Tələbələrin Qış düşərgəsinin bağlanış mərasimi baş tutub

Tarix: 14.02.2022
Paylaş:

Tələbələrin Qış Düşərgəsinin 8-ci günü maraqlı qonaqların çıxışı ilə yadda qalıb. Düşərgənin sonuncu gününün ilk qonağı Azərbaycan Fransız Universitetinin və Xəzər Universitetinin müəllimi Cavanşir Əzizov diferensial hesablamanın əsas teoremləri, törəmənin həndəsi mənası, diferensialın tətbiqlərini əhatə edən “Törəmə” mövzusunu tələbələrlə müzakirə edib.

Düşərgənin digər qonağı Azad Namazovun riyaziyyatın sənayedəki rolundan bəhs edən “Riyaziyyat və sənaye” mövzusu tələbələr tərəfindən maraqla qarşılanıb. O, riyaziyyatın həyatla və quruculuqla əlaqəsindən, riyaziyyatın sənayedəki rolunun əhəmiyyətindən danışıb.

Eyni zamanda 9 günlük düşərgə boyunca Bakı Dövlət Universitetinin dosenti, r.ü.f.d. Miqdad İmdad oğlu İsmayılov tələbələrə gündəlik olaraq riyaziyyat fənninin müxtəlif mövzularını: Məhdud çoxluğun dəqiq yuxarı və dəqiq aşağı sərhədləri və bəzi limitlərin tapılması, inikasların növləri və onlara aid bəzi məsələlər, diferensiallanan  funksiyalar haqqında əsas teoremlər və onların tətbiqləri mövzularını tədris edib.

9 gün boyunca tələbələrin riyazi biliklərinin artırılmasında müstəsna rol oynamış ADNSU-nun baş müəllimi r.ü.f.d Tağıyev Rəşad diferensial tənliklərdə ümumi anlayışlar, ədədi inteqrallanma, Nyuton kotes düsturları, birdəyişənli, qeyri xətti tənliklərin təqribi üsulla köklərinin tapılması kimi bir sıra mövzuları tədris edib.

13 fevral tarixində isə tələbələrin Qış düşərgəsinin bağlanış mərasimi baş tutub. Düşərgənin bağlanışı ilə əlaqədar keçirilmiş tədbirdə çıxış edən ARTİ-nin İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov bu düşərgənin əhəmiyyətini bir daha vurğulayıb və tələbələri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra düşərgənin iştirakçıları sertifikatlarla təltif ediliblər.

Bağlanış tədbirində daha əvvəl keçirilmiş yekun qiymətləndirmənin nəticələri müzakirə olunub, tələbələrin və müəllimlərin rəy və təklifləri dinlənilib, müxtəlif təlimlər və dərslər ərzində müəllimlər tərəfindən qiymətləndirilən və xüsusi istedadı ilə seçilən tələbələrin nəticələri elan edilib.

Qeyd etmək istəyirik ki, Qış düşərgəsində öyrədici, inkişafetdirici, əyləncəli və tələbələrin asudə vaxtlarının səmərəli şəkildə keçirildiyi mühit formalaşıb. 9 gün ərzində keçən mənalı və yaddaqalan düşərgə tələbələrin yaddaşında silinməz izlər buraxıb. Onlar burada yeni dostlar qazanıb və digər universitetlərdə təhsil alan eyni ixtisaslı tələbələrlə informasiya mübadiləsi aparmağa müvəffəq olublar.

Bütün tələbələrə uğurlar arzu edirik!