“Müasir Azərbaycan dili dərslikləri və yenilənən orfoqrafiya qaydalarının dərsliklərə təsiri” mövzusunda Azərbaycan dili müəllimləri ilə görüş keçirilib

Tarix: 24.01.2022
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi 24 yanvar 2022-ci il tarixində “Müasir Azərbaycan dili dərslikləri və yenilənən orfoqrafiya qaydalarının dərsliklərə təsiri” mövzusunda Azərbaycan dili müəllimləri ilə görüş keçirib.

Rafiq İsmayılov yeni nəsil dərsliklərinin hazırlanma prosesi, ibtidai təhsil səviyyəsində istifadə olunan yeni Azərbaycan dili dərsliklərinin məzmun və struktur fərqləri, dilin tədrisində yeni konseptual yanaşmalar haqqında geniş məlumat verib. O, yeniliklərdən biri kimi ibtidai sinif səviyyəsi üzrə yeni dərsliklərdə şagirdlərin söz ehtiyatının artırılmasına sistemli yanaşıldığını və ibtidai təhsildə şagirdlərə 160 akademik sözün öyrədilməsinin nəzərdə tutulduğunu qeyd edib. R. İsmayılov bildirib ki, akademik söz ehtiyatı təkcə dil qaydaları üzrə deyil, oxuyub-anlama və yazı məzmun xəttini də əhatə edir. 

Yeni nəşr olunan orfoqrafiya lüğətinin rəyçisi Şəhla Əhmədova isə lüğətdəki yeni yanaşmalar və müzakirə olunan mübahisəli məqamlara aydınlıq gətirib. 

Görüşdə yeni nəsil Azərbaycan dili dərsliklərinin müəllifi Rafiq İsmayılov, Bakı Slavyan Universitetinin Müasir Azərbaycan dili kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Şəhla Əhmədova, MDPİM-in şöbə müdiri Elxan Nəcəfov, dərslik müəllifləri Aynur Rüstəmova, Aysel Xanalıyeva, həmçinin ümumtəhsil müəssisələrində Azərbaycan dili fənnini tədris edən müəllimlər iştirak edib.

Qeyd edək ki, görüşdə müəllimlərin dərsliklərin məzmunu ilə bağlı irad və təklifləri dinlənilib, orfoqrafiya lüğətlərində aparılan intensiv dəyişikliklərin dərsliklərin məzmununa mənfi təsir göstərməsi məsələsi müzakirə olunub.