Kəkələməyə ümumi baxış
Cəmiyyətdə şifahi ünsiyyət çox önəmlidir və hər bir fərddən rahat, anlaşılan, axıcı bir şəkildə özünü ifadə etməsi gözlənilir. Kəkələməsi olan şəxslər isə bu mövzuda dezavantaja sahibdirlər. Nitq pozuntularından biri olan kəkələmə sadəcə danışıqda problem yaratmır, eyni zamanda sosiallaşma prosesində də böyük maneələr törədir. Kəkələmə insanın özgüvəninə, həyata baxışına, özünə hörmətə və digər insanlarla ünsiyyətinə təsir edən önəmli bir hadisədir.
Məktəbin insan həyatındaki əhəmiyyəti danılmazdır. Akademik biliklər, sosial bacarıqlar və digər həyati təcrübələr elə məktəb dövründə öyrənilir. Uşaqlar günlərinin çox hissəsini məktəbdə müəllimləri və sinif yoldaşları ilə keçirir. Kəkələmə problemi olan şagirdin də digər şagirdlər kimi özünə inanan, müstəqil bir şəxs ola bilməsi üçün lazım olan sevgi və təsdiqlənmə hissini ona verə biləcək önəmli şəxslərdən biri də müəllimdir . Müəllim bu mövzuda şagirdinə kömək edə bilməsi üçün kəkələmə haqqında müəyyən biliklərə sahib olmalıdır.
Kəkələmə nədir?
Kəkələmənin bir neçə tərifi var və hər tərif kəkələmənin müxtəlif xüsusiyyətlərini vurğulayır.
Kəkələmə sözlərin, səslərin və ya hecaların təkrarlanması, danışıqda fasilələr və qeyri-bərabər nitq sürəti ilə xarakterizə olunan nitq pozğunluğudur.
Səs, heca, söz təkrarları və uzatmaları, fasilələr, danışmaqda çətinlik kimi göstəricilərlə nitqin axıcılığı və ritmində meydana gələn pozuntular kəkələməlik olaraq adlanır.
Kəkələməliyin ən geniş və sistematik tərifi Vinqeyt tərəfindən verilmişdir. Ona görə kəkələməlik sözlü ifadənin axıcılığında səslərin və hecaların qeyri-ixtiyari, eşidilən ya da eşidilməyən təkrarlanmalar və uzatmalar şəklində tez- tez, idarə oluna bilməyəcək şəkildə bölünməsidir. O, eyni zamanda həyəcan, sıxıntı, qorxu, aqressiya kimi neqativ duyğuların kəkələməliklə birlikdə müşahidə oluna biləcəyini vurğulamışdır.
Kəkələməliyin növləri
Kəkələməlik yaranma səbəblərinə görə 3 növə ayrılır:
1. Fizioloji (inkişaf) kəkələmə: Uşaqların yeni danışmağa başladığı və nitqin inkişaf etdiyi 2-5 yaşları arasında kəkələməlik meydana gələ bilər. Bu yaşlarda uşaqlar ətraf mühiti daha çox öyrənir və söz ehtiyatları artır. Danışdıqları zaman ağıllarından çox şey keçər, ancaq bunları ifadə edərkən danışıq sürətləri kifayət etmir. Bu dövrdəki kəkələməyə fizioloji kəkələmə deyilir. Bu keçicidir və müalicə olunmadan aradan qalxır.
2. Neyrogen kəkələmə: Beyin, sinirlər və ya əzələlər arasındaki siqnalın düzgün ötürülməməsi nəticəsində yaranan kəkəməlik növüdür. Kəkələməliyin bu növü insult, baş-beyin travması və yaxud digər beyin zədələnmələri nəticəsində meydana gəlir. Bu zaman beyin nitqlə əlaqəli bölgələrini koordinasiya etməkdə çətinlik çəkir, bu da aydın, səlis nitqin ərsəyə gəlməsində problemlər yaradır.
3. Psixogen kəkələmə: Beynin düşünmə və mülahizə etmə ilə bağlı bölgələrindəki problemlərdən qaynaqlanır. Bir zamanlar bütün kəkələmələrin sadəcə emosional travmalardan qaynaqlandığına və psixogen olduğuna inanılırdı. Ancaq artıq psixogen kəkələmənin nadir hallarda görüldüyü aşkar edilmışdir. Psixogen kəkələməyə səbəb olan stress, qayğı və qorxu öz-özlüyündən ya da psixoterapevtik yollarla aradan qalxdığı zaman danışıq yenidən öz axıcılığını qazana bilər.
Xarakterindən asılı olaraq kəkələmə 3 növə bölünür:
1. Klonik (təkrarlı) kəkələmə: Klonus – ritmin təkrarlanması deməkdir. Kəkələmənin erkən və ən yüngül formasıdır. Bu növ kəkələmədə sözün əvvəlində səs və ya hecalar təkrarlanır. Məs: Mə-mə-mən si-si-sinifə ge-ge-gedirəm. Ən çox uşaq yaşlarına təsadüf edir və kəkələnmənin başlanğıcı kimi müşahidə olunur. Əgər bu mərhələdə mütəxəssis müdaxiləsi olmazsa, o zaman 2-ci mərhələyə – tonik növə keçid edir.
2. Tonik (avazlı) kəkələmə: Tonus-əzələ bərkləşməsi deməkdir. Kəkələmənin bu növündə uşağın nitqində qəflətən uzun sürən dayanma (sözün əvvəlində və ya ortasında) yaranır. Məs: k…tab, k…arandaş, ss..inif. Sözü uzadaraq, bloka düşərək ifadə edir. Kəkələmənin bu növündə uşağın nitqi bloklandığı üçün sözünü ifadə etməkdə çox çətinlik çəkir, bədəndə və üzdə qıcolmalar baş verir, tiklər yaranır.
3. Qarışıq kəkələmə: Kəkələmənin ən ağır növüdür. Bu növdə tonik və klonik kəkələmə hər ikisi müşahidə olunur. Təkrarlanmanın və yaxud bloklanmanın çoxluq təşkil etməsindən asılı olaraq “klonik-tonik” və ya “tonik-klonik” olaraq 2 hissəyə bölünür. Qarışıq kəkələmədə tiklərdə daha çox artış görülür.
Kəkələmənin əlamətləri:
Kəkələyən uşaqların diafraqmaları döş boşluğuna daha yaxın olur və bununla bağlı ağciyərlər daha az hava saxlaya bildiyi üçün kəkələmə zamanı uşaqlar nəfəslərini tənzimləməkdə çətinlik çəkirlər. Buna görə loqopedik seanslar zamanı nəfəs texnikaları ilə düzgün nəfəs alıb vermə öyrədilir və diafraqma əzələsi inkişaf etdirilir.
Uşaq həyəcanlı, stressli, aqressiv və yaxud təzyiq altında olduqda kəkələmə şiddəti arta bilər. Təqdimat etmək, telefon danışıqları, tanımadığı biriylə ünsiyyət qurmaq, insanlar içində kimisə adı ilə çağırmaq kimi vəziyyətlər bu uşaqlar üçün bir kabus ola bilər. Ancaq kəkələmə problemi olan uşaqların əksəriyyətinin öz-özünə danışmasında, mahnı oxumasında, şeiri əzbərə danışmasında bir problem olmur.
Kəkələmənin psixoloji tərəfləri:
Kəkələyən uşaqlarda aşağıda sadalanan psixoloji problemlər görülə bilər:
Kəkələyən uşaq öz fərqliliyini qüsur olaraq görür və hər dəfə danışdığı zaman kəkələdiyi üçün özünə inamı yox olur. Özünü məğlub kimi hiss edir, özgüvən əksikliyi problemi yaşayır və insanlarla ünsiyyətdən qaçır.
Kəkələyən uşağın gərgin vəziyyətə düşdükdə kəkələməsindəki artışın səbəbi, öz gücünə inanmadığı üçün çətin vəziyyətin öhdəsindən gəlməyəcəyi düşüncəsi və çıxış yolu tapmağa cəhd etməməsidir. Beləliklə o, həyəcanlanır, özünə nəzarəti itirir və kəkələyir. Bu hal bir neçə dəfə təkrarlandığı üçün stressə qarşı davamsızlıq yaranır.
İlk iş olaraq uşaqda özgüvən səviyyəsi artırılmalıdır ki, özünə nəzarət bacarığı formalaşsın və çətin vəziyyətdə həyəcanlanmayaraq çıxış yolu tapa bilsin.
Kəkələmənin müalicəsi: Yuxarıda qeyd olunduğu kimi fizioloji (inkişaf zamanı yaranan) kəkələmə uşağın nitq bacarıqları artdıqca öz-özünə keçir. Ancaq xroniki kəkələməni müalicə etmək mütləqdir. Kəkələyən uşaqlara kompleks şəkildə (tibbi, nevropatoloji, psixoterapevtik, loqopedik) təsir olduqca vacibdir. Xroniki kəkələməsi olan uşaq psixiatr və ya nevroloq müayinəsindən keçməli və onun nəzarəti altında olmalıdır. Bundan sonra uşağa uyğun müalicə yanaşması seçilməlidir. Kəkələyən uşaqlarla loqoped və psixoloqun birgə işi daha effektiv nəticə verir. Müalicədə istifadə olunan bir neçə fərqli metodlar mövcuddur. Müalicə şəxsin xüsusiyyətlərinə və onda var olan problemə uyğun olaraq aparılır. Fərdi xüsusiyyətlər və ehtiyaclar müxtəlif olduğu üçün bir şəxsə faydalı olan metod digər şəxs üçün faydalı olmaya bilər. Müalicə zamanı istifadə olunan metodlardan bəzilərinə aşağıdakılar daxildir:
Loqopedik seanslar-danışıq terapiyası: Bu seanslarda nəfəs məşqləri ilə nəfəsin inkişafı, heca ilə, pıçıltı ilə, partlayışla danışmaq və s. kimi danışıq texnikaları və məşqlərlə nitqin sürəti, bloklanmalar və uzatmaların azaldılması təmin olunur, uşaq nitqini idarə etməyi öyrənir. Loqopedik seansların effektiv olması üçün valideynlər evdə uşaqla birlikdə çalışmalıdır.
Elektron cihazlar. Nitqin səlisliyini, axıcılığını artırmaq üçün istifadə edilə biləcək müxtəlif funksiyaları olan elektron cihazlar mövcuddur. Bunlardan kiçik olanları gündəlik fəaliyyət zamanı istifadə oluna bilər.
Koqnitiv-davranış terapiyası. Bu terapiya vasitəsilə kəkələməni artıran yanlış düşüncələri tanımaq və onların dəyişdirilməsi yolları öyrənilir. Kəkələməliklə bağlı yaranan stress, qayğı, özgüvən problemləri aradan qaldırılır.
Müalicə kəkələməni tamamilə yox etməyə bilər. Ancaq uşağa kömək edəcək davranışları, nitqi idarə etməyi, stressin öhdəsindən gəlməyi öyrədə bilər və uşağı daha çox özgüvənli edər.
Keçici (öz-özünə bitən) kəkəməlik və xronik kəkələməlik.
Aparılan tədqiqatlar nəticəsində kəkələmənin xronikləşməsinə təsir edən bir neçə risk faktorları aşkarlanmışdır:
Kəkələməlliyin xüsusiyyətləri onun keçici ya da xronik olduğunu göstərən işarələr verə bilər:
Kəkələmənin keçici olduğunu göstərən işarələr:
1. Kəkələmə əlamətlərində zamanla azalma olması.
2. Kəkələdiyi zaman həddindən artıq gərginlik və danışığını düzəltmək cəhdlərinin olmaması.
3. Uşağın öz nitqi haqqında neqativ düşüncələrinin olmaması.
4. Kəkələməliyin başlanğıcından etibarən 6 aydan az bir zaman keçmiş olması.
Kəkələmənin xronikləşdiyini göstərən işarələr:
Kəkələməlik haqqında səhv düşüncələr:
Kəkələmə irsidir. Ailəsində kəkələmə olan uşağın kəkələmə ehtimalı 40-60%-dır. Ancaq hər kəkələyən uşağın kəkələməsinin səbəbi genetikdir demək yanlışdır.
Kəkələmə dərmanlarla keçər. Hələki dünyanın heç bir yerində kəkələməni aradan qaldıra biləcək dərman müalicəsi tapılmayıb. Ancaq bəzən qeyri-peşəkar həkimlər kəkələmə diaqnozu qoyulan uşağa dərman yazaraq valideynlərdə kəkələmənin sadəcə dərmanlarla bitəcəyi düşüncəsi yaradır. Ailələr kəkələməliyi bitirəcək elmi olaraq sübut olunmuş hər hansı bir dərman müalicəsinin olmadığı haqqında bilgi sahibi olmalıdır.
Kəkələmə müalicə olunmur. Bəzən bu sahədə mütəxəssis olmayan şəxslər ailələri uşaqlarının həmişə kəkələk olaraq qalacağına inandıraraq, onlara bu haqda yanlış informasiya verir və valideynlərdə ümidsizlik hissi yaradırlar. Beləliklə, valideynlər vəziyyəti qəbullanaraq uşağın probleminin öhdəsindən gəlməsi üçün heç bir cəhd göstərmir.
Kəkələyən uşaqların akademik bacarıqları zəifdir: Bu uşaqlar danışmaqdan qaçındıqları üçün onlara sual verildikdə cavab verməyə bilərlər. Bu isə onlar haqqında yanlış təəssürat yarada bilər. Onlar zehni inkişaf cəhətdən kəkələməyən uşaqlardan geri qalmırlar. Hətta dünyaca tanınmış bir çox kəkələyən şəxslər var: Aristotel, Çarlz Darvin, Merilin Monro, Brüs Uillis, İsaak Nyuton, Roma imperatoru Kladius, ingilis kralı VI Corc və s.
Bununla bağlı film : The King`s Speech
Kəkələməlik təqlid edilərək öyrənilir. Bəzən ailələr uşaqlarının kəkələyən uşaqla oynamasını, onunla birlikdə vaxt keçirməsini istəməzlər. Uşaqlar bir-birlərini təqlid edərlər və kəkələyən dostunu da təqlid etməsi çox təbiidir. Ancaq bu uzun müddət davam etməz, çünki kəkələməni təqlid etmək çox yorucudur. Ancaq ailə buna həddindən artıq reaksiya verərsə uşaq diqqət çəkmək üçün daha çox təqlid etməyə davam edə bilər. Ancaq yenə də bunun qalıcı olması mümkün deyil.
Kəkələmədən əziyyət çəkən şagirdinizə (övladınıza) necə kömək ola bilərsiniz?
Müəllimin öz nitqində, rəftarında və sinif şəraitində etdiyi dəyişikliklər kəkələyən şagirdinə çətinlik çəkdiyi zamanlarda yardımçı olacaq.
1. Yavaş danışın: Sinifdə (evdə) yavaş və sakit nitq eşitmək kəkələyən uşaqlara özlərini ifadə etməkdə rahatlıq verəcək. Uşağa “yavaş-yavaş danış, tələsmə” demək əvəzinə özünüz yavaş danışmağa çalışın. Yavaş-yavaş danış komandasını eşidən uşaq daha çox stress keçirər, duyğu və düşüncələri alt-üst olar və ümumiyyətlə danışmaqdan qaçına bilər.
Nəyə görə bunu etmək lazımdır?
Yavaş danışaraq uşağa tələsməməkdə bir problem olmadığını göstərmiş olacaqsınız.
Daha yavaş danışmağın sakitləşdirici, rahatlaşdırıcı effekti var. Xüsusən də uşaq qorxmuş, həyəcanlı, əsəbi və yaxud üzgündürsə.
Yavaş danışmaq söhbət zamanı rəqabət hissini azaldır.
Bu strategiya uşağın daha yavaş danışmağına səbəb olmaya bilər. Ancaq uşağın daha çox danışdığını və nitqində axıcılığı daha çox hiss edə bilərsiniz.
Bəs yavaş danışmaq dedikdə nə nəzərdə tutulur?
Gözləmək kəkələyən uşağa necə kömək edir?
2. Baxın və dinləyin: Uşaq danışarkən göz kontaktından qaçınmayın və ona diqqətlə qulaq asdığınızı göstərin. Söhbət zamanı uşaqla üzbəüz durun. Uşağa danışığı çətinləşdikdə ona qulaq asmaq üçün vaxtınızın olduğunu hiss etdirin və üzünüzdə həmişə pozitiv ifadə olsun.
3. Təkrar edin və yaxud parafrazlardan istifadə edin: Uşağın danışdıqlarını anladığınızı bilməsi üçün dediklərini təkrar ya da parafraza edin .
4. Sinifdəki bütün şagirdləri sıra ilə danışmağa həvəsləndirin: Sıra ilə danışmaq sinifdəki yarışı azaldacaq. Uşaqları öz aralarında söhbət edərkən, oyun oynayarkən ya da sinif müzakirələri zamanı növbələrini gözləməyə sövq edin.
5. Tapşırıqları şagirdin nitqinin vəziyyətinə uyğun olaraq verin: Uşaqlar sinifə gələndə onların rahat ya da çətin bir gün keçirdiklərini davranışlarından hiss etmək mümkündür. Kəkələməsi olan uşaqlar yorğun, xəstə və stressli olduqlarında kəkələmə şiddəti artır. Əgər uşaq çətin bir gün keçirirsə ucadan oxumaq, dərs danışmaq kimi tapşırıqları azaldın. Daha az sual verməyə çalışın və qısa cavabları olan suallar verin. Sakit günlərində isə daha çox danışma imkanları yaradın.
6. Sinfinizdə (evinizdə) tələskənliyə yol verməyin.
7. Uşağın kəkələmədən əziyyət çəkdiyini bildiyinizi, onu anladığınızı bildirin: Ona problemi ilə bağlı duyğu və düşüncələrini ifadə etməsinə kömək edin. Bunun üçün aşağıdaki ifadələrdən istifadə edə bilərsiniz:
8. Özgüvəninin artmasına şərait yaradın:
9. “Yavaş- yavaş danış, dərindən nəfəs al və yenidən başla” ifadələrini işlətməyin.
10. Sataşmanın qarşısını alın: Kəkələyən uşaqlar çox zaman fərqliliklərindən dolayı sinif yoldaşları tərəfindən ələ salınır, hətta zorakılığa məruz qalırlar. Sinifdə hər kəsin öz güclü və zəif tərəflərini tanıması və heç kimin mükəmməl olmadığını anlaması üçün bir fəaliyyət təşkil edin. Bu zaman uşaqlar bir -birilərinə öz müxtəlif xüsusiyyətləri haqqında danışsınlar. Bu cür danışıqlar vasitəsi ilə kəkələyən şagirdiniz öz kəkələməsi haqqında danışma fürsəti əldə etmiş olacaq. Sinifdə uşağın icazəsi olmadan kəkələmə haqqında danışmayın.
Nümunə:
Atası II Qarabağ müharibəsinə yollandıqdan sonra S.B-nin var olan kəkələməsində artış görülmüş və bu artışla birlikdə onun akademik, emosional və sosial bacarıqlarında mənfi dəyişikliklər müşahidə olunmuşdur. Bu dəyişiklikləri görən valideynləri mütəxəsis yardımı almaq qərarına gəlmişlər. S.B qarışıq kəkələmə diaqnozu ilə həm psixoloji həm də loqopedik seanslara başlamışdır. Psixoloq onda yaranan stress və qayğıların səviyyəsini azaltmağa və həyəcanlandığı, qorxduğu zaman bunun öhdəsindən gəlmənin yollarını öyrənməyə və özgüvəninin artmasına kömək etmişdir. Loqoped isə müxtəlif nəfəs və danışıq məşqləri ilə ona nitqini idarə etməsinin yollarını öyrətmişdir. Valideynlərin dəstəyi və mütəxəssislərlə birgə iş nəticəsində S.B 2 ay ərzində daha çox özgüvənə və səlis nitqə sahib olmuşdur.
Nitq pozuntusunun bir növü olan kəkələmə nitqin axıcılığını pozan və ünsiyyətə mane olan bir problemdir. Kəkələyən uşaqlara kömək etmək üçün hər bir valideyn və müəllim uşağın yaşadığı çətinliyin fərqində olmalı və bunu anlayışla qarşılamalıdır. Kəkələmə öhdəsindən gəlinməsi qeyri-mümkün olan bir çətinlik deyil. Valideyn, mütəxəssis və müəllimin düzgün yanaşması ilə kəkələmə tamamilə ortadan qaldırıla ya da idarə oluna bilər.
Cəmilə Həsənova
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin əməkdaşı
İstifadə olunan mənbələr: