmadı. Bir gün Bəhruz loğman kimi bir el həkiminin sorağını aldı. Çətinliklə olsa da, həkimi tapıb atasının üstünə gətirdi. Həkim qoca ovçuya baxan kimi dərdinə aşina oldu:

– Ay bala, heç bilmirəm, necə deyim, xəstənin davası əlacsız yerdədir. O, bir kasa maral qatığı içsə, anadangəlmə olar.

– Həkim, maralın südünü tapmaq müşkül məsələdir, o ki qatığı ola…

Həkim hamını ümidsiz vəziyyətdə qoyub getdi.”

Bu hissədə isə dialoqlar məntiqi əlaqə baxımından məna vahidi olaraq təhkiyə ilə bir bütöv təşkil edir.

Abzasda fikir hansı formada çatdırılır?

Abzası tərtib etməyin müxtəlif üsulları var. Seçəcəyiniz üsul yazdığınız mətnin janrından,  tipindən asılıdır. Fikrinizi müxtəlif  təqdimetmə formalarında ifadə edə bilərsiniz:

Təhkiyə:  Hadisəni danışın. Xronoloji qaydada əvvəldən axıradak  nəql edin.

Təsvir: Nəyin necə görünməsi, qoxusu, dadı və ya hiss edilməsi haqqında konkret təsəvvür yaradın. Bu, mətndə təzahürlərin təsviridir.

Proses: Nəyin necə fəaliyyət göstərməsini izah edin. Prosesin ardıcıllığını saylar və ara sözlər vasitəsilə ifadə edə bilərsiniz: birinci, ikinci, üçüncü; əvvəlcə, sonra, nəhayət  və s.

Təsnifat: Təzahürləri səciyyələndirin. Bunun üçün predmetlərin xüsusiyyətlərini sadalaya bilərsiniz.

İllüstrasiya: Situasiyaları nümunə gətirin və onların sizin fikrinizlə əlaqəsini izah edin.

Mühakimə: Seçdiyiniz mövzu və ya predmet haqqında fikirlərinizi söyləyin, münasibətinizi bildirin. Predmeti və ya situasiyanı müqayisə etmək, təhlil etmək, dəyərləndirmək fikrin mühakimə xarakterində verilməsidir.

Şagird essesinin abzaslarını bu baxımdan nəzərdən keçirək.

Kiçiklər də xeyirxahlıq edə bilər.

Xeyirxah insan heç bir zaman köməyini əsirgəmir: Səlim kimi, Əli kimi. Səlim “Təcili qan  axtarılır”, Əli isə “Xeyirxah Əli” hekayəsinin kiçik qəhramanlarıdır. İnsanın yaxşılıq etməyinin bünövrəsi  uşaqlıqdan qoyulur.

Əli və Səlimi birləşdirən cəhət xeyirxahlıq etmələridir. Hər ikisi azyaşlı olmalarına baxmayaraq, onlar həmişə hər kəsə kömək etməyə hazırdırlar. Hər bir insan yaxşılıq edə bilər. Yaş, var-dövlət – bunlar hamısı yanlış olan məhdudiyyətlərdir.

Əli kasıb sinif yoldaşına maddi kömək göstərir. O öz arzularının bünövrəsini uşaqlıqdan qoyur. O, böyüyəndə biznesmen olub imkansızlara kömək etmək istəyir.

Səlim  yaxın dostunun atasına qan verərək onun  həyatını xilas edir. Onun bu hərəkəti kiçikyaşlıların da yaxşılıq edə biləcəyini  sübut edir.

Yaş sadəcə insanın yaşadığı müddətdir. Yaşın insanın keyfiyyətlərinin formalaşmasında böyük əhəmiyyəti yoxdur.

V sinif şagirdi Turqut Nəhmətli

Mətnin birinci abzası mühakiməni təşkil edir. İkinci abzasda təsnifat aparılmışdır. Obrazlar ortaq xüsuiyyətlərinə görə səciyyələndirilmişdir. Üç və dördüncü abzaslarda illüstrasiya verilmiş və müəllif mühakiməsi ilə əlaqələndirilmişdir. Nəhayət, sonuncu abzasda yenə müəllif mühakiməsi öz ifadəsini tapmışdır.

Abzas da mətn kimi bitkin quruluşa malikdir. Abzasın da giriş, əsas və nəticə hissələri olur. Abzasın giriş hissəsində mətnin əsas fikri ilə səsləşən köməkçi fikir və yaxud əsas fikrin, yəni tezisin bir arqumenti verilə bilər. Abzasın əsas hissəsində həmin arqument faktlar və sitatlarla dəstəklənir. Nəticə hissəsində isə fikir ümumiləşdirilir. Buna görə də abzas mətn daxilində məna vahidi adlandırılır.

Mətndə fakt və mülahizələrin fərqləndirilməsi

Oxuduğunuz mətndə fakt və mülahizə fərqləndirə bilməniz üçün öncə fakt və fikir anlayışlarının fərqini anlamağınız vacibdir.

Fakt, mülahizə – çox zaman bir yerdə adı çəkilən bu anlayışların bir-birindən ciddi fərqi var. Hər hansı bir hökmün fakt və ya mülahizə olması təzahürün reallığından asılıdır. Fakt real olan təzahürü bildirir, dəlil və sənədlərlə əksini tapır. Mülahizə isə insanın nəyinsə haqqında düşüncələridir, nəzər nöqtəsidir.

Fakt termin kimi başqa sözlə – təsdiq olunmuş həqiqətdir, mülahizə isə faktlarla sübut oluna biləcək şəxsi nəzər nöqtəsidir.

Fakt dəlillərlə, statistika, sənədlərlə isbat olunan hadisə və informasiyalardır. Eyni zamanda, fakt insanların razılaşdığı yoxlanılmış, təsdiq edilmiş həqiqət və yaxud reallıqdır.

Mülahizə dedikdə fakt və dəlillərlə isbat oluna bilən yanaşmalar nəzərdə tutulur. İsbat oluna bilməyən şəxsi mülahizələr fərziyyə adlanır. Ehtimallar isə isbatı mümkün olan fikirlərdir. 

Mülahizənin formalaşmasına daha çox insanın hissi, düşüncələri, təəssüratları, arzuları, münasibəti, təcrübəsi, qavrayışı, dəyərləri təsir göstərir. Bütün bunların hamısı da bəzən dəlillərlə isbat oluna bilmir. Buna görə də hər hansı bir predmet haqqında hər kəsin şəxsi mülahizəsi fərdi fərqliliklərə görə müxtəlif olur.

Fakt və fikir arasında əsas fərqlər:

Fakt və mülahizə arasındakı fərqləri belə ümumiləşdirmək olar:

1. Fakt yoxlanıla bilən və təsdiqlənmiş hökmdür. Mülahizə isə nəyinsə haqqında ehtimaldır.

2. Fakt müşahidə və tədqiqatdan asılıdır, mülahizə təəssürata əsaslanır.

3. Fakt – obyektiv reallıq, mülahizə – subyektiv fikirdir.

4. Faktı dəlil və statistika ilə sübut etmək olur, mülahizə təsdiq olunmaya da bilər.

5. Fakt hamı tərəfindən qəbul olunması səviyyəsinə görə universaldır, mülahizə isə fərdi yanaşmalara görə dəyişə bilir.

6. Faktlar qərəzsiz olur, mülahizə qərəzli sözlərlə ifadə oluna bilər.

7. Fakt başqasının fikrini dəyişə bilir, mülahizə təsir göstərməyə bilər.

8. Fakt – real informasiyadır, onu müzakirə və mühakimə ilə dəyişmək olmur,  mülahizəni mühakimə və müzakirə ilə dəyişmək olar.

İnformasiyanın etibarlılığını və vacibliyini anlamaq, predmeti qiymətləndirmək və nəticəyə gəlmək üçün üçün fakt və mülahizə arasındakı fərqi bilmək lazımdır.

Nümunələr əsasında mətnlərdən fakt və mülahizəni fərqləndirməyi təcrübədən keçirək.

“Ağdam çörək muzeyi” mətninin bir hissəsində fakt və mülahizələri fərqləndirək.

Nümunə 1.

Çörəkbişirmə ən qədim və hörmətli peşələrdən sayılır. Çörəyin tarixi bəşəriyyətin tarixi qədər qədimdir. İsveçrənin Sürix şəhərindəki muzeydə ən qədim eksponatlardan biri 6 min il əvvəl bişirilmiş çörəkdir. Ölkəmizdə aparılan arxeoloji qazıntılar zamanı tapılan daşlaşmış buğda növləri eramızdan əvvəl VII­VI minilliyə aid edilir.

Ta qədimdən insanlar arasında dostluq rəmzi sayılan “Duz-çörək” anlayışı indi də öz əhəmiyyətini itirməyib. Hər xalqın çörəyə öz münasibəti var. Xalqımız çörəyi hər zaman müqəddəs tutub, onu nemətlərin şahı sayıb. Çörək bizdə dostluq, qardaşlıq, etibar rəmzidir. Xalqımızın çörəkdən istifadə mədəniyyətinin də özünəməxsus yazılmamış qaydaları var. Məsələn, insan çörəyə əl vurmamışdan əvvəl mütləq əllərini yumalıdır. Bu yalnız gigiyenik qayda deyil, həm də çörəyə hörmətin göstəricisidir. Ayaq üstə çörək yemək, çörəyi tərs üzünə qoymaq, yaxud arxada tutmaq çörəyə hörmətsizlik sayılır. Hələ son dövrlərədək qorunub saxlanan bir adətə görə, dəyirmana un üyütməyə ailənin “Əli bərəkətli” üzvü gedərdi. Dəyirmana gələnə “Çörəyiniz bol olsun” deyərdilər.

Mətnin ilk cümləsi mülahizədən ibarətdir. Bura çörəkçiliyin qədimliyi və hörmətli peşə olması fikri irəli sürülür. Mətnin ikinci cümləsində yenə  çörəkçiliyin qədimliyi ilə bağlı mülahizə irəli sürülür. Növbəti iki cümlə isə faktdan ibarətdir və irəli sürülən bu mülahizəni sübut edir.

Mətnin ikinci abzasında isə giriş hissənin ilk cümləsində vurğulanan hörmətli peşə olması mülahizəsi yeni fikirlərlə dəstəkləndikdən sonra faktlarla təsdiqlənir. İkinci abzasın ilk üç cümləsi mülahizə, nümunə gətirilənlər isə faktlardır.

Başqa bir nümunəyə baxaq.

Yaşlı və gənc nəslin sosial şəbəkələrə münasibəti kəskin şəkildə fərqlənir. Gənc nəslin saatlarla sosial şəbəkələrdə vaxt keçirməsini yaşlılar vaxt itkisindən başqa bir şey hesab etmir. Əslində, bu şəbəkələrin faydalı tərəfləri çoxdur. İnformasiyanın operativ çatdırılmasında, cəmiyyətdə müəyyən fikrin formalaşdırılmasında şəbəkələrdən səmərəli şəkildə istifadə etmək mümkündür.

Şəbəkələrdə şagirdlərə müxtəlif layihələr, maraqlı müzakirələr də təqdim edilir. Bunun üçün bağlı və ya açıq qruplar yaradılır. Şagirdlər bu müzakirələrə qoşulmaqla lazımi bilik və bacarıqlar əldə edə bilərlər. Gənc nəslin məsələyə fərqli yanaşması sosial şəbəkələrə böyüklərin münasibətini tamamilə dəyişə bilər.

Bu mətn isə mülahizələrdən ibarətdir. Mətndə irəli sürülən mülahizələri sübut etmək üçün araşdırma aparıb onu faktlarla zənginləşdirmək olar. Bunun üçün siz sosial şəbəkələrdə şagirdlərə təqdim olunan layihələr, müzakirələri araşdırıb üzə çıxararaq mülahizələri həmin faktlarla sübut edə bilərsiniz.

Məsələn, sosial şəbəkələrdə belə bir elan paylaşılmışdır:

Azərbaycanda ətraf mühitin qorunmasına dəstək məqsədilə yaradılmış ÖzünYarat onlayn platforması üzərindən “Gələcək sənin əlindədir” kampaniyası altında müsabiqə açıq elan olundu.

Platforma, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb və “Özün Yarat” mədəniyyətini təbliğ edir, lazımsız, yararsız və köhnə əşyalardan istifadə etməklə yeni və yaradıcı məhsulların yaradılması və tullantıların azaldılması məqsədini daşıyır.

Bu elanla bağlı məlumatı fakt olaraq mətnin ikinci abzasının birinci cümləsindən sonra əlavə etmək olar. Bunula da mətndə irəli sürlümüş mülahizələr öz sübutunu tapacaqdır.

Şagirdlər fakt və mülahizə anlayışlarını fərqləndirmək vərdişinə yiyələnməklə  mətndə onların yerini və əhəmiyyətini izah etmək bacarığına nail olacaqlar. Bununla da istənilən mətndəki fakt və mülahizəyə öz münasibtlərini ifadə edə biləcəklər. Mətndə fakt və mülahizəyə münasibət bildirmək isə faktın irəli sürülmüş mülahizəni sübut etmək üçün nə qədər uyğun olduğunu müəyyənləşdirməkdir.

Könül Aydın Nəhmətova,

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru