23-24 noyabr 2021-ci il tarixlərində Azərbaycan Texniki Universitetində (AzTU) Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan doktorantların və gənc tədqiqatçıların XXIV respublika elmi konfransı keçirilib.
Konfransın keçirilməsində əsas məqsəd gəncləri elmi yaradıcılığa fəal surətdə cəlb etmək və onların apardıqları elmi tədqiqatların nəticələrinin müzakirəsini təşkil etmək olub.
Konfransın açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, İstanbul Universitetitinin rektoru professor Dr. Mahmud Ak, AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev və Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin rəhbərləri iştirak edib.
Konfrans iştirakçılarını salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev qeyd edib ki, yeni nəsil texniki universitetlər sahibkarlıq ekosistemini və yüksək texnologiyalar bazarını formalaşdırmalı, ölkə iqtisadiyyatının qlobal rəqabət qabiliyyətini təmin etməlidir. V.Vəliyev bildirib ki, bu missiyaları həyata keçirmək üçün AzTU-nun 2021-2030-cu illər üçün inkişaf strategiyası hazırlanıb və universitetin Elmi Şurası tərəfindən təsdiqlənib.
Daha sonra çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hazırda Azərbaycan təhsilinin, elminin qarşısında duran əsas məsələ yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Nazir müavini qeyd edib ki, qloballaşan dünyanın yeni tələblərinə cavab vermək, ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə yeni nəsil mütəxəssislər yetişdirmək məqsədilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 5 beynəlxalq ikili diplom proqramının icrası nəzərdə tutulub.
AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru Vaqif Fərzəliyev çıxış edərək akademiyanın alimlərinin ali təhsil müəssisələrinin əməkdaşları ilə birgə elmi layihələrdə iştirakından danışıb.
Konfransda iştirak edən İstanbul Universitetinin rektoru Mahmud Ak da öz növbəsində rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev isə Azərbaycanda elm və innovasiyalar sahəsində görülən işlər və bu istiqamətdə aparılan siyasətdən danışıb.
Konfransda ARTİ-nin Psixologiya, Pedaqogika və Metodika bölməsi üzrə məruzələrin müzakirəsi üçün bölmə rəhbərləri olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Ramiz Əliyev və ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, professor İntiqam Cəbrayılov iştirak ediblər. Konfransda iştirak edən ARTİ-nin doktorantlarının və onların dissertasiya mövzularının adları aşağıda təqdim olunur. Sonda isə çıxış edən doktorantlara bölmə rəhbərləri tərəfindən sertifikatlar təqdim olunub.
1. Abuşov Ayaz Ümüdvar oğlu – “Azərbaycanda distant təhsil”
2. Həsənova Şəhla Telman qızı – “Kiçikyaşlı məktəblilərdə refleksiv bacarıqların formalaşmasının xüsusiyyətləri”
3. Məmmədova Lalə Məmməd qızı – “Layihə metodundan istifadə tələbələrdə motivasiyanın formalaşdırılması üsulu kimi”
4. Paşayeva Təranə Şəmistan qızı – “Səfərəli bəy Vəlibəyovun yaşadığı dövrdə Azərbaycanda ictimai-siyasi və pedaqoji mühit”
5. Piriyeva Təranə Zakir qızı – “Şəbəkə sosial təşkilat şərtlərində gənclərin peşəyönümünün təşkilati və idarə modelləri”