3 dekabr tarixində ARTİ tərəfindən icra olunan “Kibertəhlükəsizlik” təlim layihəsinin növbəti fazasına seçilmiş iştirakçılarla görüş keçirilib.
Görüşdə layihəyə seçilmiş 40 nəfər iştirakçı, ARTİ-nin Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Səbinə Babayeva və şöbənin əməkdaşları, layihənin təlimçiləri Miraqşin Abutalıbov və Pərvin Sadıqova iştirak ediblər.
Onlayn formatda keçirilən tədbirdə çıxış edən Səbinə Babayeva layihənin məqsədləri, xüsusiyyətləri və bu günə qədər layihə çərçivəsində görülən işlər, habelə layihənin uğurlu nəticələri barədə məlumat verib. S.Babayeva qeyd edib ki, layihənin məzunlarının əksəriyyəti informasiya təhlükəsizliyi sahəsində əmək fəaliyyətinə başlayıb.
Təlimçilər Miraqşin Abutalıbov və Pərvin Sadıqova yeni seçilmiş iştirakçılara uğurlar arzu edərək proqramın məzmunu ilə bağlı sualları cavablandırıblar.
Qeyd edək ki, layihənin təlimçiləri xaricdə təhsil alan, kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşan həmyerlilərimizdir. Pərvin Sadıqova proqram yoxlanılması və təhlükəsizlik üzrə “King’s College London”da kompüter elmləri namizədidir. Miraqşin Abutalıbov isə Oksford Universitetində proqram təminatı və sistemlərin təhlükəsizliyi üzrə magistr tələbəsidir.