Türkiyənin qabaqcıl universitetlərindən biri Bilkent Universiteti və Bilkent Holdinq tərəfindən 2002-ci ildə yaradılan və Türkiyənin ilk universitet texnoparkı (fond) olan Bilkent CYBERPARK-da Azərbaycanın nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasının təhsil nazirinin müşaviri Elnur Əliyev, ARTİ-nin direktoru Rüfət Əzizov, “Sabah.lab” Akselerasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlı, Bilkent CYBERPARK-ın baş meneceri Faruk İnaltekin, beynəlxalq proqramlarının rəhbəri Okan Yamak iştirak ediblər.
Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində baş tutan görüşdə ARTİ ilə Bilkent CYBERPARK-ın birgə həyata keçirə biləcəyi layihələr, proqramlar, həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Nəzərinizə çatdıraq ki, Bilkent CYBERPARK müxtəlif sektorlarda 240 qabaqcıl tədqiqat və inkişaf şirkəti, 5 araşdırma mərkəzi, 1 mikro nanoçip fabriki, 4500-dən çox işçi heyəti və 115.000 m2 qapalı sahəsi ilə Türkiyənin ən böyük texnoparklarından biridir və texnologiya əsaslı sahibkarlıq eko-sistemində mühüm yerə sahibdir.