“Regional bilik mübadiləsi vasitəsilə beynəlxalq təhsilin genişləndirilməsi” adlı beynəlxalq konfrans təşkil olunub

Tarix: 25.01.2022
Paylaş:

 ABŞ-ın Azərbaycandakı və Gürcüstandakı səfirlikləri tərəfindən 19-21 yanvar 2022-ci il tarixlərində Tbilisidə “Regional bilik mübadiləsi vasitəsilə beynəlxalq təhsilin genişləndirilməsi” adlı beynəlxalq konfrans təşkil olunub.

     Üç günlük beynəlxalq proqram peşəkar seminarlar və müxtəlif mədəni tədbirləri əhatə edib.

    Tədbirdə şəbəkələşmə, fikir mübadiləsi və dialoq üçün Azərbaycan universitetlərindən beş nümayəndə və onların gürcüstanlı həmkarları bir araya gəlib. Hər iki ölkədə beynəlxalq təhsil işçiləri arasında işgüzar əlaqələrin yaradılması istiqamətində geniş müzakirələr aparılıb.

    Tədbirdə təhsil nazirinin müşaviri Nicat Məmmədli, “2019-2023 Dövlət Proqramı” İdarəetmə qrupunun rəhbəri Turan Topalova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva iştirak edib.

    Nazir müşaviri Nicat Məmmədli konfransın salamlama mərhələsində iştirak etmiş, beynəlxalq təhsil təcrübələrinin təhsildə əhəmiyyətindən danışmışdır. O, çıxışında Gürcüstanla təhsil əməkdaşlılığının genişləndirilməsinin vacibliyini qeyd edib.

    Turan Topalova “Ali təhsildə beynəlxalq rəqabətlilik” mövzusu ətrafında beynəlmiləlləşmənin təhsilə təsirləri, ali təhsildə tələbə mobilliyinin vacibliyi haqqında çıxış edib. Eyni zamanda, T.Topalova beynəlxalq təhsil proqramları, xaricdə doktorantura təhsili və beynəlxlaq ikili diplom proqramları haqqında ətraflı məlumat verib.

    Ülkər Babayeva çıxışında ARTİ-nin fəaliyyət istiqamətləri, təhsilin müxtəlif səviyyə və pillələrinə verdiyi dəstək, xüsusilə ali təhsil müəssisələrinin göstərdiyi xidmətlər haqqında məlumat verib. Ü. Babayeva həmçinin ikili diplom proqramları, beynəlxalq təhsil proqramları, tələbə mübadilə proqramları, iş dünyası və tələbələr və s. layihələrdə ARTİ-nin rolu haqqında ətraflı məruzə edib.