“Böhran vəziyyətində məktəbdə ilkin psixoloji yardım bacarıqları” mövzusunda ixtisasartırma təlimlərinə başlanılıb

Tarix: 11.02.2022
Paylaş:

Norveç Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə ARTİ tərəfindən BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə icra edilən “Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəbəsaslı psixososial dəstəyin göstərilməsi-II mərhələ” adlı layihə çərçivəsində məktəb psixoloqlarının “Böhran vəziyyətində məktəbdə ilkin psixoloji yardım bacarıqları” mövzusunda ixtisasartırma təlimlərinə başlanılıb.  

Təlimlərin keçirilməsində məqsəd böhran vəziyyətlərinin profilaktikası və diaqnostikası, eləcə də ilkin psixoloji yardım texnikaları üzrə məktəb psixoloqlarının bacarıqlarını artırmaqdır. Bu bacarıqlar sayəsində münaqişədən təsirlənmiş uşaq və yeniyetmələrə psixoloji ehtiyaclara uyğun dəstək göstəriləcək.

İlkin mərhələdə təlimlərdə Gəncə şəhəri və Bərdə, Füzuli, Goranboy rayonları üzrə ümumtəhsil müəssisələrində fəaliyyət göstərən 109 psixoloq iştirak edib. 18 akademik saatlıq əyani təlimlər zamanı müdavimlərə böhran hallarının uşaq psixologiyasına təsiri, bu təsirin uşaqların davranışında təzahür formaları, valideynlərlə işin təşkili və s. haqqında məlumat verilib. Eyni zamanda, bu sahədə bilik və bacarıqların formalaşdırılması üçün nəzərdə tutulan test və proyektiv metodikalar, hekayələr, rollu oyunlar, bədən və nəfəs texnikaları ilə tapşırıqlar icra edilib.

Qeyd edək ki, cari ilin aprel ayının sonunadək Ağdam, Ağcabədi, Tərtər və Tovuz rayonlarından daha 100 psixoloqun təlimlərə cəlb olunması nəzərdə tutulub.