Pedaqoji fəaliyyətdə müxtəlif təbiətli şagirdlərlə qarşılaşırıq. Elə şagirdlər olur ki, onlar aqressiv təbiətə malik olurlar. Onlar həm sinif yoldaşları, həm də müəllimlərlə tez-tez gərgin anlar yaşamalı olurlar. Ancaq bir müəllim olaraq bizim üçün bütün təhsilalanların bir adı var: Şagird. Və müəllim pedaqoji fəaliyyətində Yan Komenskiynin bir fikrini özü üçün şüar etməlidir: “Yüksək əqli imkanlara və bacarıqlara malik uşaqlar var, lakin onların dəcəlliyi və inadkarlığı üzündən hamı onları inkar edir, yararsız hesab edir. Bu uşaqlara düzgün yanaşmanı tapıb tərbiyə etsək, onlar dahi olaraq böyüyərlər”.
Tədris prosesində aqressiv təbiətli şagirdlərlə iş apararkən aşağıdakı tövsiyələrdən faydalanmaq olar:
1. Ən yaxşı nümunə olmaq.
Jozef Jubert yazırdı: “Uşaqların nəsihətdən çox yaxşı nümunəyə ehtiyacı var”. Unutmayaq ki, şagirdlər ən yaxşıları həyatlarına nümunə götürür və onların hərəkətlərini təqlid edərək böyüyürlər. Məhz nümunəvi müəllim olaraq aqressiv şagirdlər üçün ideal ola bilərsən. Onlar sənin əməllərindən ibrət ala, gələcəkdə sakit təbiətli bir insan ola bilərlər.
2. Aqressiv təbiətli şagirdləri yaxşı tanımaq.
Məktəb həyatında onları hirsləndirəcək nüansları müəyyənləşdirmək və məntiqi şəkildə bu şeylərdən uzaq tutmaq lazımdır. Müəllim üçün ən vacib məsələ qarşısındakı şagirdləri dərindən tanımaq, onların xarakterindəki ən incə məqamları anında sezməkdir. Usta müəllim olmaq istəyirsənsə, usta da psixoloq olmalısan.
3. Danışarkən səs tonunu nəzərə almaq.
Yüksək səslə danışıq aqressiv şagirdləri bir qədər də aqressivləşdirir, onlara şüuraltı mənfi təsir göstərir. Qışqırmaqla, onların üzərinə yeriməklə heç nə əldə edə bilməzsən. Əksinə, məsələləri daha da gərginləşdirə, fərqli məcralara yönəldərsən. Çalış ki, qəlblərə asta səslə usta yol tapan ol.
4. Fiziki cəza tədbirlərini ağlının ucundan da keçirməmək.
Aristotel yazırdı: “Döyməklə uşağı yalnız korlamaq olar”. Ən qəzəbli anda belə səsini yüksəltmək, şagirdlərə əl qaldırmaq düzgün üsul deyil. Qarşınızdakı şagirdlər də qışqıra bilərlər, özünümüdafiə tədbirinə əl atarlar. Ən yaxşı üsul onların sakitləşməsi üçün şərait yaratmaqdır. Hətta divarı belə yumruqlamalarına göz yummaq lazımdır. Çünki bu zaman onlar bütün hirslərini cansız əşyaların üzərinə tökəcək və sakitləşəcəklər.
5. Sevgi ilə yanaşmaq.
Jilbern Sesborn yazırdı: “Sevgi görməyən uşaq uşaqlığını yaşaya bilmir. O, müdafiəsiz böyüyə çevirilir”. Aqressiv şagirdlər müəlliminin onlara nə qədər sevgi hissi ilə yanaşdığını ruhən duymalıdırlar, daha özlərini təklənmiş, müəllim sevgi və şəfqətindən məhrum olmuş kimi hesab etməməlidirlər.
6. Sosial davranış qaydalarını izah etmək.
Onlara cəmiyyətdə rolunu xatırlatmalı, etik davranış qaydalarından, şagirdlərin hüquq və vəzifələrindən hər fürsətdə danışmaq gərəkdir. Müəllimlər və digər məktəblilərlə necə münasibət qurmalı olduqlarını nəzərlərinə çatdırmalısan. Onlara davranışları ucbatından yoldaşlarını itirə biləcəyini xəbərdar etməlisən.
7. Səbrlə səhvlərini izah etmək.
Aqressiv şagirdlər qəzəbli, sərt olduğu vaxtlarda onlarla ünsiyyət alınmaz. Sakitləşmələrini gözləmək, daha sonra nəyi səhv etdiklərini sakit səslə izah etmək lazımdır. Onlara “siz tərssiniz”, “siz aqressivsiniz” kimi cümlələr işlətməməli, bu zaman özün də tərsləşməməlisən. Aqressiv olduğu zamanlarda şagirdlərə “yox” deməyi bacarmalısan. Ancaq sonra bu “olmaz”ın izahını da verməyi unutmamalısan.
8. Hər bir dəcəlliyə qadağa qoymamaq.
Jan Jak Russo yazırdı: “Uşağınızdan müdrik bir insan yetişdirmək istəyirsinizsə, onun dəcəlliyini məhv etməyin”.
Hansısa bir dəcəlliyə göz yummaq da ustalıq tələb edir. Dəcəlliyə görə qoyulan qadağa hər zaman effekt verə bilməz. Odur ki, hər hansı bir qadağa qoyarkən onu səbrlə izah etməli, qadağalar çərçivəsində qazandıqlarını, əks vəziyyətdə isə itirəcəklərini sadalamalısan.
9. Müsbət hesab etdiyiniz davranışlarını qiymətləndirmək.
Aqressiv şagirdlərin də potensialları var. Peşəkar müəllim kimi bu poetensiallar üzə çıxarmalı, həmin şagirdləri yüksək qiymətləndirməli, hətta mükafatlandırmalısan. “Gözəl söz ən böyük mükafatdır” deyimini unutmayaq. Xəsislik etmədən ən yaxşı sözlərlə onlara qürur hissi yaşatmaq olar:
– “Əhsən! Mən sənə inanırdım!”
– “Bəli, Sən bunu bacardın!”
– “Afərin! Yoldaşların da səninlə fəxr edir!” və s.
Bu xoş sözlər onlarda özünəinam hissi yaradacaq.
10. Yoldaşları ilə ünsiyyət qurmasını təmin etmək.
Məhəmməd peyğəmbər buyurmuşdur: “Sizin ən yaxşınız ən gözəl xasiyyətlinizdir, o kəsləriniz ki, özləri başqaları ilə ünsiyyət tuturlar, başqaları da onlarla ünsiyyət tuta bilir”.
Ünsiyyətin sosial tələbat olduğunu bilərək aqressiv təbiətli şagirdlərin öz yoldaşları ilə birgə daha çox vaxt keçirmələrinə şərait yaratmalısan. Bu onlara öz vəzifə və məsuliyyətlərini dərk etməyə yardım edəcək. Lakin onların digər aqressiv şagirdlərlə “dostluq” etməsinə imkan verməmək lazımdır.
11. Gerçəkləri göstərməklə aqressiv şagirdlərin güvənini qazanmaq.
Dərslərinin birində müəllim şagirdlərə belə bir tapşırıq verir:
– Hər kəs yumruqlarını sıxsın, növbə ilə əvvəlcə sağ əlinin şəhadət barmağını, daha sonra isə sol əlinin şəhədət barmağını yuxarıya qaldırsın.
Bunu deyən müəllim barmaqlarını yumuruq şəklində yığaraq baş barmağını yuxarıya qaldırır. Şagirdlər də müəllimin bu hərəkətini təkrar edirlər. Bunu görən müəllim deyir:
– Əziz şagirdlər, mən sizə şəhadət barmağınızı yuxarıya qaldırın desəm də, özüm baş barmağımı yuxarıya qaldırdım. Sizlər isə mənim hərəkətlərimi eynilə təkrar etdiniz. Yadda saxlayın, şagirdlər müəllimlərinin dediklərini yox, göstərdiklərini daha tez öyrənirlər. Çünki mənə güvəndiniz.
Bəli, məhz güvənəcək müəlliminin sayəsində aqressiv şagirdlər də sabahın güvənli insanları olacaqlar.
Şagirdlərimizi qoruyaq, onlara nümunə olaq, onların nümunəvi olmasının təməllərini ataq.
Məhəmməd Füzuli “Leyli və Məcnun” poemasında yazırdı:
Bir səf qız oturdu, bir səf oğlan,
Cəm oldu behiştə huri qılman.
Məktəbi behiştə, şagirdləri isə hurilərə və qılmanlara bənzədən dahi şairimiz biz müəllimlərin ikinci evini və mənəvi övladlarını necə də gözəl təsvir etmişdir.
Hazırladı: Quliyev Əli
Beyləqan rayonu Əlibala Şirinov adına Dünyamalılar kənd 1 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini
Mənbələr:
1. Saldırganlık: Kişilerarası İlişki Tarzları ve Empati Açısından bir İnceleme. Ankara Üniversitesi Sosyal Bilimler Dergisi, 2017
2. “Müasir dövrün aktual problemləri”, Bakı, 2010
3. Ə.X. Paşayev, F.A.Rüstəmov “Pedaqogika”. “Çaşıoğlu” nəşriyyatı, 2002
4. Məhəmməd Füzuli, əsərləri altı cilddə, ikinci cild, “Şərq-Qərb” nəşriyyatı, 2005
5. “Ümumi psixologiya”. Bakı, 2014
6. “Lise Öğrencilerinin Şiddet ve Saldırganlık Eğilimleri”. Türk Eğitim Bilimleri Dergisi, 2005