Məktəblərdə mobbinq: təzahürləri, fəsadları və profilaktikası

Tarix: 24.12.2021
Paylaş:

Məktəblərdə yüksək təlim nəticələrinin əldə olunması təhsil müəssisələrində sağlam sosial-emosional mühitin yaradılmasından əhəmiyyətli dərəcədə asılıdır. Bu mühitin formalaşdırılması isə məktəb rəhbərliyinin kompleks şəkildə ciddi nəzarət mexanizminin təşkili ilə yanaşı, müəllim-şagird, valideyn-müəllim əməkdaşlığı, eləcə də məktəbin tərbiyə işləri üzrə direktor müavini, psixoloq, uşaq birliyi təşkilatı rəhbərlərinin səmərəli əməkdaşlığından keçir.

Məktəblərdə sağlam sosial-emosional mühitin formalaşmasına mane olan amillərdən biri də son zamanlar tez-tez rast gəlinən bullinq davranışlarıdır. Bullinq davranışlarının daha geniş forması isə mobbinq davranışlardır. Təəssüf ki, son illərdə məktəb kollektivlərində də bu davranışlar müşahidə edilməkdədir.

Mobbinq bullinqdən fərqli olaraq bir qrup tərəfindən bir şəxsə və qrupa qarşı yönəlmiş davamlı, məqsədyönlü aqressiv davranışdır. Geniş anlamda mobbinqi aqressorlar qrupu ilə onların “qurban”ı arasındakı münasibətlər kimi xarakterizə edirlər. Belə ki, bu münasibətlər qurbana çevrilən şəxsin və ya şəxslərin qrupdan, hətta məktəbdən uzaqlaşmasını,”qaçmasını” hədəfləyir.

“Mobbinq” termini elmə ingilis dilində olan “mob” sözündən gəlmişdir. Mənası “kütlə” deməkdir.

Latın dilində isə termin “qeyri-sabit izdiham” mənasını verən “mobile vulgus” ifadəsindən gəlir. Mobbinq anlayışı ilk dəfə XIX əsrin 60-ci illərinin ortalarında meydana çıxıb. İlk əvvəl onun haqqında quşların davranışını araşdıran Avstraliya zooloqu, heyvanların davranışları haqqında elmin – etologiyanın yaradıcısı, fiziologiya və tibb sahəsi üzrə Nobel mükafatı laureatı Konrad Lorents öz əsərlərində yazıb.

Sonralar isveçli məktəb həkimi Peter-Paul Hayneman uşaqların davranışı barədə apardığı tədqiqatların nəticəsində qələmə aldığı “Mobbinq – Uşaqlar və böyüklər arasında qrup zorakılığı” kitabında bu anlayışdan istifadə edib.  1960-cı illərdə heyvan davranışını araşdıran Lorenz tərəfindən kiçik heyvan qruplarının böyük bir heyvanın təhlükəsinə reaksiyasını ifadə etmək üçün istifadə edilmişdir.

İsveç doktoru, psixoloq Hans Leymann daha sonra eyni qrupdan bir qrup uşağın tək uşağa qarşı hərəkətlərini tədqiq edərək 1984-cü ildə bu davranışı mobbinq və ya “psixoloji terror” adlandırdı. H. Leymann bunu “bir və ya daha çox insanın digərinə, əsasən də, birinə qarşı yönəlmiş mütəmadi olaraq düşmən və etik olmayan münasibətini” ehtiva etdiyini qeyd edərək mobbinq üçün səciyyəvi olan 45 davranış dəyişikliyini müəyyənləşdirdi. Bu davranışlara zəruri məlumatların gizlədilməsini, sosial təcridi, böhtanı, davamlı tənqidi, əsassız şayiələrin yayılmasını, istehzanı və s. əlavə etdi.

Mobbinq istənilən kollektivdə rast gəlinən bir prosesdir. Bu yazımızda biz məktəblərdə müşahidə olunan mobbinq barədə danışacağıq, onun profilaktikası və aradan qaldırılması yollarını nəzərdən keçirəcəyik.

Mobbinq – kollektivdə bir şəxsə qarşı kütləvi şəkildə psixoloji təzyiq formasıdır.

Məktəb mobbinqi də məktəbdə bir nəfərin davamlı olaraq sinif, hətta məktəb idarəçiləri, müəllimləri tərəfindən hər hansısa səbəbdən emosional təzyiqlərə məruz qalmasıdır.

Mobbinqdə 3 tərəf mövcud olur:

– mobbinqi həyata keçirən, ona təhrik edən lider;

– icraçılar;

– qurban.

Aparılan tədqiqatlar nəticəsində məktəblərdə 44% 1-9-cu, 27% isə 10-11-ci sinif şagirdlərinin mobbinqə məruz qaldığı müəyyən edilmişdir. Statistika göstərir ki, hər dörd uşaqdan biri məktəbdə digərləri tərəfindən zorakılığa məruz qalır.

Mütəxəssislər tərəfindən mobbinq davranışlarının geniş yayılmış bir neçə növü təsnif olunur:

Məktəbdə baş verən mobbinq davranışları barədə doğru bildiyimiz yanlışlar vardır. Xüsusən də bir çox hallarda təhsil işçiləri belə davranışların məhz şagirdlər arasında olduğunu sanki qanunauyğunluq kimi qəbul edir. Lakin bu çox yanlışdır. Məktəb mobbinqi yeniyetmə, hələ tam şəxsiyyət kimi formalaşmamış şagirdlərin gələcək həyatı üçün böyük təhlükə hesab edilir. Həmyaşıdları tərəfindən zorakılığa məruz qalan uşaqlar təkcə məktəb illərində deyil, yetkinlik dövründə də özlərini qurban kimi apara bilərlər.

Məktəbdə daimi psixoloji zorakılıq şagirdlərdə aşağıdakı problemlərə səbəb olur:

Araşdırmalar sübut edir ki, mobbinqin ən böyük təhlükəsi ondan ibarətdir ki, istənilən uşaq onun qurbanı ola bilər. Onun digərlərindən fərqlənməsinə ehtiyac yoxdur, baxmayaraq ki, qurbanlar daha çox “hamı kimi deyil” əsasında seçilir. Bu xüsusiyyətlərin daşıyıcıları, əsasən, xəstə uşaqlar, hər hansı fiziki qüsuru olan, özünüdərketmə problemi olan, həssas, inkişafdan geri qalan və ya əksinə, məktəbdə başqalarından daha uğurlu, fəal və liderlik xüsusiyyətlərinə malik olanlar da olur. Tədqiqatlar nəticəsində o da müəyyən edilmişdir ki, bəzən keçmiş qurbanın özü də sonradan mobbinq törədən şəxsə çevrilir və hətta onu təqib edənlərdən daha qəddar olur.

Tədqiqatçıların fikrinə görə mobbinq problemi fərdi xüsusiyyətlərdən yox, daha çox məktəbdə mövcud olan qeyri-sağlam sosial-emosional mühitdən asılıdır. Müşahidələr göstərir ki, bəzən belə hallar elə müəllimlərin təhrikləri ilə, onların hadisələrə müdaxilə etməməsi nəticəsində baş verir.

Bəs mobbinq davranışlarını müəyyən etmək üçün hansı addımlar atılmalıdır? Mobbinq davranışlarını nəzarətə götürmək üçün müəllimlər nə etməlidir? Məktəb kollektivi bu istiqamətdə hansı prosedurları müəyyən etməli və icra etməlidir?

Mobbinqin profilaktikası üçün məktəb təkcə müəllim və şagirdlərlə iş aparmaqla kifayətlənməməli, valideynlərin də maariflənməsinə, onların da bu prosesə cəlb edilməsinə səy göstərilməlidir. Xüsusilə, bu istiqamətdə məktəb psixoloqu, məktəbin tərbiyə işləri üzrə direktor müavini, uşaq birliyi təşkilatı rəhbəri, sinif rəhbərləri birgə fəaliyyət göstərməli, müxtəlif görüşlər, mütəxəssislərin iştirakı ilə seminar və treninqlər təşkil edə bilərlər.

Mobbinq davranışları ilə bağlı ən əsası onu bilmək lazımdır ki, bu davranışlar vaxtında müəyyən olunmasa və dərinləşsə, mobbinqə məruz qalan şagirdlərin hətta həyatı üçün də təhlükə yarana bilər. Çünki hər bir şagirdin psixikası müəyyən təzyiqlərə qarşı dözümlü olur. Güclü iradə, güclü dəstək hər kəsdə olmaya bilər. Davamlı mobbinqə məruz qalan şagirdlərin intihara meyillənməsi də qaçılmazdır. Hətta İsveçdə aparılan araşdırmalar göstərir ki, mobbinqə məruz qalan şagirdlərin 15%-i intiharı çıxış yolu olaraq seçiblər.

Bu səbəbdən məktəb psixoloqları mütləq şəkildə bu istiqamətdə məktəb rəhbərləri, müəllimlər və valideynlərlə davamlı maarifləndirmə işləri aparmalı, mobbinqin qarşısının alınması istiqamətində birgə tədbirlərin təşkilinə əhəmiyyət verməlidirlər.

Ramin Mahmudov,

Quba Rayon Təhsil Şöbəsinin metodisti