ARTİ-nin direktor müavini Aydın Əhmədovun doğum günü

Tarix: 28.01.2022
Paylaş:

ARTİ-nin direktor müavini Aydın Əhmədovun yubiley yaşı münasibətilə 26 yanvar 2022-ci il tarixində tədbir təşkil olunmuşdur.

Aydın Əhmədov 1952-ci il yanvar ayının 26-da Bakı şəhərində tanınmış alim, dilçi-metodist Əhəd Əhmədovun ailəsində dünyaya göz açmışdır. 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin  (keçmiş V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu) filologiya fakültəsinə daxil olub və fərqlənmə diplomu ilə bitirmişdir.

Aydın Əhmədov ilk müəllimlik fəaliyyətinə Bakı şəhərinin 233 nömrəli məktəbində dil-ədəbiyyat müəllimi kimi fəaliyyətə başlamışdır. Az vaxtda topladığı qabaqcıl təcrübə onu rayonun pedaqoji ictimaiyyəti arasında tanıtdırıb. Nəticədə, Aydın müəllim 106 nömrəli məktəbin direktor müavini, sonra isə Xətai Rayon Təhsil Şöbəsinin metodisti vəzifələrinə irəli çəkilmişdir.

Aydın Əhmədov 1979-cu ildə Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunda (sonralar Azərbaycan Müəllimlər İnstitutuna çevrilmiş və Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birləşdirilmişdir) metodist vəzifəsində, 1982-ci ildə Maarif Nazirliyinə (indiki Təhsil Nazirliyinə) işə qəbul edilmiş, metodist, inspektor, idarə rəisi vəzifələrində çalışmışdır. 1995-1999-cu illərdə Bakı şəhər Baş Təhsil İdarəsində rəis müavini, 1999-2020-ci illərdə isə Təhsil Nazirliyinin ümumi təhsil şöbəsinin rəisi vəzifələrində işləmişdir. 2020-ci ilin yanvarından isə Təhsil İnstitutuna direktor müavini vəzifəsinə təyin olunmuşdur.

Aydın Əhmədov kurikulum məsələlərinin araşdırılması ilə bağlı xeyli sayda məqalələr yazmışdır. Bunlardan: “Respublika Kurikulum Şurası yaradılacaq” (2003),  “Azərbaycan Respublikasının ümumi təhsil sistemində məzmun islahatları: perspektivlər və gözlənilən nəticələr” (2005), “Azərbaycan Respublikasının ümumi təhsil sistemində kurikulum siyasəti: real nəticələrə doğru” (2006),  “Ümumi təhsil sistemində kurikulum islahatı: real nəticələrə doğru” (2008), “Kurikulum islahatları dövrün tələbidir” (2008), “Kurikulum nəzəriyyəsi və praktika – təhsil kurikulumlarının xarakterik cəhətləri” (2009), “2009-2010-cu tədris ilində I siniflərdə dərs deyəcək müəllimlər üçün yeni fənn kurikulumlarının tətbiqi üzrə təlim kursunun materialları” (2009), “Ümumi təhsilin dövlət standartlarının layihəsi hazırlanıb” (2018) adlı məqalələri var.

Aydın müəllimin məqalələrində, həmçinin əlahəzrət uşaq problemi öndə dayanır, onların inkişafı prioritet hesab edilir. Hələ 1988-ci ildə yazdığı “Yaxşı nə varsa, uşaqların olmalıdır” məqaləsində gəldiyi qənaət bundan ibarətdir ki, hər şey uşağın xeyrinə həll edilməlidir. Bu ideya “Təhsilin humanistləşdirilməsi üçün nələr vacibdir” (1996), “Təhsil prosesi uşağın istək və arzularına cavab verməlidir” (1997) məqalələrində inkişaf etdirilir, bununla müasir dövrün şagirdyönümlü təhsil şəraitinin formalaşması ideyasına təkan verilir, sonralar bu ideyalar ölkəmizin təhsil islahatının prinsiplərindən birinə çevrilir.

Eləcə də, “İnternat məktəblərimiz əvvəllərdə olduğundan daha artıq diqqətə və qayğıya möhtacdır” (1993), “Yeni dərs ili, yeni vəzifələr” (2004), “Ümumi təhsil sahəsində bir neçə istiqamət üzrə islahatyönümlü tədbirlər həyata keçirilir” (2012), “Ümumi təhsildə inteqrasiya: müasir yanaşmalar” (2013), “Səmərəli planlaşdırma nailiyyətlərin əsasıdır” (2017), “Ümumtəhsil məktəblərində uşaq və gənclərlə aparılan ideoloji işin əsas istiqamətləri” (2018) və sair əsərlərdə təhsilin planlaşdırılmasından, internat məktəblərinin idarə olunmasındakı spesifiklikdən, ümumi təhsildəki inteqrasiyadan, dərs ilinin başlanğıcında tədris ilinə hazırlığın başlıca istiqamətlərindən bəhs olunur.

Hələ 1973-cü ildə yazdığı “Atalar fəxr edə bilərlər” adlı məqaləsində özünün istedadı ilə fərqlənən uşaqlar haqqında bəhs etmiş, onların böyük gələcəyi olduğunu, valideynlərinin fəxrinə çevrildiklərini və bunun çox böyük bir dəyər olduğunu qeyd etmişdir. Həmçinin, “Xüsusi istedad axtarışı prosesində “buz tərpəndi” (2006), “İstedada qayğı–gələcəyə təminat” (2007) və digər yazılarında istedadlılarla işi taleyüklü bir təhsil hadisəsi kimi dəyərləndirmiş və onun təşkilinə gələcəyin potensial imkanı baxımından qiymət vermişdir.

Aydın müəllimin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 2005-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. 2011-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2012-ci ildə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

Aydın Əhmədovu anadan olmasının 70 illiyi münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı və daha böyük yaradıcılıq uğurları arzulayırıq.