Azərbaycan Respublikasının Təhsil İnstitutunun 90 illik yubileyinə həsr olunmuş hesabat tədbiri keçirilib

Tarix: 20.12.2021
Paylaş:

20 dekabr tarixində “Baku Marriott Hotel Boulevard”da Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) 90 illik yubileyinə həsr olunmuş hesabat tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə ARTİ-nin direktoru Rüfət Əzizov açıq elan edib. Rüfət Əzizov çıxışında bildirib ki, 90 il bundan öncə yaranan ARTİ tarixin müxtəlif dövrlərində özünü yeniləyə bilib və bu gün də öz layihələri, islahatyönümlü nailiyyətləri ilə aktuallığını itirməyib. ARTİ hər zaman Azərbaycanda pedaqoji fikrin formalaşmasında, inkişafında çox vacib rol oynayıb və hazırda ölkədə son illərdə baş verən təhsil islahatlarının tam mərkəzindədir. İnstitut cari işlərlə yanaşı, həm də gələcəyə yönəlik yeni çağırışların və yeni imkanların axtarışındadır. ARTİ davamlı olaraq qlobal trendləri və mövcud imkanları analiz edərək özünün daxili yenilənmə mədəniyyətini formalaşdırıb. Həmçinin institut nəzəri tədqiqatlarla yanaşı, davamlı olaraq tətbiqi pilot layihələr həyata keçirib. Bu layihələrin məqsədi gələcəkdə təhsil sisteminə daxil olmaqdır. R.Əzizov institutun həyata keçirdiyi layihələrin geniş miqyasından bəhs edib. O, ARTİ-nin gələcək planlarını açıqlayıb və ilk növbədə elmi-tədqiqat işlərinin və tədqiqatlara əsaslanan layihələrin daha da genişləndirilməsinin əhəmiyyətini, təhsillə bağlı müzakirələrdə institutun iştirakının daha da artırılmasının, eyni zamanda ARTİ ətrafında müxtəlif peşəkar şuraların yaradılmasının mümkünlüyünü bildirib. 

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev ARTİ-nin rəhbərliyini və əməkdaşlarını yubiley münasibətilə təbrik edib. Nazir çıxışında ARTİ-nin Azərbaycanın təhsil sistemindəki mühüm rolundan və gördüyü işlərdən bəhs edib. Emin Əmrullayev ARTİ-də təhsil nöqteyi-nəzərindən əsaslı şəkildə irəliyə doğru addımlar atıldığını, bu səbəbdən institutun uzunmüddətli təhsil təcrübəsi olan əməkdaşlarından bu dinamikanın öyrənilməsini, onların həyat təcrübələrinin dinlənilməsini, baş vermiş hadisələri, bu dövrdəki yanaşmaların vacibliyini vurğulayıb.  

Tədbirdə ARTİ-nin direktor müavini Ənvər Abbasov çıxış edərək institutun yaranma tarixindən və keçdiyi inkişaf yolundan danışıb. Ənvər Abbasov institutun təşkili illəri, müxtəlif illərdə instituta rəhbərlik edən şəxslər, institutun yetirmələri, fəaliyyət istiqamətləri, dövrlər üzrə araşdırılan məsələlər haqqında ətraflı məlumat verib. Həmçinin ARTİ-nin kiçik tarixi xronikası, fasiləsiz milli təhsil konsepsiyası, təhsil standartları və kurikulumların hazırlanması, dərsliklərin inkişafı, müasir pedaqoji məsələlərə dair tədqiqatlar vurğulanıb.

ARTİ-nin həyata keçirdiyi müasir təhsil islahatları haqqında institutun direktor müavini Ülkər Babayeva çıxış edib. Ülkər Babayeva ümumi təhsildə məzmun, tədris resursları, qiymətləndirmə tədqiqatları, inklüziv təhsil, olimpiadalar, müxtəlif yerli və beynəlxalq partnyorlarla birgə icra edilən layihələr, məktəbəqədər təhsil, “STEAM Azərbaycan” və “İcmaəsaslı məktəbəqədər təhsil” layihələri, təhsil işçilərinin peşəkar inkişafı, metodik dəstək, MİQ imtahanları, strateji təhsil tədqiqatları, elmi-pedaqoji kadrların hazırlığı, ATM-lərə dəstək, ARTİ-nin nəzdində yaradılmış “Sabah.lab” Akselerasiya Mərkəzinin fəaliyyəti haqqında məlumat verib.

Sonda ARTİ-nin əməkdaşlarına dövlət təltifləri və fəxri fərmanlar təqdim olunub.

Yubiley tədbirində Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən hazırlanmış musiqi və rəqs nömrələri təqdim olunub.

Tədbirdə ARTİ-nin, Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin, bir sıra dövlət qurumlarının və özəl müəssisələrin rəhbər heyəti iştirak edib.