BP və tərəfdaşlarının Azərbaycanda təhsilin inkişafına dəstək səylərinin bir hissəsi olaraq həyata keçirdikləri “Mühəndislikdə gender balansı və karyera bələdçiliyi” layihəsi uğurla başa çatıb. Layihənin icraçısı Azərbaycan Respublikasının Təhsil İnstitutudur (ARTİ).
Layihənin məqsədi karyera seçimi etmək istəyən yuxarı sinif şagirdlərinə seçimdə kömək etmək və qızların mühəndisliyə yönəlməsi yolunda maneələri araşdırmaq olub.
Birinci hədəf üzrə “Dərs Evi”nin tərəfdaşlığı ilə Bakı şəhərində yerləşən 5 ümumi təhsil müəssisəsinin VIII-X sinif şagirdləri arasında karyera seçiminə dair seminarlar və “Karyera bələdçisi” testi keçirilib. Müvafiq testi keçmiş şagirdlərin seçdikləri peşədə uğurlu olmaları üçün hansı bilik və bacarıqları təkmilləşdirməyə ehtiyac duyulduğu aşkarlanıb. Bundan sonra şagirdlər həmin sahələr üzrə təlimlərə cəlb olunublar. Ümumilikdə layihənin bu komponentindən 508 şagird faydalanıb.
İkinci hədəf üzrə isə mühəndislik sahəsində qadınların sayının az olmasının səbəbləri araşdırılıb. Bu məqsədlə şagirdlər, valideynlər və tələbələr üçün üç növ sorğu hazırlanıb. Sorğularda Bakı şəhərində yerləşən 44 ümumi təhsil müəssisəsindən 1338 nəfər IX, X və XI sinif şagirdi, 610 valideyn və 8 universitetdən 307 tələbə (yalnız qızlar) iştirak edib. Nəticələr göstərib ki, mühəndis qadınların sayının az olmasına təsir edən əsas amil müvafiq sahə üzrə məlumat yetərsizliyidir.
Layihə çərçivəsində aparılan tədqiqatın nəticələri haqqında ətraflı məlumat ARTİ tərəfindən ictimaiyyətə təqdim ediləcək.